Dil ədəbiyyatla, mədəniyyətlə, mənəviyyatla bağlıdır. Bunlarsız isə vətənpərvərlik formulu yoxdur.
Ümummilli Lider Heydər Əliyev
Azərbaycan xalqı qədim və zəngin mədəniyyətə malikdir və dünya sivilizasiyasına xeyli dəyərli töhfələr verib. Bunun ilk nümunələri bəşər tarixinin böyük kəşfi olan yazı vasitəsi ilə Qobustan və Gəmiqaya təsvirləri, həmçinin epiqrafik abidələr şəklində daşların yaddaşına həkk olunaraq bu günədək yaşayır. Zaman-zaman Azərbaycan xalqı müxtəlif əlifbalardan istifadə edib. Böyük Azərbaycan ədibləri, alimləri, mütəfəkkirləri, İslam mədəniyyətinin təşəkkül tapıb inkişaf etməsində mühüm rol oynayaraq bəşər sivilizasiyasını zənginləşdiriblər. Amma əsrlərlə müxtəlif xalqların mədəni əlaqəsinə xidmət edən ərəb qrafikasının dilimizin səs sistemini bütün dolğunluğu ilə əks etdirə bilməməsi, onun quruluşu və xarakteri haqqında tam aydın təsəvvür yaratmaması XIX əsrin ikinci yarısından etibarən Mirzə Fətəli Axundov başda olmaqla, dövrün mütərəqqi maarifçi ziyalılarını əlifba islahatı problemi üzərində düşünməyə vadar edib. Bu, Azərbaycan xalqının həmin dövrdə yaşadığı tarixi şəraitdən doğan zərurət idi. XX əsrin əvvəllərində cərəyan edən ictimai-siyasi və mədəni proseslərin gedişatı, mövcud əlifbanı daha münasibi ilə əvəz etmək ideyasını ortaya atmışdı.
Azərbaycan hökumətinin qərarı əsasında 1922-ci ildə yeni Əlifba Komitəsinin yaradılması, həmin komitəyə Azərbaycan dili üçün latın qrafikalı əlifba tərtibinin tapşırılması yeni qrafikaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu. Tarixə nəzər salsaq görərik ki, 1923-cü ildən etibarən latın əsaslı əlifbaya keçmə prosesi sürətləndirildi və 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyələrinə cavab olaraq 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. 1940-cı il yanvarın 1-dən həmin əlifba kiril yazısı əsasında tərtib edilmiş yeni qrafikalı əlifba ilə əvəz olundu.
Azərbaycanda müstəqillik qazanılmasından sonra yaranmış tarixi şərait xalqımızın dünya xalqlarının ümumi yazı sisteminə qoşulması üçün yeni perspektivlər açdı və latın qrafikalı Azərbaycan əlifbasının bərpasını zəruri etdi. Azərbaycan Respublikasında həmin vaxtdan müstəqil tədricən latın qrafikalı milli əlifbamıza keçid mərhələsi başlandı. Bu tarixi proses Ümummili Liderimiz Heydər Əliyevin adı ilə bağlıdır və onun 18 iyun 2001-ci il tarixli Fərmanına əsasən gerçəkləşdi. Ulu Öndər Heydər Əliyev latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycanın siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq 2001-ci il avqustun 9-da imzaladığı Fərmana əsasən 1 avqust – Azərbaycan əlifbası və Azərbaycan dili günü elan edildi. Həmin vaxtdan hər il avqust ayının 1-i Azərbaycan Respublikasında Azərbaycan əlifbası və Azərbaycan dili günü kimi qeyd edilir. Azərbaycan dili Azərbaycan Respublikasının dövlət dili və Azərbaycanda yaşayan müxtəlif xalqların əsas ünsiyyət vasitəsidir.
Ulu Öndər Heydər Əliyev ideyalarının layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin doğma dilimizə həssaslıqla yanaşmasının nəticəsidir ki, Azərbaycan ədəbiyyatının, azərbaycanlı düşüncəsini əks etdirən sanballı əsərlərin latın qrafikasında yenidən nəşr edilməsi məhz İlham Əliyevin təşəbbüsü ilə baş tutdu. 2004-cü il yanvarın 12-də dövlət başçısı İlham Əliyevin imzaladığı "Azərbaycan dilində latın qrafikası ilə kütləvi nəşrlərin həyata keçirilməsi haqqında" Sərəncam həm də əlifba ilə bağlı problemləri həll etdi. 2012-ci il mayın 23-də Prezidentin imzaladığı "Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair Dövlət Proqramı haqqında" Sərəncam da onun ana dilimizə verdiyi böyük önəmdən xəbər verir.
Ana dilimizin hərtərəfli inkişafı, dövlət dilinə çevrilməsi, diplomatiya aləminə yol açması, dünyanın ən mötəbər tədbirlərində eşidilməsi qürurvericidir. Ona görə ki, dil təkcə ünsiyyət vasitəsi deyil, həm də xalqın tarixi, ədəbiyyatı, mədəniyyətidir. Hansı ölkədə yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlı öz ana dilini, dinini, milli adət və ənənələrini unutmamalı, onları təbliğ etməlidir.
Fərid MUSTAFAYEV
YAP Yasamal rayon ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu üzrə ərazi partiya təşkilatının sədr müavini