Geci-tezi var, bütün millətin gözlədiyi o günlər də, uzaq olmayan sabahlar da, nəhayət ki, yetişəcək. 2 əsr ərzində itirdiklərimizin hamısı - ya silah, ya məkrli siyasət gücünə qəsb edilmiş ən son kəndimiz və yüksəkliyimiz də, ən axırıncı meşəliyimiz və otlağımız da qayıdacaq, illərlə gözü yol çəkmiş torpaqlarımızın hamısı böyük yurdumuza qovuşacaq.
Dünyanın irili-xırdalı xalqlarının hamısının ağıları var. Yer üzünün hər yerində insan insandır. Qeyb etdiklərinin dözülməz dərdinə göynədiyi anlarda ürəyini ağılar söyləməklə ovudub. İnsan torpağınkıdır. Ömrü boyu torpaqla yaşayır, sonucda Böyük Anaya - vətən torpağına qovuşur. Ölüm, ağrıların ən müdhişi deyil. Hər gələn onsuz da bir gün gedir. Daha dəhşətli olan səni qoynuna alacaq torpağı itirməyindir. Belədə insana oxunanlardan qat-qat yanıqlı ağılar doğulur.
Əmanət qoymuşdu babalarımız,
Müqəddəs ocaqdı Murtuz dağımız,
Həm ümid yerimiz, yadigarımız,
Niyə kəsilibdir yolu Tağların?!
Gözəl Gədəbəyin doğma parçasıydı Tağlar kəndi. Güllə ilə deyil, Kremlin silahdan kəskin təcavüzçü siyasəti ilə verildi ermənilərə. İrəvan kimi, Zəngəzur kimi, Vətənin başqa neçə sevimli və nisgili həmişə qəlbimizi əzən parçaları kimi.
Bu millətin taleyində ayrı düşdüyü o yavruları ilə qol-boyun olacağı bəxtiyar günlər, əlbəttə ki, var!
1969-cu il iyul ayının 22-si idi, Mərkəzi Komitənin Büro iclası gedirdi, vur-tut bir həftə əvvəl respublikaya rəhbər seçilmiş Heydər Əliyev ilk müstəqil iclasını aparırdı. Müzakirəyə çıxarılan məsələlərdən biri "Gədəbəy rayonundakı Kalinin və Nərimanov adına kolxozlara kömək göstərilməsi" haqqında idi.
Bu müzakirənin getdiyi vaxt artıq Kreml keçən ildən qərar qəbul etmişdi ki, Gədəbəyin iki yüzdən çox yaşı olan Tağlar kəndi Ermənistan ərazisi kimi tanınsın, guya "gələcəkdə inkişafın olmadığı" fərz edilən həmin yaşayış məntəqəsi, eləcə də Ceyrançöl səmtindəki yüz hektarlıq qış otlağı Azərbaycandan qoparılaraq Ermənistana aid Şəmşəddil (adına baxın, görün bu da əslində kimindir!) rayonunun Ayqedzor kolxozuna qatılsın. Ancaq erməniliyin tükənməz iştahı və torpaq acgözlüyü bununla soyumamışdı, onların həmin həndəvərdə yeni ərazi iddiaları da vardı.
Arxalı köpək qurd basar deyiblər və haqq varmış bu sözlərdə. Erməniçilik axırıncı 2 əsrlik müddətdə Azərbaycandan çırpışdırdığı torpaqların çoxunu elə bu yolla əldə etməyibmi?! Gədəbəydə Tağları Moskvanın əli ilə rəsmən xəritədən yox edib o səfalı torpaqları özününküləşdirəndən sonra erməniçiliyin qəsdi Qaravəllər kəndini qapazlamaq idi. Qəsbkarlığın hər təzə nəticəli addımı isə Azərbaycan ərazilərinə daha dərin girə bilmək, səssiz işğalın çevrəsini genişləndirməkçün yeni fürsətlər qazanmaq demək idi.
Bu hadisələrdən 27 il sovuşarkən, 1996-cı il iyunun 21-də Azərbaycan Elmlər Akademiyasında görkəmli dövlət xadimi, respublika rəhbəri vəzifəsində sələfi olmuş Vəli Axundovun 80 illik yubileyi mərasimindəki çıxışında artıq müstəqil Azərbaycanın Prezidenti olan Heydər Əliyev təzadlarla dolu keçmişin o həyəcanlı günlərinə də qayıdırdı və bunu səbəbsiz etmirdi. Çünki həmin mürəkkəb dövrün olmuşlarını ən yaxın məsafədən müşahidə etmiş, bilavasitə gedişatda olmuş insan idi. Bilirdi ki, torpaq məsələləri ilə bağlı söhbətlər millətin ən həssas yeridir. Onu da yaxşı anlayırdı ki, Moskvanın hökmü altında edilmiş hansısa ərazi güzəştlərinə sonralar, hadisələrin əslində necə baş verməsindən bixəbərlər ayrı bir zaman qatında ən azı bilgisizlikdən ləyaqətli şəxsiyyətlərə çirkab da ata bilərlər. Ona görə bunları söyləyirdi ki, həm o toplantıda iştirak edənlər bilsinlər, həm də (və daha vacibi) bu mötəbər şahidlik tarix üçün qalsın.
Bu da həmin zəruri və əvəzolunmaz şahidliyin növbəsinin yetişdiyi daha bir an, sözümüzə söykək olaraq qayıdırıq Heydər Əliyevin həmin nitqinə. Belə anırdı: "O vaxtlar Qarabağ məsələsi qaldırılmışdı. Xatirimdədir, bir dəfə hətta yenə məcbur etmək istəyirdilər ki, Qarabağ məsələsinə baxılsın. Vəli Axundov bir neçə dəfə mənimlə də məsləhətləşdi. Bu məsələnin qarşısı alındı. Ancaq sonra bir neçə erməni, eləcə də Ermənistan çalışırdı ki, Azərbaycanın Ermənistanla sərhəd rayonlarında bəzi torpaqlarımızı öz torpaqları kimi əllərinə keçirsinlər. Onlar köhnə xəritələri - 1928, ya 1929-cu ilin xəritələrini ortaya çıxarmışdılar".
Nə imiş ermənilərin istinad etdiyi o mənbələr?
Azərbaycan kənd təsərrüfatı nazirinin müavini N.Hüseynbəyovun 1969-cu ilin iyununda sərhəd məsələlərinə dair hazırlayıb imzaladığı arayışda göstərilir ki, 1968-ci ilə qədər Ermənistan və Azərbaycan respublikaları arasında sərhədlər SSRİ Baş Geodeziya və Xəritəçəkmə İdarəsinin 1945-ci ildə təsdiq etdiyi cizgilər əsasında müəyyənləşdirilmişdir. 1968-ci ildə ərazi mübahisəsinə baxılarkən, daha dəqiqi - ermənilərin göz dikdikləri torpaqlarımızı zəbt etmək hiyləsinə rəvac verilərkən Zaqafqaziya Mərkəzi İcraiyyə Komitəsinin 1927-1930-cu illərdə təsdiq etdiyi kartoqrafiya materialları əsas götürülür. 1945-ci ildə daha peşəkar bir qurum SSRİ BGXİ sərhədləri müəyyənləşdirərkən də Zaqafqaziya MİK-in materialları ortada olmuşdu. Həmin materiallara məhəl qoymadan məhz 1968-ci ilin iyununa qədərki sərhədləri təsdiqləmişdilərsə və 23 il ərzində xəritənin məhz bu cür olması heç bir sual doğurmamışdısa, 1968-ci ildə baş vermiş sərhəddəyişmə əməliyyatı hər hansı saxtakarlıqların edilib-edilməməsi baxımından mütləq araşdırılmalıdır. Əgər 1968-ci ilin iyununda əsaslanaraq qərar çıxarılan kartoqrafiya materialları səhih idisə, bəs niyə SSRİ BGXİ 1945-ci ildə dəqiq sərhədlər haqda qərarını verərkən onlara məhəl qoymamışdı? Ya bəlkə həmin başqa sərhəd mənzərəsi cızan xəritəçilik materialları heç əvvəldən yoxmuş və saxtakarlığa alışqan erməniçiliyin Kremlə də sırıdığı qondarma, sonradanquraşdırma cizgilər imiş? Çoxdan Tağlar adında kənd yoxdur, ermənilər, söz yox ki, oralara kələkötür sözlərindən birini ünvan olaraq yamaq ediblər, köhnə tağlılardan da indiyə kim qala, kim qalmaya. Ancaq nənə-babaları oralı olan, indi Gədəbəyin başqa kənd-kəsəyində ömür sürənlər az deyil, xatirə də, əlbəttə, yaşamaqdadır. 1969-cu ilin yayında Bakıya, Mərkəzi Komitəyə əslən Gədəbəyin Hacılar kəndindən olan, oradakı Kalinin kolxozunun qurucularından biri, el ağsaqqalı Həsən Qiyasov da gəlmişdi. Onun o vaxt Mərkəzi Komitədə söylədikləri sözbəsöz kağıza köçürülüb, sənədləşdirilib və istəyirəm ki, insanımız bu şahid ifadəsindən xəbərsiz qalmasın. Həsən kişi yada salmışdı ki, vaxtilə kolxozlar qurulanda, sərhədlər dəqiqləşdiriləndə buraya 18 yerölçən gəlmişdi və onların hazırladıqları cizgiləri o tərəf də, bu tərəf də qəbul etmişdi. Bəs niyə indi erməninin şikayətinə qulaq asıb, bizim sözü isə dinləmək istəmirlər?! Onunla birgə Mərkəzi Komitəyə təşrif gətirən digər ağsaqqal - Məcid Vəliyev isə demişdi ki, 1945-ci ildə təsdiqlənən yox, daha köhnə xəritəyə qayıtmaq məsləhətdirsə, onda elə bu yerlərin 1924-cü ildə tərtib olunmuş xəritələrini əsas götürək.
Ermənistanla Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası istiqamətində aparılacaq söhbətlər əsnasında münasib məqamı çatınca Gədəbəy rayonunun Ermənistanla həmsərhəd ərazilərində süni yollarla ərazimizdən qoparılmış bu torpaqların məsələsi də gündəliyə gətirilməlidir.
Yenə qayıdıram Heydər Əliyevin 1996-cı ildə, Vəli Axundovun yubiley mərasimində bu düyünlü tarixi məsələlərə aydınlıq gətirən çıxışına: "2-3 il danışıqlar getdi. Bu danışıqları tək Vəli Axundov deyil, Məmməd İskəndərov (Ali Sovetin sədri - R.H.), Ənvər Əlixanov (Baş nazir - R.H.), ikinci katib Pyotr Yelistratov birlikdə aparırdılar. Təəssüf ki, bu danışıqlar nəticəsində 1969-cu ilin may ayında Azərbaycan Ali Soveti elə bir qərar qəbul etmişdi ki, həmin sərhədyanı torpaqlar guya Ermənistana mənsubdur və ona verilməlidir. Mən iyul ayında Azərbaycana rəhbər seçilən kimi bu məsələni 1 ay müddətində təhlil etdim və həmin qərardan imtina etdim. Çox çalışdılar ki, bu qərar həyata keçirilsin, lakin mən buna imkan vermədim. Bu qərarın o vaxt necə qəbul olunduğunu da bilirəm. İndi bunu danışmağa ehtiyac yoxdur. Amma bununla demək istəyirəm ki, şübhəsiz, o da həmin torpaqların verilməsini istəməmişdi. Ancaq həm yuxarıdan, Moskvadan olan təzyiqlər, həm sağdan, həm də soldan olan təzyiqlər birlikdə bu cür qərarın qəbul edilməsinə gətirib çıxarmışdı".
...1969-cu ilin 22 iyulu idi, Heydər Əliyev Mərkəzi Komitənin Birinci katibi kimi ilk iclasını keçirirdi və o, rəhbər kimi yolunun lap başlanğıcdan artıq erməni qovğaları ilə üzbəüz idi və bu qara yaranın bir az da qol-qanad atmamasının, gələcəkdə işləməyə yeni narahat maneələr yaratmamasının bəri başdan qarşısını nəyin bahasına olur-olsun almaq barədə düşünməyə bilməzdi. Əlbəttə ki, o, baş vermiş xoşagəlməz hadisələrin bütün gedişatından xəbərdar idi. Birinci katib vəzifəsinə Dövlət Təhlükəsizlik Komitəsinin sədri kürsüsündən gəlmişdi, amma artıq dövlət sirlərinə lap yaxın olduğu bu vəzifəni tutmazdan çox qabaq da, hələ 1950-ci illərin əvvəllərindən Bakıya Moskvadan, Baş İdarədən gələn və erməniçiliklə əlaqədar məxfi sənədlərlə işləməyə başlayandan bu mərəzin necə yırtıcı, necə rişələr atan, Sovet İttifaqı hüdudlarından kənarlardakı uzantılarından da, kərtənkələ kimi bu tərəfdəki ilanlara ağu ötürən olmasından da yerli-yataqlı xəbərdar idi. Ona görə də indi qəbul edilən qərar, təzə Birinci katibin imzaladığı ilk sənədlərdən biri erməni ehtiraslarının getdikcə artan şiddətlə yönəldiyi Gədəbəyin Ermənistanla sərhəd hissəsinə diqqət və qayğının artırılması ilə bağlı idi. Qərara görə Şamxor (indiki Şəmkir) rayonunun Kirov adına və "Şəfəq" kolxozlarının əkinə yaralı ərazilərindən 100 hektar müvəqqəti olaraq Nərimanov və Kalinin adına kolxozlarçün ayrılır, elə 1969-cu ildəcə hər iki Gədəbəy kolxozunda hərəsində 500 pətək olmaqla arıçılıq fermaları təşkil edilir, heyvandarlığın əsaslı şəkildə inkişafı üçün kompleks tədbirlər müəyyənləşdirilirdi. Bu bölgəyə ayrılan zəruri kənd təsərrüfatı texnikasının sayı xeyli artırılır, Şınıx tərəflərdə əhalinin ticarət malları ilə təminatını yaxşılaşdırmaqdan ötrü ayrıca Kənd İaşə Cəmiyyətinin yaradılması (camaat arasında buna adətən rus kəlməsiylə "selpo" deyərdilər), Qaravəllər kəndində mağaza tikilməsi, bu tərəflərə respublika əhəmiyyətli yol çəkilməsi, 1970-ci ildəcə Qaravəllər kəndində xəstəxananın inşa edilməsi, Hacılar kəndində xalçaçılıq sexinin qurulması, sexin müvafiq tikililər və səriştəli işçilərlə təmin edilməsi tələbləri qoyulurdu. Kənd Təsərrüfatı Nazirliyindən isə təxirə salmadan hərəkətə keçmək, dekabrın 15-dək MK və Nazirlər Sovetinə bu qərarda müəyyən edilmiş vəzifələrin icrası barədə hesabat verməsi istənilirdi.
Heydər Əliyev Büro üzvlərinə bu təxirəsalınmazlığın səbəblərini də izah edirdi ki, icrayla məşğul olacaq şəxslərin yalnız dövlət qarşısında cavabdehliyi yox, vicdani məsuliyyətləri də daha çox artsın.
İş ondadır ki, 1968-ci ilin iyununda Moskvanın təkidi və SSRİ kənd təsərrüfatı nazirinin iştirakı ilə iki qonşu respublika rəhbərinin imzaladığı anlaşma ilə Azərbaycanın Gədəbəy rayonu ilə Ermənistanın Şəmşəddil rayonu arasında bizim müəyyən torpaqlar onlara güzəştə gedildikdən sonra sərhədlər dəqiqləşdirilmişdi. Qəbul edilmiş aktda göstərilmişdi ki, tərəflər bölgü xətti yaxınlığında inşaat işləri aparmayacaq, aralıq sahə yalnız ot biçini üçün istifadə edilə bilər. Ancaq gəlinmiş razılığa rəğmən, erməni tərəfi 1969-cu ilin mayında Qaravəllər və Tağlar kəndi yaxınlığında 3-4 hektarlıq sahədə heyvandarlıq fermasının tikintisinə başlamışdı. Bu, Moskvanın fitnəkar dəstəyi ilə Azərbaycandan qopara bildikləri torpaqların bir az da şitəndirdiyi, daha artıq tamahsılandırdığı ermənilərin Qaravəlləri də eyni üsulla mənimsəmək üçün həyasız müqəddimələri idi. Təsəvvür edin ki, onların tikintisinə başladıqları ferma Qaravəllər və Tağlar kəndinin 500 metrliyində, cızılmış sərhəd xəttinin 150 metrliyində, Ermənistanın Şəmşəddil rayonunun Ayqedzor kəndindən isə 45 kilometr aralıda idi. Azərbaycan Mərkəzi Komitəsinin Kənd təsərrüfatı şöbəsinin müdiri Ermənistan MK-nın katibinə qanunsuz tikintini dayandırmaqla bağlı müraciət etsə, sözdə razılıq alsa da, iş davam etdirilmiş, başa da çatdırılmışdı. Aparılmış müşahidələr göstərmişdi ki, bu tikintinin öhdəsindən belə qısa müddətdə bir kolxozun gücü və texnikası hesabına heç vəchlə gəlmək mümkün ola bilməzdi, məhz yuxarıdan göstərişlə digər kəndlərdən də çoxlu ağır texnika və işçi qüvvəsi cəlb edilmişdi ki, iş tez bitsin, Azərbaycan tərəfi hazır fakt qarşısında qoysunlar. Tikinti materialı üçün də uzağa getməmişdilər. Bir ucdan qayaları partladırdılar - daşları hazır idi. Fermanı orada salmışdılarsa, bunun ardı kimi Azərbaycan ərazilərinin içərilərinə doğru hektarlarla sahəni eyni quldur üsullarla otlaq, örüş yeri kimi mənimsəmək növbəti hədəfləri idi. Bir az sonra isə bir az da irəlilərə! Ermənilərin sərhəd xətti yaxınlığında tikinti aparmamaq haqda müqaviləni pozmasının, onların nümayişkaranə şəkildə qopardığı partlayışlardan sonra qaya parçalarının Qaravəllər kəndi ərazisinə uçub taxıl zəmiləri və biçənəklərə düşməsinin ardınca bizim kəndlilər də Nərimanov kolxozu üçün sərhədə yaxın yerdə tövlə tikməkçün təməl tökməyə başlamışdılar. Bundan xəbər tutunca Ermənistanın Şəmşəddil rayonu (hər dəfə "Ermənistan"ı ona görə yazıram ki, Şəmşəddil istər-istəməz bunun bizimki olduğu təəssüratını yaradır) "Kommunizm yolu" kolxozunun kolxozçuları külünglə, bellə, baltayla silahlanaraq hücum çəkmişdilər, bünövrəni dağıtmışdılar və daha böyük təxribatların törədilməsinin qarşısı zorla alınmışdı.
Ermənilərin 1969-cu ilin iyununda əldə olunmuş sərhəd dəqiqləşməsindən sonra yenə Azərbaycandan təzə kilometrlər oğurlamaq təşəbbüsləri bunun sabah elə Tağları özününküləşdirmələri kimi, Kremlin əli ilə Qaravəllərin də növbəti rəsmiləşdirilmiş işğalın qurbanına çevrilə biləcəyini istisna etmirdi.
Demək, bəri başdan ayıq tərpənmək, Moskvaya da bozarmaq lazım idi. Bunu elə gədəbəylilərin etməsi daha münasib idi və 41 nəfər yola düşür sovet paytaxtına. Əksərən Qaravəllər kəndinin sakinləri idilər, amma aralarında neçə nəfər də Tağlardan olan vardı.
Gədəbəy rayonunun Kalinin adına kolxozundan gəlmiş bu 41 nəfər yollanır Kremlə, Sov.İKP MK Baş katibi Leonid Brejnevlə görüşmək istədiklərini bildirirlər. SSRİ Daxili İşlər Nazirliyi Moskva idarəsi işçilərinin və SSRİ Dövlət Təhlükəsizlik Komitəsi əməkdaşları ilə ilkin söhbətdə onlar hamısı şikayətlərinin nədən ibarət olması barədə məlumat verməkdən qəti imtina edirlər, söyləyirlər ki, nə istədiyimizi yalnız Leonid İliçin özünə deyəcəyik.
O adamlar ora gedib çıxmışdılarsa və bu təhər qətiyyətli mövqe göstərirdilərsə, həmin əyyamlara bələd olanlar hiss edər ki, belə inadkar etirazçılıq yolgöstərənsiz, başasalansız gerçəkləşə bilməzdi. Gerçəkləşmək nədir, onun qarşısını Bakı özü alardı. Bu yekəlikdə dəstə Moskvaya Baş katibə şikayətə gedirsə, Azərbaycanda DTK da, MK da bundan, əlbəttə ki, məlumatsız deyildilər. Əvvəl hara getməyi, kimlərlə necə danışmağı da onlara irəlicədən anladanlar da olmamış deyildi. Şübhəsiz, o 41 nəfərin hamısı ehtirama layiq idi. Ancaq bu cəsarətin ardındakı cəsarəti də unutmayaq. Çünki Moskvada onlarla ilk görüşmüş milis və təhlükəsizlik işçiləri də peşəkarlar olaraq belə dikbaşlıqların necə həyata keçirilməsinin mümkün sxemlərini təsəvvür etməmiş deyildilər.
Bütün bu dəqiq xəbərləri elə həmin vaxt tərtib edilmiş və 1969-cu ilin iyulunda keçirilən Büro iclasının materialları arasındakı arayışlardan alıram.
Moskva milis idarəsinin rəisi A.Kozlovun xahişi ilə Gədəbəydən gəlmiş etirazçılar öz aralarından 7 nəfəri seçirlər və onları Sov.İKP MK Qəbul otağının müdiri V.Tixomirovun yanına aparırlar. Ancaq bir daha sezilir ki, onlar çox yüksək peşəkarlıqla təlimatlandırılıblarmış ki, nəyə hansı həddə qədər razılıq verməyi dəqiq bilirmişlər. V.Tixomirov onları qəbul edir, ancaq onlar yenə Moskvaya niyə gəlmələrinin, dərdlərinin nədən ibarət olmasının məzmununu açmaqdan imtina edirlər: "Bizim sözümüz şəxsən Leonid İliçədir!"
Şübhəsiz, rəsmi Bakı bu səfərin hər anından xəbərdar idi və rəsmi prosedurlara bələd olduqlarından onu da gözəlcə dərk edirdilər ki, Baş katib nümayəndə heyətini şəxsən qəbul edən deyil. Ona da, Mərkəzi Komitə katiblərinə də Azərbaycandan gələn bu şikayətçi dəstə haqda məlumat çatdırılacaq, lakin qəbul edən, dinləyən daha aşağı ranqlı məmurlar olacaq. Əslində umulan elə bu idi. Məqsəd məsələni bacardıqca şişirtmək idi. Aydın idi ki, istənilən halda Baş katibə məruzə ediləcək, Kremlə açıq şəkildə eşitdirilmiş olacaq ki, xalq Azərbaycandan, Gədəbəydən hansısa ərazilərin ayrılıb Ermənistana verilməsinə qarşıdır.
Azərbaycanlı nümayəndələri Kreml məsulları Starçenko, Tixomirov və Kiselyov qəbul edirlər. Qonaqları əmin etməyə çalışırlar ki, şikayətinizin nədən ibarət olduğunu deyin, söz veririk ki, Mərkəzi Komitə qaldırdığınız sualların ədalətli həlli üçün zəruri tədbirləri görəcəkdir.
Ancaq şikayətçilər yenə yola gəlmirlər, müqaviməti bir qədər də davam etdirmək lazımdır. Bir neçəsi danışır. Deyirlər ki, biz bura o qədər uzaq məsafəni qət edərək, çətinliklərdən keçərək, maneələri adlayaraq gəlib çatmışıq. İndi bu qədər əziyyət çəkib Moskvaya yetişəndən sonra da bizim böyük rəhbərimiz Leonid İliç Brejnevlə görüşümüzə imkan verilmir. Biz şikayətimizin mahiyyətini ya yoldaş Brejnevə, ya da yoldaş Kosıginə birbaşa çatdırmaq istəyirik.
Vəziyyəti belə görəndə qət edirlər ki, şikayətçilərə sabaha qədər dincəlmək imkanı yaradılsın. Kremlin qəbul otağının müdiri və Daxili İşlər Nazirliyi təmsilçilərinin köməyi ilə gədəbəylilərin hamısı xüsusi olaraq onlarçün ayrılmış mehmanxanada yerləşdirilir.
Gecə ilə Azərbaycandan Gədəbəy Rayon Partiya Komitəsinin birinci katibi İ.Allahverdiyevi Moskvaya dəvət edirlər. Ertəsi günü Kremldə gədəbəylilərlə söhbəti Sov.İKP MK-nın Təşkilati-partiya işi şöbəsinin instruktoru A.Kiselyov aparır. Həmin qəbulda artıq həm Gədəbəy raykomunun birinci katibi, həm də Azərbaycanın Moskvadakı Daimi nümayəndəsinin müavini E.Hüseynov iştirak edirlər.
Artıq görüş rəsmi formata girmişdi və danışmaq olardı. Bir-bir söz alırlar - Əhməd Mirzəyev, Həsən Qiyasov, Əli Qasımov və digərləri qısaca həm tarixçəni çatdırırlar, həm də üzləşdikləri bəladan bəhs edirlər, qadınlardan da Nənəxanım və Sədat Cəfərovalar çıxış edir. Həmin vaxt hazırlanmış arayışda onların nə söylədikləri də əksini tapıb. Demişdilər ki, biz köçəri deyilik, bu torpaqlarda ən qədim zamanlardan babalarımız yaşayıb, sizdən torpağımızı istəyirik. Biz əkinçiliklə, heyvandarlıqla dolanırıq. Son 2 ilə qədər sakit yaşayırdıq, ancaq indi Ermənistanın Şəmşəddil rayonunun rəhbərliyi yuxarıların razılığı ilə torpaqlarımızı əlimizdən alaraq bizi aclığa və səfalətə məhkum edib. Söyləmişdilər ki, Qaravəllər və Tağlar kəndlərində 400-500 təsərrüfat var. İndi bizim yaşamağa heç nəyimiz yoxdur. Bizim əlimizdən mal-qaramızı otarmaq, ot biçmək, əkib-becərmək imkanımızı alıblar. Qonşu Şəmşəddil rayonunun Ayqedzor kəndinin sakinləri bizim üstümüzə hücum edirlər, bizə xətər yetirirlər, milli hisslərimizi təhqir edirlər, bizi böyük qarşıdurmalara təhrik edirlər. Qanunsuz tikintilər aparırlar, qayaları partladırlar. O partlayışlar zamanı heyvanlarımız tələf olub, neçə nəfərimiz xəsarət alıb. Ermənilər bizim sahələrə 200 başdan artıq donuzlarını buraxıblar və bununla da bütün bağ-bostanımız, əkdiklərimiz məhv olub. Bütün bunların əsas səbəbkarı isə Şəmşəddilin raykom katibi Avakyandır. O, bizim üstümüzə silahlı həmlə təşkil elədi, böyüyə-kiçiyə, qadına-uşağa baxmadan vəhşicəsinə döydürdü, neçə nəfəri də əsir kimi götürüb Şəmşəddil rayon mərkəzinə apardılar. Həm də sadəcə aparmadılar, maşınlara, traktorlara bağlayaraq, torpaqla sürüyərək apardılar. Onların bir çoxu uzun müalicədən sonra da sağalmadı, şikəst qaldı.
Gədəbəylilər danışırdılar və etiraz edirdilər ki, keçən il Mərkəz bizim torpaqlarımızın Ermənistana məxsus olması haqda qərar qəbul edib. Biz bu qərarla razı deyilik və rayonlarımız arasında əsrlərcə mövcud olmuş sərhədlərimizi nəzərə alaraq ona yenidən baxılmasını xahiş edirik. Əgər hətta qəbul etsək ki, həmin qərar düz imiş və sərhədlər elə həmin qərarda göstərildiyi kimi olmalıymış, onda nəyə əsasən ermənilər ora bir neçə həftə əvvəl təzədən texnika tökərək yeni sərhəd xətti qazmağa başladılar?
Yekun olaraq gədəbəylilərin sözü bu idi ki, Moskvaya gəlməkdə ümidimiz məruz qaldığımız ağır sıxıntıları yoldaş Brejnevə yetirmək və ondan bu məsələləri araşdıran xüsusi komissiya yaradılmasını rica etməkdir.
Onların çıxışlarından sonra Kreml təmsilçisi A.Kiselyov da cavablarını verir. Deyir ki, biləsiniz, hətta Ermənistanla aranızdakı bu ərazi mübahisəsi olmasaydı belə, Azərbaycan KP MK plenumunun qərarı var, Hacılı kənd soveti, bir çox ətraf kəndlərin böyüdülməsi nəzərdə tutulur, Qaravəllər və Tağların da həmin qərarla başqa, daha münasib yerə köçürülməsi qət edilib.
Təbii ki, onin dedikləri öz sözləri deyildi, rəhbərliyin rəyi, Kremlin mövqeyi idi. Bildirir ki, o torpaqlar ki artıq rəsmi qərarla Ermənistana verilib, onlar geri qaytarılmayacaq. Ancaq o sərhəd xətti ki həmin qərardan sonra müəyyənləşdirilib, o da dəyişməyəcək.
Başqa sözlə, bu səfərin başlıca məqsədi baş tutmuşdu. Niyyət ondan ibarət idi ki, Ermənistanın əldə etdiyindən daha artığına nail olmaq üçün atdığı və real təhlükələr vəd edən addımlarının qarşısı alınsın. Həmin səylərinsə, elə əvvəlki qərar kimi, həyata keçməsinə rəvacı son olaraq Moskva verəcəkdi. Bu gəliş Moskvanı həmin mümkün addımdan daşındırmaqçün həlledici rolunu oynamışdı. Bu səfər anlatmışdı ki, riskli təşəbbüs ciddi fəsadlara gətirib çıxara bilər və ona görə də bəyan edirdilər ki, daha sərhədlərdə dəyişiklik olmayacaq.
Üstəlik, əvvəldən Qaravəllər camaatının da başqa Gədəbəy kəndlərinə köçürülməsi qərara alınmışdısa, bunun da qarşısı alınır. Köçürülmə düşünülürdüsə, demək, həmin ərazinin də Moskva tərəfindən Ermənistana peşkəş olunacağı gözaltı edilibmiş.
Gədəbəyli 41 kolxozçunun Moskvaya o səfəri, həmin etiraz səbəb olur ki, təxirə salmadan Bakıda 1969-cu il iyulun 14-də Mərkəzi Komitə Bürosunda Gədəbəy rayonundakı Kalinin və Nərimanov adına kolxozların iqtisadi yüksəlişini təmin etməklə bağlı xüsusi qərar da qəbul edilir və Azərbaycanın onsuz da istədiyi bu məsələni belə təcili gündəliyə gətirmək, əməli tədbirlər görmək idi. İndi isə bunu həm də birbaşa Kremlin tövsiyəsi kimi və daha geniş həcmdə həyata keçirməyə əlverişli imkan yaranmışdı. Çünki gədəbəyli kolxozçuların Kremlə gedişindən sonra artıq Moskva Bakıya, Mərkəzi Komitəyə narazı əhaliylə danışıqlar apararaq onları sakitləşdirmək tapşırığını vermiş, həmin kəndlərdə əhalini məmnun edəcək müəyyən tədbirlər görməyi məqsədəuyğun saymışdı.
Moskvada Kreml sözçüsü Kiselyov elan etmişdi ki, Sov.İKP MK həm Azərbaycan, həm Ermənistan rəhbərliklərinə tapşırıb - Qaravəllər və Tağlar kəndlərində kənd təsərrüfatı üzrə Mərkəzi Komitə katibləri səviyyəsində görüşlər təşkil edilsin, nə şikayətləriniz, iradlarınız var, söyləyəsiniz və bütün açıq qalmış problemlər də həllini tapsın.
Moskvada elə demişdilər, Bakıda isə respublika rəhbərliyinə yenicə gəlmiş Heydər Əliyev elə həmin Kreml zəmanətindən yararlanaraq bir az da artığını edir: MK katiblərinin görüşü öz yerində - qoy o da olsun, cari məsələlərə baxılsın, həll yolları aransın, mübahisəli məqamlara aydınlıq gətirilsin, fəqət ümdə olan sərhədlərin toxunulmazlığıdır və bu məsələyə də mütəmadi qayıtmamaqçün başqa daha mühüm bir görüşə və söhbətə lüzum var.
Yerevanla, Mərkəzi Komitəylə telefon laqəsi yaradır və Birinci katib Anton Koçinyana "Görüşməyimiz, bir sıra məsələləri müzakirə etməyimiz lazımdır", - deyir.
İki onillik sonra, Ermənistanın Azərbaycana qarşı yeni ərazi iddialarının qanlı qarşıdurmalara gətirib çıxaracağı ərəfələrdə, Qarabağ ocağının bütün şiddəti ilə yanmağa başlamasından az öncə Moskvadan Azərbaycana təzəcə qayıtmış Heydər Əliyev xəyalən 1969-cu ilə qayıdır və hər gününün tarım gərilmiş sim kimi olduğu hadisələri xatırlayırdı: "Birinci katib seçiləndən ay yarım sonra, 1969-cu ilin sentyabrında Ermənistan KP MK-nın Birinci katibi Anton Koçinyana zəng edib onunla görüşmək istədiyimi bildirdim. Görüşümüz Qazax rayonu ilə İcevan rayonunun sərhədində oldu. Mən məsələni qəti qoydum və Koçinyana təklif etdim ki, Ermənistandakı millətçi adamları öz ərazi iddialarından çəkindirmək üçün əməli, konkret işlər görsün. Zənnimcə, o görüşümüz səmərəli oldu. Çünki sonrakı dövrlərdə respublikalarımız arasında bizi narahat edən hadisələr baş vermədi".
Azərbaycan və Ermənistan birinci katiblərinin görüşünün daha bir nəticəsi də bu olur ki, 1969-cu ilin 17 noyabrında Heydər Əliyev, Anton Koçinyan və SSRİ kənd təsərrüfatı naziri Vladimir Matckeviçin imzası ilə Sov.İKP MK-ya bir məktub göndərilir. Həmin məktubda əldə edilmiş müştərək razılığın ifadəsi olaraq belə bir təklif də yer alırdı ki, gələcəkdə tərəflər arasında yeni qarşıdurmaların baş verməməsindən ötrü Ermənistanın Şəmşəddil rayonu Ayqedzor kolxozunun sərhədin yaxınlığında, 1968-ci il iyun razılaşmasına görə əslində yalnız tərəflərin ot biçmək üçün istifadə edə biləcəkləri yerdə tikdiyi ferma daha aralıya - artıq rəsmən onlara verilmiş Tağlar kəndində hələ yaşamaqda olan əhali başqa Gədəbəy kəndlərinə köçürülüb qurtarandan sonra oradakı meşəlik əraziyə keçirilsin.
...Bu hadisələr cərəyan edəndə Ermənistana da, Azərbaycana da çox faciələr gətirəcək iki Qarabağ müharibəsi də, 30 illik işğaldan sonra, nəhayət ki, millətimizə qəddini şax tutmaq xoşbəxtliyi bağışlayan misilsiz Zəfərimiz də xeyli uzaqda idi.
O köhnə çağlarda ermənilərlə yaxın sərhəddə həmişə mərd-mərdanə dayanmış gədəbəylilər yeni zamanın bu ağır sınağından da kişi kimi, alnıaçıq, üzüağ çıxdılar. Həmin Qaravəllər kəndi ilə erməni hərbçilərin yerləşdiyi postun arası vur-tut 70 metr idi. 30 ilə yaxın sürən Qarabağ müharibəsi dönəmində bu kəndin uşaqları düşmən silahlarının hədəfində olan talalarda oynaya-oynaya, erməni avtomatlarının tuşlandığı yollarla məktəbə gedib-gələrək böyüdülər, ailə qurdular, oğul-uşaq sahibi oldular, cəbhələrə yollanıb döyüşdülər, hansılarınınsa bu kəndə Üçrənglimizə bürünmüş tabutları gəldi, yaşlaşmış ata-anaları, səksəkəli yaşayışa adət etmiş məğrur valideynləri şəhid övladlarını kənd məzarlığına da yenə düşmən snayperlərinin nişangahında olduqlarından çəkinmədən, əyilmədən vüqarla apardılar...
...Azərbaycanın da Sovet İttifaqının tərkibindəykən qatıldığı, dünyanı faşizm taunundan xilas etmək naminə yüz minlərlə qurban verdiyi, o vaxtlar Böyük Vətən müharibəsi adlanmış savaşda qələbənin əsas müəlliflərindən biri fədakar neftçilərimiz, cəbhəni 1941-1945-ci illər boyunca yanacaqla təmin etmiş Bakımız oldu. Həmin müharibənin gedişində şücaətli izlərini qomuş yerlərə "Qəhrəman şəhər" fəxri adı verilirdi və zamanına görə bu adın o şəhərlərə gətirdiyi bir çox imtiyazlar da vardı. Azərbaycana qarşı Sovetin bir haqsızlığı da bu oldu ki, o vaxt o adı "qara qızıl"lı Bakımızdan əsirgədilər.
Azərbaycan 2020-nin noyabrında bütün tarixinin ən ali qələbəsini çaldı, düşməni xar etdi, illərlə həsrətində olduğumuz əsir yurdlarımızı işğaldan qurtardı.
İndi millətimizə bu səadəti nəsib etmiş yüzlərlə, minlərlə igidimizin köksünü Qələbəmizin rəmzi olan təltiflər bəzəyir. O kökslərə iftixar etmədən, qəhərlənmədən baxmaq olmur. Amma mən çox istərdim ki, Böyük Milli Savaşımız və Zəfərimizdə müstəsna hünəri olan şəhərlərimiz, kəndlərimizi də ağırlamaq, daha da şərəfləndirməkçün onlara xüsusi imtiyazlar da verən və artıq yaşanmış tarixdə örnəyi də olan "Qəhrəman yurd" deyilən bir təltif də yaransın.
Əgər haçansa bu ənənə bizdə yaranacaqsa, gərək "Qəhrəman yurd" adlanmaq şərəfinə layiq görülənlərdən biri elə Gədəbəyin Qaravəlləri ola və bu göyçək, yenilməz bölgəmizin cəsur insanlar yaşayan daha neçə kəndi, qəsəbəsi.
Əgər yaxın sabahlarımızda milli təltiflərimiz sırasında "Qəhrəman yurd" şərəfləndirməsi də yerini tutacaqsa, gərək mükafatlandırmaqçün yada ilk düşənlər sırasında Qazaxın, Tovuzun, Naxçıvanın, Gəncəbasarın, Qarabağın... bu tarixi sınaqda dəyanət, şücaət rəmzinə dönməyi bacarmış, mətin insanlarla bəzənən şanlı obaları ola!
Bugünün ucalarından dünənimizin bəzən qəmli, hərdən itkili, ancaq daim sınaqlı və mübarizəli səhifələrinə tez-tez baxaq ki, gələcək yollarında büdrəməyək, qazandıqlarımızın qədrini daha çox bilək, bu fəxarəti bizə qismət edənlərə minnətdarlığı heç vədə unutmayaq, həmişə də bundan da artığına, daha yüksəyinə doğru can ataq!
9 avqust 2023
Rafael HÜSEYNOV, akademik