Logo

ADNSU məzununun məqaləsi dünya səviyyəli RSC Advances jurnalında dərc olunub

08.08.2023 20:46 324 baxış
IMG

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) məzunu Qoryunova Kristinanın məqaləsi dünya metrik bazalarından olan RSC Advances jurnalında (Web of Science Q1, Scopus) dərc olunub.

Bu barədə "Tehsil.biz"ə ADNSU-dan məlumat verilib.

Məzun bu il ADNSU-nun “Kimya mühəndisliyi” ixtisası üzrə bakalavr pilləsi üzrə təhsilini fərqləmə ilə bitirib. Elə təhsil aldığı müddətdə “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında professor Yunis Qəhrəmanlının rəhbərliyi ilə kvars aerogellərin və onların əsasında kompozit materialların alınması istiqamətində tədqiqat işi aparmağa başlayıb. K.Qoryunova “Kimya və qeyri-üzvi maddələrin texnologiyası” kafedrasında apardığı bir neçə tədqiqat işi uğurla nəticələnib. Kristina apardığı çoxsaylı təcrübələr əsasında yüksək 10MPa təzyiqdə, ifrat böhran temperaturunda kvars aerogellərin nümunələri alıb və İnfraqırmızı spektroskopiya, skanedici elektron mikroskopiya və digər müasir üsullar ilə analiz aparıb. Alınan nəticələr 3 konfransda müzakirə edilib. Gənc tədqiqatçı Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunmuş konfransda, (Doktorantların və Gənc Tədqiqatçıların Respublika Elmi Konfransı), “Xazarneftqazyatag 2022” Beynəlxalq elmi-praktiki konfransda və digər konfranslarda uğurlu çıxışlar edib. 

Qeyd edək ki, Qoryunova Kristina 2023-2024-cü tədris ilində UFAZ-ın “Fiziki kimya və Kimya mühəndisliyi” ixtisası üzrə magistratura pilləsinə daxil olub, təhsili ilə yanaşı, hazırda ixtisası üzrə elmi-tədqiqat işlərini davam etdirir.

Xəbər lenti