Logo

Peşə təhsili müəssisələrinə işə qəbul davam edir

13.08.2023 11:52 3229 baxış
IMG

Xəbər verdiyimiz kimi, avqustun 11-dən peşə təhsili müəssisələrinə işə qəbula start verilib.

Tehsil.biz Elm və Təhsil Nazirliyinə istinadən xəbər verir ki, 2023–2024-cü tədris ili üçün ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işә qәbulu mərkəzləşdirilmiş qaydada müsabiqә yolu ilə həyata keçiriləcək.

Peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər 11–21 avqust tarixlərində portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsili müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Müsabiqə elektron әrizәlәrin qәbulu və vakant yerlərin seçilməsi, təqdim edilən mәlumatların uyğunluğunun müvafiq komissiya tәrәfindәn yoxlanılması, test imtahanı mərhələlərindən ibarətdir. Ərizələri təsdiq edilən namizədlər 24 avqust tarixində ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsili müəssisələrinə işə qəbul üzrə müsabiqəyə aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər:

İxtisas fənn müəllimləri – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

İstehsalat təlimi ustaları – orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya ölkəmizdə daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Xəbər lenti