Logo

Peşə məktəblərinə müəllim və ustaların işə qəbulu davam edir

15.08.2023 14:02 335 baxış
IMG

2023–2024-cü tədris ili üçün Peşə Təhsili üzrə Dövlət Agentliyinin tabeliyində olan peşə təhsili müəssisələrinə ixtisas fənn müəllimləri və istehsalat təlimi ustalarının işə qəbulu davam edir.

Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.

Bildirilib ki, peşə təhsili müəssisələrində çalışmaq istəyən şəxslər avqustun 21-dək portal.edu.az vasitəsilə qeydiyyatdan keçməlidirlər. Müsabiqə elektron ərizələrin qəbulu və vakant yerlərin seçilməsi, təqdim edilən məlumatların uyğunluğunun müvafiq komissiya tərəfindən yoxlanılması və test imtahanı mərhələlərindən ibarətdir.

Müsabiqə çərçivəsində ümumilikdə müxtəlif peşə təhsil müəssisələri üzrə 142 ixtisas fənn müəllimi və 429 istehsalat təlimi ustası vakansiyası elan olunub.

Ərizələri təsdiq edilən namizədlər avqustun 24-də ixtisas, tədris metodikası və məntiqə aid suallardan ibarət test imtahanında iştirak edəcəklər. Namizədlərin vakant yerlərə yerləşdirilməsi elektron ərizələrində qeyd etdikləri seçim ardıcıllığı gözlənilməklə aparılacaq.

Peşə təhsil müəssisələrinə müəllimlərin və istehsalat təlimi ustalarının işə qəbulu müsabiqəsinə qanunvericiliklə müəyyənləşdirilmiş və aşağıda qeyd olunan tələblərə uyğun namizədlər müraciət edə bilərlər:

İxtisas fənn müəllimləri - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər;

İstehsalat təlimi ustaları - orta ixtisas və ya ali təhsil müəssisələrini müvafiq ixtisaslar üzrə bitirmiş və dövlət nümunəli diplom almış, xarici ölkədə aldığı ali təhsil haqqında sənədi tanınmış, həmçinin ümumi orta təhsilli və müvafiq sahə üzrə 3 ildən az olmayan əmək stajına malik Azərbaycan Respublikasının vətəndaşları və ya Azərbaycan Respublikasında daimi yaşamaq üçün icazə verilmiş şəxslər.

Xəbər lenti