Yeni tədris ili ərəfəsində “Azərbaycan müəllimi”ndə yeni rubrikaya start veririk. “Əməkdar müəllimlərimizi tanıyaq” rubrikası altında təhsildə xidmətləri ilə seçilən təhsilverənlərimizin uğur hekayələrini paylaşacağıq. Həmin müəllimlərimizin əldə etdikləri hər uğurun arxasında müəllimlik eşqi, peşə həvəsi ilə yanaşı, ağır zəhmət, öz üzərində çalışma əzmi, yenilikləri ilk tətbiq etmək ehtirası dayanır. İlk qonaqlarımız Qazax-Tovuz regionunda fəaliyyət göstərən müəllimlərdir. Qazax rayonu Xanlıqlar (əvvəlki adı Musaköy olub) kənd tam orta məktəbin müəllimi Xatın Hüseynxanova və Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbin müəllimi Ceyran Məmmədovadır.
Əməkdar müəllim sertifikasiya imtahanına hazırlaşır
Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Ceyran Məmmədova 64 yaşındadır. Müəllimlik fəaliyyəti ömrünün 42 ilini əhatə edir. Deyir ki, bu ömrü yenidən yaşamalı olsa, yenə müəllimliyi seçər.
O, müəllimliklə seçilib, sevilib, bu peşədə tanınıb, yüksəlib.
Tovuz rayonunun Öysüzlü kəndində doğulan Ceyran Məmmədova elə bu kənddə ilk dəfə məktəb üzü görüb. Öysüzlü kənd məktəbinin məzunu olaraq müəllimliyi seçib və müəllim olmaq istəyən yüzlərlə gənc kimi Azərbaycan Dövlət Pedaqoji İnstitutuna üz tutub. 1980-ci ildə institutu fərqlənmə diplomu ilə bitirərək doğulub-böyüdüyü rayona təyinat alıb. Tovuzun Əlibəyli kəndində müəllimlik fəaliyyətinə başlayıb. Elə o illərdən də şagirdlərinin sevimlisinə çevrilib. Peşəsinə vurğunluğu artdıqca şagirdlərinin ürəyində sevgisi də böyüyüb. Amma qurduğu bağı qısa zaman, 6 il sonra qoparmalı olub. Ailə qurduğu üçün yaşayış yerini Tovuz rayon mərkəzinə, iş yerini Tovuz şəhər A.S.Puşkin adına tam orta məktəbinə dəyişib. Bu dəyişikliyi qəbul etmək şagirdləri üçün heç də asan olmayıb: “Şagirdlərim məni çox sevirdilər. Kövrəlib, ağlayan belə oldu getdiyimi biləndə. Kənddə məktəbdən avtobus dayanacağına qədər mənimlə gələrək yola saldılar. Onlara söz verdim ki, imkan tapdıqca onlara baş çəkəcəyəm. Nəinki onlar oxuduğu müddətdə, hətta məzun olandan sonra da əlaqələrimizi itirmədik. Ötən il məzun olmalarının 25 ilini qeyd edirdilər, mən də dəvətli idim”.
C.Məmmədova sinfə girdiyi gündən peşəsini necə mənimsəyibsə, özünü bu peşədən ayrı təsəvvür etmir: “Təqaüd vaxtım çatsa da heç getmək, məktəbdən, şagirdlərimdən ayrılmaq istəmirəm. Dünyaya neçə dəfə gəlsəm, hər dəfə müəllimliyi seçərəm”.
Bu peşədə o, uğuru, yüksəlişi dadıb, seçilib, sevilib, qiymətləndirilib, mükafatlandırılıb: “Müəllimliyimin ilk 10 ili tamamlanmadan baş müəllim oldum. İki dəfə nazir Misir Mərdanov məni “Fəxri fərman”la təltif edib. “Azərbaycan Respublikasının qabaqcıl təhsil işçisi” döş nişanım var. “Əməkdar müəllim” fəxri adına layiq görülmüşəm və bu mükafatı mənə elm və təhsil naziri Emin Əmrullayev təqdim edib”.
Əməkdar müəllim qazandığı bu uğurlarla kifayətlənmək niyyətində deyil. O, sertifikasiya imtahanında da yaxşı nəticə əldə etməyə iddialıdır. Belə ki, Əməkdar müəllim sertifikasiya imtahanında iştirak edəcək: “Könüllü müraciət edərək imtahanda iştirak etmək arzusunda olduğumu bildirmişəm. Avqustun 31-də imtahan verəcəyəm”.
Ceyran müəllim deyir ki, imtahana ciddi hazırlaşır: “İlk diaqnostik qiymətləndirmədə də yüksək nəticə göstərmişdim. Sertifikasiya imtahanına da qatılaraq özümü təsdiq etməkdə qərarlıyam. Mən öz peşəmin vurğunuyam”.
“İllərdir sərf etdiyim əməyin mükafatı”
63 yaşlı Əməkdar müəllim Xatın Hüseynxanova Qazaxın Böyük Cəfərli kəndindəndir. Amma ömrünü Xanlıqlar kəndi ilə bağlayıb. Müəllimlikdə zirvəyə də məhz burada yüksəlib: “Doğulduğum Cəfərli kəndində ibtidai sinfi bitirdim. Sonra Qazax şəhərində S.Vurğun adına 2 nömrəli tam orta məktəbdə kimya təmayüllü sinifdə oxudum. Orta təhsilimi fərqlənmə ilə bitirib Kirovabad (indiki Gəncə Dövlət Universiteti) Dövlət Pedaqoji İnstitutuna daxil oldum”.
İnstitutu “Biologiya” ixtisası üzrə uğurla bitirərək təyinat alır. Gənc müəllimin ilk təyinat yeri Qazaxın Dəmirçilər kənd məktəbi olsa da, tezliklə ailə quraraq Xanlıqlar kəndində məskunlaşır və iş yerini də bu kəndə dəyişir: “Yenicə parta arxasından durmağıma baxmayaraq fəaliyyətimin ilk günlərindən yuxarı siniflərdə dərsə girdim və şagirdlərimə özümü sevdirdim”.
Müəllimlikdə uğurunun başlıca səbəbinin çox oxuması, mütaliə etməsi olduğunu deyən Xatın müəllim bu fikirdədir: “Biologiya bir dəryadır, ordan başqa cür çıxmaq olmazdı”.
Hər gün dərsə oxuyaraq, hazırlaşaraq gedib. Sadəcə dərslik deyil, biologiyaya aid çoxlu ədəbiyyatlar oxuyub: “Çox oxuyur, çox hazırlaşırdım. Elə indi də bu vərdişim qalıb. Hər gün dərsə hazırlaşır, gündəlik işləyirəm”.
Yaxşı müəllim olmağı qarşısına məqsəd qoyub: “Fəaliyyətə başladığım ilk illərdən sevildim və tanınmağa başladım. 1991-ci ildə müstəqil Azərbaycanda ilk “İlin ən yaxşı müəllimi” müsabiqəsi keçirildi və mən həmin müsabiqəyə qatılaraq qalib oldum. Hələ 7 il idi fəaliyyət göstərirdim və müsabiqəyə həyəcanla qatılmışdım. Rayonumuzdan bu müsabiqədə tək iştirak edirdim. Ümumilikdə ölkə üzrə 80 bioloq arasında fərqləndim. Müsabiqə nəticəsində nüfuz qazandım və baş müəllim oldum. Bu müsabiqə ilə müəllimlikdə uğur yolum açıldı”.
Beləliklə, rayonun fəal müəllimi olaraq həm tədbirlərdə iştirak edib, həm də mətbuatda məqalələri çıxıb. 2011-ci ildə “Tərəqqi” medalına layiq görülüb. Daha çox inkişaf etmək, daha böyük nailiyyət qazanmaq onun əsas qayəsi olub. 2012-ci ildə “İlin ən yaxşı müəllimi” müsabiqəsinə yenidən qatılıb. Budəfəki müsabiqənin şərtləri daha ağır, amma mükafatı da böyük idi: “52 yaşında idim, məktəblərdə kompüterləşmə başlamışdı. Düzdür, kompüter kəndə hələ gəlib çıxmamışdı, amma müsabiqədə dərsi İKT-dən istifadə edərək keçmək tələbi qoyulmuşdu. Bu tələbi ödəyə bilmək üçün Bakıya gedib kompüterdən istifadə etməyi öyrəndim. Sınaq dərsim martın 1-də idi. Novruz bayramı ərəfəsi olduğu üçün sınaq dərsinə Qazaxdan apardığım xonça ilə girdim. Xonçadan dərsə aid əyani vəsait - çiy yumurta, bişmiş yumurta, quş və s. çıxdı və şagirdlər quşların çoxalması mövzusunu elə sinifdəcə özləri araşdırıb nəticəyə gəldilər. Şəhər məktəbinin dərsinə ilk dəfə girdiyim şagirdlərini ilk 5 dəqiqə içərisində ələ aldım və dərsdə hər birinin iştirakını təmin etdim. Dərsimdə iştirak edən komissiyadan ən yüksək bal - 10 bal aldım. Bu müsabiqədə də uğurla iştirak edərək 5000 manat mükafatı qazandım”.
Xatın müəllim deyir ki, nəinki müsabiqə üçün keçdiyi dərslərə, hər bir dərsinə məsuliyyətlə hazırlaşır. Çünki sinfin yeri onun həyatında başqadır: “Sinifdə aktyor oluram. Bütün problemləri sinifdən qıraqda qoyub girirəm dərsə. Hər şeyi unutduğum yerdir sinif. 45 dəqiqə necə keçir, nə mən hiss edirəm, nə də şagirdlərim. Hər zaman deyirəm ki, sinifdə qurulan dərsi başqa heç yerdə eyni keyfiyyətlə keçmək mümkün deyil”.
Xatın müəllim dərsi üçün can qoyub, mükafatını da alıb, həm şagirdlərindən, həm də dövlətdən: “2017-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görüldüm. Bu, mənim yaxşı müəllim olmaq üçün illərdir sərf etdiyim əməyin mükafatı idi. Amma bu həyatda da, müəllimlikdə də ən böyük uğurum minlərlə müəllim arasından seçilərək Şuşada keçirilən festivala aldığım dəvətdir və 2022-ci ildə iştirak etdiyim bu tədbiri bütün mükafatlarımın zirvəsi hesab edirəm”.
63 yaşı olsa da Xatın Hüseynxanova sertifikasiya imtahanına da hazırlaşır: “Sertifikasiyadan da keçəcəyəm. Ancaq mən bu il də imtahan vermişəm. Bilirsiniz ki, 4 fənn - biologiya, kimya, fizika və coğrafiya fənləri V-VI siniflərdə təbiət fənni kimi keçiləcək. Məktəblərdə hər müəllim bu fənni tədris edə bilməyəcək. Bu yay imtahan verib təbiət fənnini keçmək üçün sertifikat aldım. Bunun üçün təlimlərə qatılmışdım. Təlimdə iştirak edən ən yaşlı müəllim mən idim”.
Bir sözlə, Xatın müəllim bu yaşında da öz üzərində işləməkdən, tədrisdə yenilikləri ilk tətbiq etməkdən yorulmur. Deyir ki, 65 yaşından sonra da dərs keçmək istəyir. Tanrı ömür versə, şagirdlərindən ayrılmayacaq.
Ruhiyyə DAŞSALAHLI