Kulis.az Knut Hamsunun "Orta böyüklükdə adi bir milçək" adlı hekayəsini təqdim edir.
Bir gün açıq pəncərə qarşısında oturub, yazı yazdığım vaxt otağa girib, ətrafımda dövrə vurmasıyla başladı bizim tanışlığımız. Görünür, rahat daransın deyə, saçıma sürtdüyüm etil spirtli odekolonun xoş ətriydi onu belə hayıl-mayıl edən. Bir-iki dəfə əl-qolumu havada yelləsəm də, o, buna zərrəcə məhəl qoymadı. "Deməli, belə oldu?" - deyərək, addımbaşı dadıma yetişən kağız qayçısını əlimə alası oldum. Bu qayçı ilə mən qəlyanımı təmizləməkdən tutmuş, ta soba maşası və ya mismar vurmaq üçün çəkic kimi də yararlanırdım. Yəni bu bacarıqlı əllərimdə o, hər cür qorxunc silaha çevrilə bilirdi. Sevimli qayçımı havada bir neçə dəfə ora-bura yellədikdən sonra milçək, ən nəhayət, məni rahat buraxdı. Amma az sonra təkrar geri döndü və ətrafımda vızıltıyla firlanmağından qalmadı.
Yerimdən qalxıb, masamı qapıya tərəf çəkdim. O da ardımca gəldi. Düşündüm ki, onda mən də səndən canımı bax belə qurtaracağam: hamama girib, saçlarımdakı odekolonu tamam-kamal yudum və bunun xeyirini də az sonra gördüm. Məndən əl çəkən milçək uçub, gecə lampasının abajuruna qondu və hərəkətsiz qaldı. Sonrakı bir neçə saatı o, eləcə, yəni heç qımıldanmadan durdu. Mən də könülxoşluğuyla işimi gördüm, yazımı bitirdim. Hər dəfə başımı qaldıranda gözümə sataşan bu xırda məxluqu hətta araşdırmaq həvəsinə də düşdüm. Orta ölçüdə idi, bozumtul qanadları vardı, bildiyimiz, yəni tamamilə adi bir milçək idi o. "Bir az uç, görüm" dedim ona. Heç yerindən dəbərmədi. "Rədd olsana" deyib, əlimi yellədim. O da hürküb, havaya qalxdı, amma otaqda bir dövrə vurandan sonra təkrar gəlib, abajura qondu.
Onunla dostluğumuz da həmin gündən başlandı. Onun inadkarlığına qarşı bir rəğbət hissi oyanmışdı içimdə. Başını yana doğru əyib, kədərlə məni süzməsi də ürəyimin lap yağını əridirdi. Ancaq o ara rəğbət duyğularımızın qarşılıqlı olduğunun da fərqindəydim, çünki ona duyduğum rəğbəti hiss edirdi artıq, etdiyim hər hərəkətə bəlli bir reaksiya ilə, bəzən isə dəcəlliklə cavab verirdi. Günorta bayıra çıxmaq istəyəndə o, başımın üstüylə uçurdu və deyəsən, bununla gedişimə nə cürsə mane olmağa can atırdı.
Səhəri gün həmişəki kimi tezdən oyanıb, səhər yeməyi yedim. Süfrədən qalxıb, yazı masama tərəf yönəlməyə hazırlaşırdım ki, onunla qapının düz kandarında rastlaşdıq... Onu görəndə hələ səksəndim də bir az. O isə vızıltıyla otaqda iki-üç dövrə vurandan sonra gəlib kresloma qondu. Amma bunu tamamilə iznsiz-filan eləmişdi, çünki orada mən özüm əyləşməyə niyyətliydim. "Haydı, get işinə" - deyə təpindim ona. Milçək bir neçə arşın yuxarı qalxmaqla uçdu və təkrar gəlib, kresloma qondu. "Uç, get" dedim və keçib, həmişəki yerimdə əyləşdim. Dostum isə havalandı, bir az dönüb-dolandıqdan sonra gəlib, bu dəfə də kağızlarımın üstünə qondu. "Getsənə", - dedim ona. Heç hay vermədi. Üstünə üflədim, azacıq qımıldansa da, yenə yerindən dəbərmədi ki dəbərmədi. Dedim: "Bax, əgər bir-birimizə qədir-qiymət qoymasaq, bu dostluğumuz uzun sürməz ha!". Bu sözümə qulaqlarını şəklədi, nələrsə düşünüb-daşınsa da, yenə elə həmin yerindəcə qaldı. Sonra yenə qayçını əlimə alıb, havada yelləyincə, əl-haya düşən milçək açıq pəncərədən uçub qaçdı.
Aradan bir neçə saat ötdü. Heyvancığazı niyə o cür, yəni zorla qovduğuma görə öz-özümə heyifsilənib, durmaqda idim. Haraya getmişdi görən? Görəsən, başına bir bəla-filan gəlməmişdi ki? Nəhayət, yerimdə əyləşib işə köklənsəm də, içimi, nədənsə, nəhs hisslər bürüməkdəydi.
Mən özümü bu cür suçlayarkən qəfildən o, təkrar qarşımda zühur elədi. Arxa ayaqlarından biri nəyəsə bulaşmışdı. "Mənə bax, deyəsən, sən ya palçığa giribmişsən, ya da çirkab sulara. Heç utanırsanmı əməlindən, ay zavallı məxluq?" - deyə onu danlamağa girişdim.
Buna rəğmən, onun geri dönməsindən xeyli məmnun idim, odur ki, qalxıb pəncərəni örtdüm. "O cür yerlərə necə gedirsən, axı?!" - soruşduğum vaxt milçək, ona mədhiyyə oxuyurmuşam kimi, məni ağayana bir əda ilə süzdü. İndiyədək öz işləklərindən həzz duyan başqa bir milçəyə mən həyatda rast gəlməmişdim, düzü, buna görə də kefim yamanca durulmuşdu. Odur ki, uğunaraq gülür və deyirdim: "Görəsən, kimsə belə nadinc milçək görüb indiyəcən? Ay səni, balaca yaramaz, ipə-sapa yatmaz şuluq, haydı, gəl, səni bir az sığallayım barı!..".
Axşamüstü o, öz köhnə hiyləsini təkrarladı və otağımın qapısını açmama əsla imkan vermədi. Mən də onun üstünə şeşələnməklə, öz ötkəmliyimi sərgilədim. Mənə könül bağlaması hər nə qədər ürəkaçan və xoş olsa da, hər axşam məni öz evimdə dustağa çevirməsi də yolverilməz bir xüsus idi, əlbəttə. Güclə böyründən keçməklə, bayıra çıxdığım anlarda onun otağın içində fısıldayıb-vızıldayaraq ora-bura uçduğunun fərqində idim. Bayıra çıxınca, bic-bic güldüm və pəsdən dedim: "Hə, dostum, bax, evdə tək-tənha qaxılıb-oturmaq növbəsi indi də sənə çatdı. Xudahafiz! İndi buyur otur, görüm necə oturursan!".
Sonrakı günlər ərzində bu sırtıq milçək mənim səbrimi daraltmaq üçün hər yolu sınadı. Məni gələn qonaqlarıma qısqandı, həm də bunu aşkar şəkildə büruzə verməklə, onları da bezdirdi və bu sayədə onları məndən uzaqlaşdırdı. Bu cür davranışlarıyla bağlı iradlarımı bildirəndə, ona yanaşmaq və ya nəyisə başa salmaq istəyəndə isə döşəmədən tavana doğru necə birbaşa manevrlə uçmağa başladısa, tamaşasına durarkən başım əməlli-başlı gicəlləndi. Tavana qonub, oradan mənə göz qoyurdu. "Düş aşağı, yıxılarsan!" - deyə çığırsam da, bu narahatlığıma heç bir məhəl qoymurdu. "Onda cəhənnəmə otur, gora otur orada, özün bilərsən!" - deyib, mən də arxamı ona çevirməklə öz işimə-gücümə köklənirdim. Belədə bir də görürdüm ki, uçaraq özü aşağı endi. Mən də ona gizlicə göz qoyurdum. Elə ki, ona fikir vermirdim, aşağıdan uçmaqla, düz burnumun ucundan o yan, bu yana keçir, ya da yazmaqda olduğum kağızlardan birinin üstünə qonurdu. Məni hər vəchlə cırnatsa da, onunla xoş keçinməyə çalışır, mehribancasına deyirdim: "Gəl, buralarda əl-ayağıma dolaşma, üst-başını da mürəkkəbə bulaşdırma. Sənə demədim o kağızın üstündə gəzişmə?!".
Ancaq kimə deyirsən?! İradlarımı bir qulağından alıb, o birisindən buraxırdı. "Səthi nahamar olan o kağız sırf qaralamalar üçündür, üstündə çox gəzsən, pəncələrin qabar bağlayar!" - deyirdim. Amma, görünür, o bundan heç qorxub-çəkinmirdi. Belədə əsəbiləşib, çığırırdım: "Bu nə tərslikdir ey belə?! Yoxsa özün görmürsən bu kağızın səthi necə həndir-hamardır?!". Bunca həssasiyyətim heç vecinə də deyildi. Lap axırda bezirdim: "Yaxşı, necə bilirsən, elə də davran. Mən başqa bir kağız götürərəm". Elə ki, mən ayrı kağızı əlimə alırdım, o da az əvvəl qonduğu kağızdan qalxmaqla, məndən aralanırdı.
Bu minvalla günlər, həftələr bir-birini əvəz elədi. Yamanca isinişmişdik onunla. Ayrı-ayrı kağızlar üzərində dinc və yanaşı işləyirdik, bu milçəklə mən hər sevincimi, kədərimi bölüşürdüm. Düzdür, ağlasığmaz xislətləri də az deyildi onun, amma mən hamısına dözür, qatlaşırdım. Küləkdən və yelçəkəndən zəndi-zəhləsinin getdiyini dəqiq bilirdim, buna görə də sırf onun xətrinə qapı-pəncərələrimi daima bağlı tuturdum. Amma bəzən o, tavandan uçub, özünü pəncərə şüşəsinə elə çırpırdı ki, deyirdin, indicə şüşə çilik-çilik olub yerə töküləcək. Mən də: "Əgər bayırda vacib bir işin varsa, zəhmət olmasa, bax, buradan çıx" - deyə qapını açıq qoyurdum. Ancaq yox, o, qapıdan çıxmağa razılaşmırdı və mən də hikkəmdən qapını örtürdüm.
Bir gün dostum milçək yoxa çıxdı. Səhər-səhər xidmətçi qızın otağıma girməsini pusurmuş kimi, özünü əlüstü bayıra atdı. Deyəsən, bu yolla məndən qisas almağı planlayırdı. Mən də oturub-durub, nə edəcəyimi düşünürdüm. Sonra həyətə çıxıb, var səsimlə bağırdım: "Yanıma dönməyə bilərsən, sənsiz əsla darıxan deyiləm, bunu da biləsən!".
Ancaq bu da bir işə yaramadı, onsuz yamanca darıxırdım və çarəsiz idim. Onu ələ keçirməkdən ötrü xain pusqular da qura bilməzdim axı mən!
Evimdəki bütün qapı-pəncərələri taybatay açdım, onu evə, özümə cəlb etmək xətrinə əlyazmalarımı pəncərələrin önünə düzdüm, hətta yağışın, küləyin onları yararsız hala salma ehtimalını da gözə aldım. Bununla deməyə çalışırdım ki, kağızlarımın üzərində gəzişmənə cani-dildən razıyam. Hətta ev sahibəsindən də milçəyi görüb-görmədiyini xəbər aldım. Saçlarıma yenə də etil spirtli odekolon sürtdüm. Ümid edirdim ki, bəlkə, bunlar sayəsində mənim milçəyim, o kraliça milçəyim gəlib, yenə də başıma qonar. Ancaq nə faydası?! Hər tədbirim hədər oldu.
Səhəri gün o, qəflətən geri döndü. Amma tək deyildi, küçədən tapdığı bir sevgilisini də yanına salıb, ziyarətimə gəlmişdi. Ona qovuşmaqdan necə məsud-bəxtiyar idimsə, artıq sevgilisiylə heyran-heyran baxışmalarına da öz etirazımı bildirmədim. Amma hər şeydə bəlli bir ölçü, hədd, əndazə olmalıdır, ya yox?! Bunlar otaqda məni heçə sayaraq əvvəlcə baxışdılar, pəncələrini bir-birinə sürtdülər, sonra sevgilisi mənim milçəyimin üstünə necə şığıdısa, mən boyda adamı xəcalət təri basdı. Utandırmaq üçün onlara möhkəmcə təpindim: "Camaatın gözü qarşısında bu nə hoqqadır belə durğuzursunuz? Bu cür hoqqalardan çıxan vaxtınızdır sizin?!". Bu sözlərdən alınan milçək dostum üzümə qayıdaraq, açıq-aşkar tərzdə bildirdi ki, guya mən onu sevgilisinə qısqanırmışam.
Səbrim lap dolub-daşdı: "Mənmi qısqanıram? Səni buna qısqanıram, eləmi? Əcəb söz tapdın da danışmağa?!".
O, başını dik tutaraq, bayaq dediklərini bir də təkrarladı. Hirslə yerimdən qalxaraq dedim: "Bax, indi səninlə söz güləşdirməyə heç həvəsim yoxdur və bu mənim cəngavər xislətimə tamamən yaddır. Qoy o zavallı sevgilin indi düz üstümə gəlsin, mən onunla cəngə tam hazıram".
Bunu deyib, qayçımı götürdüm və hücuma hazır vəziyyət aldım. Bunu eşitcək o, sevgilisiylə birlikdə, masanın o biri ucundan məni süzməklə, çılğın şəkildə uğunub getdi. Deyəsən, bununla demək istəyirdilər ki, yəni sən bu qayçınamı güvənirsən?! Bəs onda bundan daha böyük qayçınla, o kağızkəsən qayçınla niyə silahlanmırsan?!
Əsəbi halda onların üstünə çımxırdım: "İndi görəcəksiniz ki, əlimdəki qayçıya siz deyən qədər də arxayın deyilmişəm. Sənin bu avaragor sevgilinin öhdəsindən mən elə adicə xətkeşlə də gələrəm!" - deyib, qayçını bir kənara tulladım. Xətkeşi hər dəfə havada fırladanda onlar uğunur və bununla mənə öz nifrətlərini bildirirdilər. Qəzəblə: "Yenə başlayırsınız ha deyəsən!" - desəm də, buna əsla fikir vermirdilər, hər anın onlardan ötrü sonuncu an olacağına inanmırdılar əlbət. Bir-birinə yanaşıb, ora-buralarını oynadırdılar, deyəsən, təkrar qucaqlaşmağa hazırlaşırdılar. "Lap ağını çıxartdınız ha!" - dedim. Amma onlar öz bildiklərini eləyincə, səbrim lap daşdı və mən xətkeşi o ara zərblə bunların təpələrinə endirdim. Xırçıltıya bənzər bir səs dəydi qulağıma, nə isə maye kimi bir şey axdı sanki. Xətkeşin ildırım sürətli zərbəsi o cütlüyün həzin sonunu gətirmişdi.
Milçəklə tanışlığımızdakı son nöqtə də, bax, beləcə qoyuldu.
Hə-ə, o, bozumtul qanadları olan, orta böyüklükdə, adidən də adi bir milçək idi. Ancaq diri olduğu müddətdə şəxsən mənə xeyli xoş dəqiqələr bəxş eləmişdi.
Tərcümə: Azad Yaşar