Logo

"Din araşdırmaları” jurnalının növbəti nömrəsi nəşr olunub

17.08.2023 16:50 190 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) elmi fəaliyyətinin əsas göstəricilərindən biri olan “Din araşdırmaları” jurnalının 10-cu nömrəsi nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

İldə iki dəfə nəşr olunan jurnalın yeni nömrəsində 16 məqalə yer alıb. Din psixologiyası, din sosiologiyası, təfsir, kəlam, fəlsəfə, İslam hüququ və tarix kimi bölmələrdə yer alan elmi məqalələr öz sahəsinin peşəkar və nüfuzlu tədqiqatçıları tərəfindən təqdim edilib. Jurnalda Azərbaycan, türk və ərəb dillərində məqalələr dərc olunub.

Jurnalın əsas məqsədi psixologiya və fəlsəfə üzrə, o cümlədən dinin tarixi, fəlsəfəsi, din sosiologiyası və din psixologiyası üzrə aparılmış yeni tədqiqatları, araşdırmaları Azərbaycan, rus, ingilis, türk və ərəb dillərində təqdim etməkdir. “Din araşdırmaları” jurnalı qeyd edilən yöndə tədqiqat aparan alimlər, ilahiyyatçılar, dinşünaslar, o cümlədən bu sahəyə marağı olan tələbələr, oxucular və qurumlar üçün nəzərdə tutulub. Jurnalın redaksiya heyətinin üzvləri Azərbaycanla yanaşı, Türkiyə, Rusiya, Pakistan, Qazaxıstan, İran və İsveçrə kimi ölkələrdə fəaliyyət göstərən nüfuzlu alimlərdən ibarətdir.

“Din araşdırmaları” jurnalının tanınmış beynəlxalq indekslərə daxil edilməsi istiqamətində bir sıra işlər görülür. Bununla bağlı institut tərəfindən müasir standartlara, beynəlxalq jurnallarda məqalələrin yazılması və yayımlanması tələblərinə uyğun olaraq jurnalın rəsmi internet saytı hazırlanıb və artıq fəaliyyət göstərir. Nəşrin növbəti sayından etibarən alimlər məqalələrini rəsmi internet saytı vasitəsilə göndərəcək və araşdırmalarının statuslarını saytda yaratdıqları profil vasitəsilə izləyə biləcəklər.

Qeyd edək ki, jurnalın nəşr qaydaları Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə, həmçinin bu sahədəki beynəlxalq standartlara uyğun olaraq hazırlanıb.

“Din araşdırmaları” jurnalı 2020-ci ildən AAK tərəfindən fəlsəfə və psixologiya üzrə elmi məqalələrin dərc olunması tövsiyə edilən dövri elmi nəşrlərin siyahısına daxil edilib.

Xəbər lenti