Logo

99-dan biri: Azərbaycanın ilk peşəkar heykəltaraşı

07.08.2023 20:19 429 baxış
IMG

Əvvəlcədən onu qeyd edim ki, 1919-cu ildə Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin Avropaya ali təhsil almaq üçün göndərdiyi tələbələr haqqında bir-birini təkzib edən faktlar çoxdur. İstər Avropaya getməzdən əvvəlki taleləri, istərsə də Avropaya gedəndən sonrakı taleləri haqqında. Bu da ondan irəli gəlir ki,  Azərbaycanın Sovet Rusiyası tərəfindən silah gücünə işğal edilməsindən sonra  Azərbaycan Xalq Cümhuriyyəti ilə bağlı hər şey Şura hökuməti tərəfindən məhv edildi. 

Belə təzadlı faktlarla daha çox Azərbaycanın ilk peşəkar heykəltaraşı Zeynal Əlizadə haqqında məlumat toplarkən rastlaşdım. İlk olaraq çox yaxın zamanda çap olunan (2004) Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasındakı iki fərqli məlumatla Sizi tanış edirəm.

Birinci: “Əliyev Zeynalabdin bəy Hacıağa bəy oğlu (24.4.1894, Bakı-?) Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarına əsasən, dövlət hesabına ali təhsil almaq üçün xaricə göndərilən tələbələrdən biri. Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini memarlıq sahəsində davam etdirmək üçün Roma Kral Rəssamlıq Akademiyasına (İtaliya) göndərilmişdi. Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdır” (Bax: Azərbaycan Xalq Cümhuriyyəti Ensiklope-diyası. İki cilddə. I.cild. Lider nəşr. Bakı-2004.s.359).

İkinci: yenə həmin mənbədə (s.360) “Əlizadə Zeynal (?-?) Azərbaycan Xalq Cümhuriyyəti dövründə (1918-20) milli mədəniyyətin tərəqqisində yaxından iştirak etmiş mədəniyyət xadimi. Əlizadə Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin 1919-cu il 23 mart və 1920-ci il 30 yanvar tarixli qərarı ilə dövlət gerbinin, hərbi orden-medallarının və dövlət möhürünün layihələrinin hazırlanması məqsədilə elan olunmuş müsabiqədə fəal iştirak etmişdi. Onun layihəsi əsasında buraxılmış döş nişanları və xatirə medallarında Parlamentin binası, bayraq, aypara, səkkizguşəli ulduz, günəşin doğması, gül çələngi həkk olunmuşdu”. 

Bunlardan əlavə Zeynal Əlizadə haqqında görkəmli tarixşünas alim Mövsüm Əliyevin “Elm və həyat” jurnalında (1969, N-9) və “Qobustan” jurnalında (2008-N-1) Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin dosenti, sənətşünaslıq namizədi Mübariz Süleymanlının məqalələrində də bir neçə faktla rastlaşdım. Doğrusunu deyim ki, Mövsüm Əliyevin və Mübariz Süleymanlının verdiyi informasiya daha çox diqqətimi cəlb etdi. 

M.Süleymanlı yazır: “Heykəltaraş Zeynal bəy haqqında məlumata ilk dəfə 1995-ci ildə Sultan Bəyazid kitabxanasında apardığım araşdırmalar zamanı rast gəlmişdim. Sonralar İstanbulda yaşayan İslam Eler adlı bir dostum “Azərbaycan Yurd Bilgisi” dərgisinin bütün saylarını üçcildlik kitab halında mənə göstərdi ki, bu kitabın üçüncü cildində Zeynal bəyin üç məqaləsi də çap olunub”.

Beləliklə, ilk peşəkar heykəltaraşımız, Cümhuriyyət tələbəsi Zeynal Əlizadənin “axtarışına” çıxdım. Köməyimə yenə də arxiv sənədləri və rəhmətlik Mövsüm Əliyevin məqalələri gəldi. Lakin hər iki mənbədə heykəltaraşın adında, soyadında və doğum tarixində cüzi də olsa yanlışlıqlar var. 

Məsələn, tarixçi alim M.Əliyev yazır ki: “Əliyev Zeynalabdin bəy Hacı Ağabəy oğlu 1894-cü ildə aprel ayının 24-də Bakı şəhərində anadan olub”. Digər bir arxiv sənədində isə göstərilir ki: “Ağa Zeynalabdin bəy Hacı Ağabəy oğlu Əliyev Bakı şəhərinin sakini, Hacı Qasımbəy məscidinin camaatına mənsubdur. Təvəllüdü vaqe olub 1894-cü ildə”.

Çox cüzi anlaşılmazlıqlara baxmayaraq hər iki mənbə Azərbaycanın ilk peşəkar heykəltaraşı Zeynal bəy haqqında bizə məlumat verir. Bundan sonra da həm arxiv materiallarından, həm də Mövsüm müəllimin yazılarından belə bəlli olur ki, Zeynal ilk orta təhsilini Bakıda aldıqdan sonra 1915-ci ildə Moskva Kommersiya İnstitutuna daxil olur. Üç il burada oxuyan Zeynal bəy 1918-ci ildə Bakıya qayıdır. 

Təbii, Azərbaycan Xalq Cümhuriyyəti hökuməti Zeynal bəy Əlizadəni gənc kadro kimi hörmət və izzətlə qarşılayır. Tez bir zamanda Zeynal bəy Əlizadə Azərbaycan Xalq Cümhuriyyətinin poçt və teleqraf nazirliyində xüsusi tapşırıqlar üzrə baş məmur vəzifəsinə təyin olunur. Zeynal bəy bu işlə yanaşı rəssamlıq sənəti üzrə də fəaliyyətini davam etdirir. 

Burada bir faktı qeyd edim ki, əksər sovet tədqiqatlarında “sovet hakimiyyətinə qədər Azərbaycanda heykəltaraşlığın mövcudluğunu inkar edən yanlış mülahizələr” möhkəm yer tutmuşdu. Hansı ki, 1920-ci ilin martında Azərbaycan Xalq Cümhuriyyətinin Hərbi Nazirliyi yeni medal və ordenlərin layihələrinin hazırlanması üçün müsabiqə elan etmişdir. Həmin müsabiqə haqqında o dövrdə çap edilən dövrü mətbuatın səhifələrində və arxiv sənədlərində yetərincə faktlar və məlumatlar var. 

“İstiqlal”, “Bəsirət” və “Azərbaycan” qəzetlərində bu haqda həm məqalələr, həm də elanlar çap edilib. Xüsusən də “Azərbaycan” qəzetinin rus dilində çıxan saylarında. Məsələn, qəzetin 28 iyun və 3 avqust 1919-cu il tarixli saylarında bu mövzuda tutarlı faktlar verilib. Bu məlumatlar arasında “milli gerbin müəllifinin ilk peşəkar Azərbaycan heykəltəraşı Zeynal Əlizadə olduğu” ilə yanaşı “1919-cu il oktyabrın 22-də buraxılmış ilk Azərbaycan poçt markaları eskizlərinin müəllifi də məhz Zeynal Əlizadə” olduğu bildirilir.

“Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında (II cild.s.15) və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin xüsusi qərarında İtaliyaya göndərilən tələbələrin sayı 4 nəfər göstərilməsinə baxmayaraq M.Əliyev yazır ki: “ ...hökumətin İtaliyaya göndərdiyi yeganə şəxs və ya şəxslərdən biri Zeynal Əlizadə olmuşdu. O, İtaliyanın Peruca şəhərində di Bella Arti Akademiyasının heykəltaraşlıq bölməsində ali təhsil almış yeganə azərbaycanlıdır”. 

Zeynal Əlizadənin İtaliyada təhsil alması haqqında Nigar Abutalıbova  yazır: “Heykəltaraş Zeynal Əliyevin Ceyhun Hacıbəyliyə üç məktubu da bizdədir. Bunlardan ikisi 1922-ci ildə yazılmışdır və Z.Əliyev xəbər verir ki, İtaliyanın Peruca şəhərində di Bella Arti Akademiyasında oxuyur, maddi yardıma görə minnətdardır”.

Z.Əlizadə haqqında yazılan məqalələrdən birindən belə məlum olur ki, “Z.Əlizadə 1923-1924-cü illərdə Bakıda fəaliyyət göstərib”, digərində isə qeyd edilir ki: “1925-ci ildə İtaliyada Akademiyada təhsilini başa vurub, Bakıya qayıdıb”. 

Yuxarıda qeyd etdik ki, Zeynal Əlizadənin Türkiyədə Əhməd Cəfəroğlu tərəfindən 1934-cü ildə çap olunan “Azərbaycan Yurd Bilgisi” jurnalında iki, 1954-cü ildə çap olunan sayında isə bir məqaləsi işıq üzü görüb. Tədqiqatçıların yazdığına görə, Z.Əlizadənin 1954-cü ildə işıq üzü görən məqaləsi 1934-cü ildə çap olunan iki məqaləsinin “müəyyən qədər ixtisar edilmiş və adı dəyişdirilmiş variantıdır”. 

Mirzə Bala Məhəmmədzadə də 1954-cü ildə Ankarada nəşr olunan “Azərbaycan” jurnalında “Azərbaycan poçt markaları” adlı məqaləsində bir çox maraqlı məqamlara toxunur.  

Qaldı ki, Z.Əlizadənin ömrünün son illərini Azərbaycanda və ya Türkiyədə yaşamasına. Yuxarıda qeyd etdiyimiz kimi 1954-cü ildə Türkiyədə nəşr olunan “Azərbaycan Yurd Bilgisi” jurnalında çap olunmasını nəzərə alaraq belə güman etmək olar ki, Z.Əlizadə ömrünü Türkiyədə başa vurub. 

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti