Akademik Ziya Bünyadovun xatirəsinə həsr edilən “Qədim və müasir Şərq: mənbələr, araşdırmalar və gələcək inkişaf perspektivləri” (Ziya Bünyadov qiraətləri) mövzusunda beynəlxalq elmi konfransa tezis qəbulu aparılır.
Bu barədə "Tehsil.biz"ə akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutundan məlumat verilib.
Bildirilib ki, konfransda iştirak üçün tezislər oktyabrın 20-dək qəbul edilir. Qəbul olunan tezislər noyabrın 10-da elan ediləcək. Konfrans haqqında ətraflı məlumat və tezislərin qəbuluna dair tələblərlə institutun feysbuk səhifəsində tanış olmaq mümkündür. Tezislər Azərbaycan, ingilis və ya rus dilində yazılmalıdır. Məruzə tezisində tədqiq olunan mövzu və gəlinən nəticələr aydın şəkildə göstərilməlidir.
Beynəlxalq konfransda akademik Ziya Bünyadovun mənbəşünaslıq elminə verdiyi töhfələr və orta əsrlər Şərqinin tarixi məsələlərinin öyrənilməsi, qədim və orta əsrlər Şərq tarixşünaslığı və mənbəşünaslığı, müasir Şərq ölkələrinin ictimai və siyasi prosesləri, Şərq xalqlarının dini, fəlsəfi və ictimai fikir məsələləri, Şərq xalqlarının ədəbiyyatı və dilinin tədqiqi problemləri tematik bölmələri üzrə müzakirələr aparılması nəzərdə tutulur.
Qeyd: Konfransa iştirak etməyən müəlliflərin tezisləri çap olunmayacaq. Ünvan: Bakı şəhəri, H.Cavid prospekti 117, AMEA-nın Əsas binası, VII mərtəbə, akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutu, 715-ci otaq.
Xatırladaq ki, dekabrın 20-21-də Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə akademik Ziya Bünyadovun xatirəsinə həsr edilən beynəlxalq elmi konfrans keçiriləcək.