Uzun illər Çar ordusunda qulluq edən Seyfulla bəy Atamalıbəyov general rütbəsinə qədər ucalmışdı. O, Ərdəhanda qulluq edərkən (Seyfulla bəy o zaman Ərdəhanda hərbi dairənin rəisi idi. Sonralar Qarsda, Zaqatalada Hərbi Dairənin rəisi işləmişdi) fevralın 2-si 1895-ci ildə oğlu Abbas dünyaya gəlib. Abbasın anası Mələk xanım da Şamaxı əsilzadələrindən olan Mahmud bəy İbrahimbəyovun qızı idi.
Abbas atasının işi ilə əlaqədar ilk təhsilini həm Tiflisdə, həm də Şamaxıda alıb. Hərbçi ailəsində böyüyən Abbas atası kimi hərbçi olmaq istəsə də bu arzusuna nail ola bilmir. Görmə qabiliyyəti zəif olduğu üçün onun sənədlərini hərbi məktəbə götürmürlər.
1914-cü ildə Abbas Peterburq Politexnik İnstitutunun dəniz mühəndisliyi fakültəsinə qəbul olur. Elə həmin ildən də siyasi fəaliyyətə başlayan Abbas sağ eserlərə qoşulur və qısa müddətə Müsəlman Həmyerlilər Komitəsinin sədri seçilir.
1917-ci ilin əvvəlləri Rusiyada inqilabi hərəkat getdikcə gücləndiyi üçün Abbas təhsilini yarımçıq qoyub Qafqaza qayıdır. Burada eserlər partiyasında siyasi fəaliyyətini davam etdirməyə başlayır.
Bu çaxnaşmada Abbasın qəlbini narahat edən bir fakt da var idi. O, neçə il qəlbində pünhan saxladığı sevgisini anası Mələk xanıma açır və valideynlərinin xeyir-duası ilə 1917-ci ilin sonlarında ailə qurur. Sevgilisi Yelizavetpolun general-qubernatoru olan İbrahim ağa Vəkilovun qızı Tatyana idi. Tatyana bu evlilikdən sonra islamı qəbul etmək üçün 22 avqust 1917-ci il tarixində ərizə ilə Zaqafqaziya Sünni Ruhani idarəsinə müraciət edir. İdarə onun bu mürəciətini müsbət qarşlayır. Bundan sonra Tatyana özünə Reyhan adını götürür və ali təhsil almaq üçün Bakı Dövlət Universitetinə qəbul olur.
Vətəndən ayıran yollar
Getdikcə siyasi fəaliyyətində püxtələşən A.Atamalıbəyov Azərbaycan Milli Şurasının və Cümhuriyyət Parlamentində “Sosialistlər bloku” fraksiyasının üzvü seçilir.
Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsindən sonra A.Atamalıbəyov Parlamentin işinə yaxından kömək edir. O, daha yaxşı təhsil almaq üçün hökumətə müraciət edir və Parlamentin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən, təhsilini gəmiqayırma sahəsində davam etdirmək üçün Paris Universetinə göndərilir.
Abbas Parisə oxumağa getməzdən əvvəl Azərbaycan Xarici İşlər Nazirliyinin qərarı ilə Paris sülh konfransına yola düşən nümayəndə heyətində menşevik Məmməd Məhərrəmovu baş katib kimi əvəz etməli olur və “birinci nümayəndə heyətindən üç ay sonra Parisə yola düşür”.
Abbas səfərə çıxarkən ömür-gün yoldaşı Reyhan xanımı da aparmaq arzusunda olduğunu anasına bildirərkən, Mələk xanım gənc gəlini yad diyara buraxmaq istəməsə də oğlunun istəyinə də qarşı çıxa bilmir. Və nə yaxşı da ki, çıxmır. Çünki sonra ömrü boyu oğlunun üzünə həsrət qalan Mələk ana bunu özünə bağışlaya bilməzdi...
1920-ci il aprel işğalından sonra Reyhan xanımın qardaşı, Azərbaycanın Gürcüstandakı səfiri Faris bəy Vəkilov da ailəsi ilə Parisə üz tutmağa məcbur olur.
Parisin gözəllikləri onlara vətən həsrətini unutdura bilmir. İlk illəri qürbətdə daha çətin keçir. Lakin Abbas bəylə Reyhan xanımın fransızcanı əla bilmələri onlara işləmək üçün imkan yaradır. “Reyhan xanım kitab mağazasında, Abbas bəy isə qiymətli daşlar birjasında brilyantlar üzrə mütəxəssis kimi” işə başlayır. Getdikcə ailənin maddi durumu yaxşılaşır. Hətta bir zaman Abbas bəyə həm maddi, həm mənəvi dəstək olan Ceyhun bəy Hacıbəyli də xanımı ilə bir müddət onlarla birlikdə yaşayır. Beləliklə onlar “bu il qayıdarıq, gələn il qayıdarıq” arzusu ilə ömürlərini qürbətdə, Vətən həsrəti ilə başa vurmalı olurlar.
Vətəninin işğalı ilə barışa bilməyən Abbas Parisdə siyasi fəaliyyətini daha əzmlə aparmağa başlayır. O, bu mübarizəni həm də siyasi biliklərə yiyələnmək yolu ilə davam etdirib. Belə ki, Fransa hökumətinin SSRİ-yə qarşı siyasətinin mühacirlər üçün yaratdığı əlverişli imkanlardan istifadə edərək, Parisdə Siyasi Elmlər Məktəbinə qəbul olur və əla qiymətlərlə oranı başa vurur. Abbas Cenevrədə qərargahını yaradır və Millətlər Cəmiyyətinin əksər siyasi tədbirlərində, toplantılarında yaxından iştirak edir, müzakirələrdə fəallıq göstərir. O, “Azərbaycan davasının dünya əfkari-ümumiyyəsinə çatdırmaq üçün” inadla mübarizəsini davam etdirir.
Onu da qeyd edim ki, 1934-cü ildə Ə.M.Topçubaşovun vəfatından sonra Parisdə cəmləşən Azərbaycan mühacirlərinə rəhbərliyi Abbas bəy edib. Abbas bəy həm də Parisdə çap olunan dövrü mətbuatla da əməkdaşlıq etmiş, siyasi fikirlərini, mülahizələrini məqalələrində də bəyan edibdir. Daha yaxından əməkdaşlıq etdiyi “Revyu de Prometey” və “O” jurnalları olub. Burada çap edilən məqalələrinin əksəriyyətinin mövzusu Cənubi Qafqazın tarixinə, mədəniyyətinə həsr edilib.
Fransa almanlar tərəfindən işğal olunan zaman Abbas ailəsilə birlikdə Berlinə köçür. O, burada ilk olaraq Qırmızı Xaç Komitəsində işə başlayır. Tədqiqatlardan bəlli olur ki, o, bu zaman “azərbaycanlı əsrləri xilas etmək üçün çox işlər görüb”. Lakin bununla yanaşı siyasi fəaliyyətini də davam etdirib. “Azərbaycan legionu ilə Hitlerin ordu qərargahı arasında əlaqə saxlayan üç nəfərdən ibarət qurupa (Ə.Fətəlibəyli-Düdənginski və F.Əmircanla birlikdə) daxil olmuşdur”.
1944-cü ilin oktytabrında Qafqaz Şurasının yaranması haqqında təşəbbüsü irəli sürənlərdən biri də A.Atamalıbəyov olub. Şura yaradıldıqdan sonra onun ən fəal üzvü olan Abbas bəy 1947-ci ildə Lozannada keçirilən toplantıda iştirak və çıxış etmişdir.
Onun haqqında olan xatirələrdən və tədqiqat əsərlərindən belə bəlli olur ki, bu qədər çətin mübarizəyə baxmayaraq Abbas bəy ömrünün sonuna kimi Vətənə dönəcəyinə və Azərbaycanın yenidən müstəqil, azad olacağına çox inanırmış. Elə bu inam onu uzun illər qürbətdə mübarizə aparmağa vadar etmişdir.
Ömrünü daha çox siyasi fəaliyyətə bağlayan Abbas bəy bir müddət Çilidə, MƏR-də ABŞ-da yaşamış və 1971-ci ildə ABŞ-da dünyasını dəyişmişdir.
Reyhan xanımın 1924-cü ildə ABŞ-da bir oğlu dünyaya gəlib. Atası Abbas bəydən fərqli olaraq Qalib bəy siyasətdən uzaq olub. Parisdə Sarbon universitetini bitirən Qalib bəy əvvəlcə dərman fabrikində çalışıb. 1947-ci ildə Çilidə həmin fabrikin buradakı filialında çalışır və sonra elmi-tədqiqat institutunda işini davam etdirib.
1956-cı ildə artıq Qalib bəy penisillin istehsalı üzrə tanınmış mütəxəssis kimi dünya ölkələrinə səyahət edib. Bir müddət Tayvanda, Yuqoslaviyada, Hindistanda və Misirin İsgəndəriyyə şəhərində işləməli olub. 1966-cı ildə anası Reyhan xanım vəfat edib. Qalib bəy ailəsi ilə birlikdə atasının yanına ABŞ-ın Klivlend şəhərinə köçüb və 1971-ci ildə onu da itirib.
Klivlend kimi məşhur bir şəhərdə yaşayan, yetərincə imkanlı, adlı-sanlı Qalib bəyi narahat edən bir istək var idi. Ata-anasının ömrünün son anlarına kimi həsrət qaldıqları Vətəni görmək, gəzmək və onların ruhunu şad etmək. Bu istəklə də Azərbaycanın ABŞ-dakı səfirliyinə müraciət edir və “günlərin bir günündə ömrümün 80-cı ilində Anavətənimə gələ bildim”.
“Qürbət ellərdə dolaşmış, yad millətlərin üzü təbəssümlü, qəlbləri isə bumbuz soyuq olan insanların arasında ömür sürmüş bu Vətən oğlunu” doğmalarının istiqanlığı lap məəttəl qoymuşdu.
Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist