Bakı Dövlət Universitetinin (BDU) tələbələri ADA Universitetinin təşəbbüsü ilə keçirilən I Beynəlxalq Proqramlaşdırma Düşərgəsində iştirak edirlər.
Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.
Düşərgədə BDU-nun Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin tələbələri - İsmayıl Zeynalov, Rüfət Talıbzadə, İzzət Məmmədov, Nicat Məcidov, Rəşid Babazadə Hüseyn Məmmədli iştirak edirlər. Ümumilikdə isə düşərgədə Belarus, Qazaxıstan, Gürcüstan universitetlərinin komandaları və Azərbaycan universitetlərinin komandaları yarışır. Ümumilikdə 18 komanda şəklində 50 nəfərin iştirak etdiyi düşərgədə həm də məşqçilərdən ibarət 2 komanda fəaliyyət göstərir.
Layihə üzrə silsilə turnirlərin təşkilində əsas məqsəd bu ilin noyabrında Misirdə universitet komandaları arasında keçirilməsi planlaşdırılan Beynəlxalq Proqramlaşdırma Müsabiqəsinin (ICPC) finalında, eləcə də 2023-2024 “ICPC” mərhələsində iştirak üçün komandaları hazırlamaqdan ibarətdir. “ICPC” kimi tanınan Beynəlxalq Proqramlaşdırma Müsabiqəsi hər il dünyanın müxtəlif universitetləri arasında keçirilən proqramlaşdırma üzrə çoxmərhələli rəqabət yarışıdır.
Düşərgənin proqramına müsabiqələrdən əlavə, Bakı şəhər turu, dəniz kənarına səyahət və iştirakçıların asudə vaxtlarının əyləncəli keçirilməsi üçün futbol və voleybol oyunlarının təşkili də daxildir.
