Avqustun 15-i saat 20:00-da “Yeni çağırışlar” müzakirə proqramında “Digital Promise Global” təşkilatının prezidenti və baş icraçı direktoru Jan Klod Brizard qonaq olacaq.
Tehsil.biz xəbər verir ki, Jan Klod Brizard ilə "Rəqəmsal dünyada öyrənmək və şah əsər" barədə danışılacaq.
Onun rəhbəri olduğu təşkilat tədqiqat, təcrübə və texnologiya arasında əlaqələr yaradaraq təhsilin gələcəyini formalaşdırmağa yönəlib.
ABŞ-ın 43-cü prezidenti Corc Buş tərəfindən 2008-ci ildə əsası qoyulan “Digital Promise Global" 2011-ci ildə 44-cü prezident Barak Obama tərəfindən rəsmi olaraq elan edilib. Təşkilatın təşəbbüsləri 27 ölkədə 4,4 milyondan çox şagirdi və 180 min müəllimi əhatə edib.
Jan Klod Brizard Bill və Melinda Qeyts Fondunun baş məsləhətçisi və direktor müavini, Çikaqo dövlət məktəbinin baş icraçı direktoru vəzifəsində çalışıb. Həmçinin Nyu Yorkun Təhsil Departamentində orta məktəblər üzrə icraçı direktor, o cümlədən Roçester şəhəri üzrə məktəblərin inspektoru olub.
Qeyd edək ki, proqram təhsilin idarə olunması üzrə mütəxəssis Cəfər Mənsiminin təqdimatında nazirliyin rəsmi feysbuk səhifəsi üzərindən Azərbaycan dilinə tərcümə ilə canlı yayımlanacaq.