Logo

Bitkiçilik mütəxəssisi peşə ixtisası üzrə qiymətləndirilmə aparılıb

14.08.2023 11:25 288 baxış
IMG

Təhsildə Keyfiyyət Təminatı Agentliyinin təşəbbüsü (TKTA) və “TET International Development” şirkətinin təşkilati dəstəyi ilə Şəki rayonunda fəaliyyət göstərən bitkiçilik mütəxəssislərinin qeyri-formal və informal yollarla əldə etdikləri bilik, bacarıq, səriştə və təcrübələri qiymətləndirilib.

TKTA-dan "Tehsil.biz"ə bildirilib ki, “TET International Development” ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində bitkiçilik mütəxəssisi peşə ixtisası üzrə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların bilik və bacarıqlarının qiymətləndirilməsi məqsədilə keçirilən nəzəri və praktiki imtahanlar sözügedən şirkətin istehsalat bazasında təşkil edilib.

TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin sektor müdiri Şamil Osmanov və Qəbələ “ASAN xidmət” mərkəzinin əməkdaşı Orxan Dəmirli üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin Bitkiçilik sektorunun baş məsləhətçisi Sahib Abdulhəmidov cəlb edilib.

Qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət bitkiçilik mütəxəssisi peşəsi üzrə fəaliyyət göstərən şəxslər olub. Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaqdır.

Yekunda qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər bitkiçilik mütəxəssisi peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.

Xəbər lenti