Logo

Türkiyə universitetlərində təcrübələrini başa vuran müəllim və tələbələrlə görüş keçirilib

02.08.2023 13:30 203 baxış
IMG

Naxçıvan Dövlət Universitetinin rektoru Elbrus İsayev Türkiyə universitetlərində təcrübələrini başa vuran tibb fakültəsinin müəllim və tələbələri ilə görüşüb.

Tehsil.biz xəbər verir ki, görüşdə təməl tibb fənləri kafedrasının müdiri İlhamə Mustafayevanın, əczaçılıq və stamatologiya kafedrasının baş müəllimi Rauf Cəfərovun, Naxçıvan Dövlət Universiteti Xəstəxanasının baş həkimi dosent Elmar Rzayevin, əczaçılıq və biokimya kafedrasının müəllimi Zülfiyyə Seyidzadənin hesabat xarakterli çıxışları dinlənilib.

Qeyd olunub ki, Türkiyənin nüfuzlu universitetləri ilə bağlanan əməkdaşlıq müqavilələrinə uyğun olaraq təşkil olunan təcrübələrdə tibb fakültəsinin 12 nəfər həkim və müəllimi olmaqla, ümumilikdə 107 nəfər iştirak edib. Təcrübədə tələbələr müəyyən olunan xüsusi proqram əsasında bölmələr üzrə müayinə və müalicələrdə, cərrahi əməliyyatlarda iştirak ediblər. Həmçinin, müəllim və tələbələr üçün universitetlərin professorları tərəfindən mühazirələr də təşkil olunub.

Bildirilib ki, İstanbul Yeditəpə Universitetində “Anatomiya”, “Fiziologiya”, “Simulyasiya”, “Əl bacarıqları” və digər tədris labarotoriyaları ilə tanış olan təcrübə qurupuna yeni alınan tədris vəsaitləri, anatomik mulyajlar haqqında məlumat verilib. Burada bir neçə tələbə çətin əməliyyatlarda da assistent kimi yaxından iştirak edib. Ankara Universiteti və Qazi Universitetində təcrübədə olan tibb, stomatologiya, əczaçılıq sahələri üzrə təhsil alan tələbələr müxtəlif əməliyyatlarda, analizlərin aparılmasında xəstə üzərində implant yerləşdirmə əməliyyatı, xəstənin metal keramikasının sementlə fiksasiyası, Qazi Universitetinin diş həkimliyi fakültəsində müayinə və əməliyyatlarda, tibb fakültəsində laporoskopik kolisistektomi əməliyyatı, təcili yardım bölməsində müxtəlif əməliyyatlarda, analizlərin aparılmasında və digər proseslərdə yaxından iştirak ediblər.

Vurğulanıb ki, Qaradəniz Texniki Universitetində Farabi xəstəxanasının Ginekoloji, Uşaq xəstəlikləri, Daxili xəstəliklər, Cərrahiyyə və Təcili yardım bölmələrində tələbələr izləyici, aktiv iştirakçı və assistent kimi təcrübə prosesində iştirak edib, öz bilik va bacarıqlarını daha da artırıblar. Tələbələr burada Təməl Tibb Fənləri bölümü, Anatomiya və Fiziologiya kabinələri, laboratoriyalar, tələbələrin tədris prosesi və tədqiqat işləri, “Texnoloji Transferi Tətbiq və Araşdırma” mərkəzi ilə də tanış olublar.       

Çıxışlardan sonra tələbələrlə keçdikləri təcrübələrlə bağlı müzakirə aparılıb, onların təklifləri dinlənilib.

Xəbər lenti