İyulun 26-dan avqustun 6-dək Bakı şəhərində 2742 abituriyent üçün 13 fərqli idman obyektində məşqçilik ixtisasının 20 idman növü – boks, karate, atletika, ağırlıqqaldırma, gimnastika, şahmat, üzgüçülük, qılıncoynatma, sambo, atıcılıq, basketbol, velosiped, taekvondo, həndbol, futbol, cüdo, stolüstü tennis, yunan-roma və sərbəst güləş, alpinizm və voleybol üzrə xüsusi qabiliyyət imtahanları təşkil olunub.
Dövlət İmtahan Mərkəzindən "Tehsil.biz"ə bildirilib ki, Bakı şəhərində bədən tərbiyəsi və idman istiqamətinin 61-ci komissiyasına aid məşqçilik ixtisasının idman növləri üzrə xüsusi qabiliyyət imtahanları yekunlaşıb.
İmtahanlara Dövlət İmtahan Mərkəzi, Gənclər və İdman Nazirliyindən nümayəndələr, müvafiq idman federasiyalardan peşəkar ekspertlər və “İdman könüllüləri və azarkeşləri” İctimai Birliyindən könüllülər cəlb olunub. Bütün imtahan binalarında abituriyentlərin təhlükəsizliyi üçün müvafiq tədbirlər görülüb, idman növləri üzrə normativlərin icrası üçün zəruri avadanlıqlarla və tərəf müqabili ilə təmin olunublar.
Qeyd edək ki, Naxçıvanda məşqçilik ixtisasının güləş, atletika, voleybol, futbol və şahmat idman növləri üzrə xüsusi qabiliyyət imtahanları isə bu gün Şərur rayonunun Şərur Olimpiya İdman Kompleksində keçirilir.