Logo

Adamtanıyanın seçimində yanılmadıqları və sonacan tanımadıqları

18.08.2023 22:47 289 baxış
IMG

Bu həqiqət ondan yüzillər əvvəl də bəlli idi, lap minillər qabaq da. Bu, qaçılmaz bir gerçəkdir ki, harada iş varsa, o işi görmək, irəli aparmaqçün də mütləq adamlar lazımdır. Həm də o iş elə sadəcə nəyisə daşımaq, qaldırmaq, buradan götürüb-ora qoymaq deyilsə, yəni sadəcə bədən gücüylə başa gəlmirsə, ağla, qabiliyyətə də ehtiyac duyulursa, demək, işçinin də gərək yaxşısı, qabili arana.

1935-ci il mayın 4-ü idi, Kremldə hərbi akademiyaların məzunları qarşısında sovet dövlətinin başçısı İosif Stalin çıxış edirdi və çox keçmədən hərəsi bir komandir olacaq, tabeçiliyində neçə-neçə insan olacaq cavanlara nəsihət verirdi, adamlarla necə işləmək, onları necə seçmək, qədirlərini nə təhər bilməyin yolunu göstərirdi. Deyirdi ki, biz hər şeydən əvvəl insanları qiymətləndirməyi öyrənməliyik, ümumi işimizə xeyir gətirə biləcək hər işçini qiymətləndirməliyik. Əvvəl-axır anlamaq lazımdır ki, dünyada olan bütün sərvətlərdən ən qiymətlisi, ən həlledicisi insanlardır, kadrlardır.

Stalin bu sözləri deyəndə onun lideri olduğu Sovetlər İttifaqında coşqun quruculuq gedirdi, sənayeləşmə inkişafdaydı və həyatın sürətlərinə uyğun bir şüar dillər əzbəri idi: "Hər şeyi texnika həll edir!"

Və həmin gün Stalinin dilindən qopan, ondan çox-çox zamanlar əvvəldən də bəlli olan həqiqəti ifadə etsə də, indi məhz onun dilindən eşidildiyindən və elə ata sözü kimi də səsləndiyindən dərhal dillərə düşdü. Stalin ölüb getdi, onun epoxası da, sovet dövləti də tarixin dibinə çökdü, sərrast deyilmiş doğru fikirsə elə Stalinin dediyi şəkildə yenə yaşamaqdadır, yenə düşüncələrdədir: "Hər şeyi kadrlar həll edir!"

Heydər Əliyev Azərbaycan Respublikasını sovet dönəmində və müstəqillik illərində üst-üstə 20 ildən artıq müddətdə idarə etdi və bu fərqli tarixi mərhələlərdə hər bir rəhbər kimi, təbii ki, apardığı siyasətə uyğun komanda qurmağa çalışdı. Müstəqillik illərində onun yürütdüyü kadr siyasəti özü də əslində 2 mərhələyə ayrılır və Azərbaycan rəhbərliyinə qayıdışının ilk illərində Heydər Əliyevin zahirən gözlənilməz görünən, sanki məzacına, peşəkar xislətinə heç uyğun gəlməyən təyinatlar əslində mahir bir qrossmeysterin şahmat taxtasında indi irəlilətdiyi fiqurlarla 5-6 gedişdən sonrakı münasib vəziyyəti hazırlaması kimi siyasət gəzişmələri idi. Ancaq bunlar haqqında ayrıca bəhs edilməli və müasir dövlətçilik tariximizin macəralı səhifələridir. 1969-cu ildə Azərbaycan Respublikasının Birinci şəxsi kimi fəaliyyətə başlayarkənsə Sovet İttifaqında kadr siyasətinin oturuşmuş ülgüləri vardı, bu məsələlərdə əslində bir sıra hallarda heç sonacan sərbəst də deyildin, Kremlin nəzarəti də olmamış deyildi, sıçrayışlı, xüsusən də buna layiq olmadan vəzifə ucalışları mümkünsüz kimi idi. Bir silsilə başqa məziyyətlər və ideoloji əminlikdən savayı peşəkarlıq, yolkeçmə, təcrübə də ümdə şərtlər sırasında idi. Seçmək imkanı da yetərincə geniş idi, müxtəlif yaş nəsillərindən olan püxtə kadrlar az deyildi. Lakin sənin iş üslubuna və dövləti idarəetmə məramlarına cavab verməkçün hər şeyi kadrların həll etməsi həqiqətinin sənin apardığın xəttə müvafiq olaraq təsdiqini tapa bilməsi üçün gərək öz məramına və dəsti-xəttinə tən gələn kadrları seçə idin.

Və Heydər Əliyev də gələn kimi başlamışdı seçməyə, ələməyə və bu işi də uzun müddət, illah da 1970-ci illərin ortalarından da bir az sonrayadək məxsusi vasvasılıqla davam etdirdi.

Adı Rusiyanın tarixinə yalnız bu dövlətin müstəqillik dönəmindəki ilk Prezidenti kimi deyil, həm də beynəlxalq səviyyədə ölkə başçısı əyyaşlığının əcaib nümunəsi kimi düşmüş Boris Yeltsin 1990-cı ildə Moskvada nəşr edilmiş və ayrı-ayrı görkəmli şəxsiyyətlər haqqında etiraflarından çox iftiralarının yer aldığı "İspovedğ na zadannuö temu" ("Verilmiş mövzuda etiraf") xatirələr kitabında Heydər Əliyevin də adını çəkir. O, ayağının tozu ola bilməyəcəyi siyasət və dövlətçilik nəhənglərindən Andrey Qromıko, Ukraynanın Birinci katibi, Siyasi Büro üzvü Vladimir Şerbitski və digərləri haqqında öz rəhbərliyi vaxtındakı daimi sərxoş halına uyğun olaraq hədyanlar gəyirəndən sonra çatır Heydər Əliyevə. Yazır ki, günlərin birində məxsusi olaraq bu məsələ ilə əlaqədar, əlində Heydər Əliyevin əleyhinə sənədlərin toplandığı bir qovluqla gəlir Baş katib Mixail Qorbaçovun yanına və deyir ki, bu adamı Siyasi Büroda saxlamaq olmaz. Guya 1 saat boyunca bu barədə danışıb Qorbaçovu yola gətirməyə çalışsa da, müsbət cavab ala bilmir. Və belə davam edir: "Doğrudur, nəhayət ki, Əliyevi fəxri fərdi təqaüdə göndərdilər. Ancaq bu çığıran, birmənalı şəkildə həll olunası problemi bu qədər uzatmaq nəyə lazım idi?"

Gövdəcə xırda olmasa da, mahiyyət və mənəviyyatca cılız Boris Yeltsinin dar qursağı sağında-solunda güclü şəxsiyyətləri qəbul edə bilməzdi və daxilindəki tezliklə Kremldə ən yüksək kürsüyə sahib olmaq ehtirasları onu Kremldəki çevrəsindəki sanballı simaların hər birinə kinli nəzərlərlə baxmağa sövq edirdi. Əslində elə Qorbaçovun özünün də Heydər Əliyevi gözü götürmürdü və mənsəbcə daha yuxarıda dayansa da, şəxsiyyətcə müqayisədə özünün qat-qat aşağıda olduğunu da anlayırdı, sadəcə, düşmənçiliyini daha səbirlə, əl altından aparırdı.

Baş nazirin birinci müavini, Siyasi Büro üzvü haqqında kompromat toplamaq nə Boris Yeltsinin səlahiyyətləri, nə də Kremldə tutduğu vəzifənin tələb və imkanları çərçivəsində idi. Bəs həmin qovluğu kimlər hazırlamışdı, ona kim ötürmüşdü?

Baxın ki, Moskva illərində Heydər Əliyev Nazirlər Soveti sədrinin birinci müavini kimi bir neçə və ən ağır sahələr üzrə məsul olaraq gecə-gündüz ona xas fədakarlıqla çalışmaqla yanaşı, həm də hər gün bu cür açıq və gizli rəzil həmlələrin mühasirəsindəymiş.

Və həmin Yeltsinəbənzərlər qaragüruhu hətta Kremldən uzaqlaşdırılandan sonra da təhlükə kimi baxdıqları, vəzifəsiz də onlardan böyük olduğunu dərk etdikləri Heydər Əliyevi siyasi səhnədən aralayaraq birdəfəlik yox etməyin yollarını gəzirmişlər, Özbəkistanda törətdikləri kimi, Azərbaycana qarşı da Qdlyanların murdar pəncəsini uzatmaq, həmin dalğada Heydər Əliyevlə də haqq-hesabı çürütməyi qəsd edirmişlər. Bu dalğadakı riyakarlıqlarından biri də o imiş ki, Heydər Əliyev haqqında cürbəcür şər-böhtanlaın cəmləşdiyi başqa qovluqları Dövlət arxivinə də ötürüblərmiş ki, lazım bildikləri fürsətdə o üfunətli kağızlara muzdlu "tədqiqatçılar"ını da qısqırtsınlar. Elə ediblər ki, bu gün də Rusiyanın Ən Yeni Tarix Dövlət Arxivində həmin qeybət bəlgələri istifadə üçün açıqdır.

Oradakı vərəqlərin bir çoxu isə Heydər Əliyevin sovet dönəmində respublikaya rəhbərlik edərkən yüksək vəzifələr etibar etdiyi kadrlar haqqındadır. Belə çıxır ki, guya onların heç biri dövlət-hökumət işinə yaxın buraxılmamalı adamlarmış. Sənəd donu geydirilmiş bu çürük mahiyyətli kağızlar onların hamısını ucdantutma qaralayır. O kadrlar ki Heydər Əliyev Moskvaya gələndən sonra yenə yüksək kürsülərdə qalırdılar, daha ali mərtəbələrəcən irəliləmək inkanları da istisna deyildi və potensialları da yüksəkdi, onları həmin iftiralı vərqlər bir az da quduzluqla ləkələməyə cəhd edirdi. Buradansa belə ehtimal da doğur ki, həmin qarayaxmalı vərəqlərin ifraz edilməsində beli Moskvaya bağlı və içərisi də Azərbaycanda birincilik yanğısı ilə daşan kimlərinsə iştirakı var - ilanı Seyid Əhməd əli ilə tutmaq hiyləsini işlədiblər, özləri üçün qabaqcadan yoltəmizləmə, gələcək mümkün rəqibləri rəfetmə tədarükü görüblər.

Fəqət mıxı mismar edən fələk tarixin səmtini dəyişib, SSRİ ölüb, o sənədlərin də zəhərinin təsir imkanı itib. Ancaq üfunəti hələ qalır axı. O bəd qoxunu eşələyib ətrafa yaymağa çalışan goreşənlər də hələ var və bəlkə gələcəkdə də ola. Çünki Heydər Əliyev tarixin o nəhənglərindəndir ki, bu qəbil şəxsiyyətlərin əleyhdarları həyatlarının bitməsi ilə tükənmir, ömürlərindən sonra da kölgəkimilər onların xatirəsini, izlərini qılınclamaqda, qarasına donquldanmaqda davam edirlər.

Doğrudur, karvan keçib gedir. Amma bugündən tarixə tərəf tutulan çıraqlar həmişə çox və gur olmalıdır ki, dünənin künc-bucaqları aydın görünsün. O qədər aydın ki, kiminsə ehtimallarla əyrini düz, düzü əyri göstərmək imkanı qalmasın, nə varsa olduğu kimi görünsün.

Heydər Əliyev kadrları necə seçirdi, kimlərə daha çox arxalanırdı, kimlərdən imtina edirdi, ətrafındakılara nə dərəcədə etibarı vardı, inandığı kadrları necə qoruyurdu, necə irəlilədirdi, gələcəyin kadr bazasını yaratmaqçün nə kimi səylər göstərirdi?

Keçmişdə də, elə indi də çoxdan ötüb getmiş qatarın arxasınca deyinənlər də Heydər Əliyev dövrünün kadr siyasətindən bəhs edərkən boyaları çox qatılaşdırır, bunu büsbütün yerliçilik amili ilə bağlamağa cəhd edir, o çağın istənilən vəzifəli kadrının hökmən naxçıvanlı, ya ermənistanlı olmasını sübut etməyə çalışır, hətta doğum yerləri başqa cür göstərilənlərin də əslində "Kiçik torpaq"dan olması haqda höcət aparırlar. Söz yox, onlar vardı, az da deyildilər. Lakin belə ifratçı yanaşma gerçəkliklə qətiyyən uyuşmur. Əsl həqiqət həmişə birrəngli deyil, çoxboyalı, çoxçalarlıdır. Axı bu, bizim həyatımızdır, içərisində olduğumuz Azərbaycandır. Nə, hansı həddə qədər olub, nələrsə bir qədər fərqli cərəyan edib, pozulub təzədən yazıla bilməz. Nə olubsa, məhz tarixdə qalan kimi baş verib və insanlarımız da olmuşların hər üzünə bələddir, elin gözü də tərəzi.

Heydər Əliyev Naxçıvandan gənclik çağlarında ayrıldı və əslində dönüb oldu bakılı. Yaşlı vaxtlarında, SSRİ-nin dağılması ərəfəsində Azərbaycana qayıdışından sonra təzədən köhnə yurda sığınmasınacan olan müddətdə onun Naxçıvan tərəflərə get-gəlləri barmaqla sayılacaq qədər az, həm də işlə bağlı olmuşdu. İş həyatı da elə gərgin və özünəməxsus xüsusiyyətlərə malik idi ki, nə qohum-əqrəba ilə sıradan olan insanlar kimi mütəmadi təmaslara imkanı vardı, nə də adi adamlar sayaq ətrafında bolluca daimi dost-tanışı. Hərdən oturub-durduğu tək-tük dost deyə biləcəkləri də elə iş yoldaşları sırasından idi. Onların arasındasa Azərbaycanın hər bölgəsindən olduğu kimi, əslən Naxçıvandan, Qərbi Azərbaycandan olanlar da vardı.

Heydər Əliyev Azərbaycan Respublikasına rəhbərliyə başlayarkən Azərbaycanda dövlət-hökumət işində kadr qıtlığı yox idi. Təcrübəli, qabiliyyətli mütəxəssislər az deyildi. Ancaq Heydər Əliyev seçmək üçün kifayət qədər geniş olan dairədən öz komandasında kimləri görmək barədə düşünürkən, söz yox, unisonluğu, peşəkarlıq ahəngdarlığını - onun öz xarakteri, tələbkarlığı, işgüzarlığı ilə daha çox səsləşənləri aramalı idi. Təbii, inam-etibar da öz yerində. Çünki gözünün önündə örnək vardı. Yaxşı xəbərdar idi ki, Birinci katib kürsüsündə əvəzlədiyi Axundovun komandasında olanların və ondan yaxşılıqlar görmüşlərin neçəsi Vəli Yusif oğluna münasibətdə özlərini necə sədaqətsiz aparıblar. Söhbət də yalnız sırf şəxsi vəfalılıq məsələsi deyildi. Mətləb daha incə idi. Bir komanda olaraq böyük yola çıxarkən gərək işgüzar və insani münasibətlər elə həddə olaydı ki, aparılacaq xəttə cüzi də xələl gətirə biləcək nigaranlıqlara yer qalmaya idi. Demək, ilk növbədə öncədən yaxşı tanıdıqlarına, sınaqdan çıxarmış olduqlarına daha artıq bel bağlamalı idi. Səbəbsiz deyil ki, respublikaya rəhbərliyinin başlanğıc dönəmində Heydər Əliyevin yüksək dövlət və hökumət vəzifələrinə gətirdiklərinin xeylisi əvvəlki iş yerindən - Dövlət Təhlükəsizlik Komitəsindən idi. Regionçuluğa gəlincə, haralısanlıq mərəzi bizlərdə müəyyən bölgələrdə həmişə azar olub, elə indi də tükənməyib. Hələ bir zarafat da yaranıb ki, yerlibazlıq camaatımızı durnadan da haralı olmağını soruşmağa sövq edib. O başqa söz ki, vətəndaş cəmiyyətində, adi adamlar arasında olmasını da istəmədiyimiz bu xislətin dövlət işinə, idarəçilik şəbəkəsinə də sirayət etmiş olmasından söhbət gedə. Hərçənd bu təmayülün özü də misli olmayan, göydəndüşmə hal sayıla bilməz. Sovet Azərbaycanı Sovet İttifaqının bir hissəsi idi və 1970-ci illərdə Kremldə lap Baş katib səviyyəsində yüksək vəzifələrə kadrlar seçilərkən aşkar görünən Dnepropetrovsk, Dneprodzerjinsk, eləcə də Moldova simpatiyası vardı. Sovet lideri Leonid Brejnev doğulub boya-başa çatdığı, vaxtilə illərcə işlədiyi yerlərdən olanlara yol açmağa, qabaqcadan tanıdıqlarına yüksəliş imkanları yaratmağa ürəyiaçıq idi. Bir tərəfə baxanda dövlət idarəçiliyində regionçuluğa meyil Brejnevin ixtirası, Rusiya üçün təzə söhbət də deyildi. Rusiyada orduda və Moskva knyazlığında XV-XVII əsrlərdə vəzifə tutmaq nadir istisnalar nəzərə alınmazsa, yerliçilik prinsipi üzrə qanunlaşdırılmışdı və yalnız 1682-ci ildə bu yanaşma xüsusi fərmanla ləğv edildi. Amma hər halda o köhnə şakərin yaddaşdakı ləpirləri və həmin dəbin ətalət qüvvəsi ilə davam etməsi sonralar yenə müşahidə olundu. Sovet dönəmində lətifə kimi dillərdə dolaşan bir söhbət də vardı, bəlkə elə həqiqətən baş vermişdi də. Deyir, Leonid Brejnevə Azərbaycandan gələn şikayət məktublarında tez-tez vəzifələrə əsasən naxçıvanlıların qoyulduğunun əks olunduğunu söyləyəndə burada nəyin qəribə olduğuna təəccüblənərək sadədilliklə soruşubmuş ki: "Naxiçevanüı ne azerbaydjanüı çto li?" ("Naxçlıvanlılar məgər azərbaycanlı deyil ki?").

Heydər Əliyevin Mərkəzi Komitəyə gətirdiyi, nazir təyin etdiyi, dövlətdə və hökumətdə ən mötəbər məqamları etibar etdiklərinin şəxsi vərəqləri sıralanınca bütöv Azərbaycanın xəritəsinə baxmış kimi olursan. Və hər biri də yüksək peşəkar.

Respublikaya rəhbərlik yolunun lap başlanğıcında bu, Heydər Əliyevin başlıca məramlarından biri olmuşdu. Həsən Həsənov xatırlayır ki, 2000-ci illərin əvvəllərində 4 sabiq ara-sıra görüşərdik, nahar süfrəsi başında dərdləşər, keçmişləri yada salardıq və hər dəfə də qonaqlığı birimiz təşkil edərdi. Növbəti dəfə restorandaydıq, bu səfər ziyafəti verən İsmayıl İbrahimov idi, masa arxasında o özü idi, Həsən Seyidov, Kamran Rəhimov, bir də mən. İsmayıl İbrahimov hələ Heydər Əliyevin DTK dövründən onunla mehriban münasibətlərdə olmuşdu, bir-birlərini yaxşı tanıyırdılar. Respublikaya rəbhər seçiləndən azacıq sonra - 1969-cu ilin avqustunda Heydər Əliyev İsmayıl Əliyeviçi Nazirlər Soveti sədrinin müavini vəzifəsinə gətirmişdi, ona çox da inam bəsləyirdi. Söz sözü çəkdi, İsmayıl İbrahimov qayıtdı ki, Heydər Əliyevin məqsədi bütün regionları təmsil edəcək idarəçilik formalaşdırmaq idi və Birinci katibliyə başladığı zaman mənə də bunu birbaşa söyləyərək tapşırdı ki, respublikanın müxtəlif yerlərindən olan, bütün bölgələri əhatə edən mümkün namizədlərini yaz ver, mən də nisbətən yaxşı tanıdığım, layiqli olduqlarına ümid bəslədiyim şəxslərin adlarını təqdim elədim, verdiyim namizədlərdən biri elə Həsən Seyidov idi.

Təbii, Heydər Əliyev özü də göz önündəki kadrları tanıyırdı, amma mümkündür ki, İsmayıl İbrahimova olan sayaq, rəyinə bel bağlaya biləcəyi başqa kimlərəsə də eyni müraciəti edibmiş ki, seçim dairəsi daha geniş olsun. Nəticədə həm Mərkəzi Komitədə, həm hökumətdə yetərincə əlvan bir kadr palitrası əmələ gəlir. Əslən qarabağlı olan, amma Vətəndən uzaqlarda, Rusiyada, Zabaykalye vilayətinin Ust-Kara kəndində doğulmuş, əvvəllərdə Dövlət Plan Komitəsinin sədri, daha sonra Nazirlər Soveti sədrinin birinci müavini işləmiş Əli İbrahimovu hökumətin başçısı təyin edir. Temperamentcə bir-birlərinə çox da uyğun gəlməsələr belə, işi, nəticəni əsas tutduğundan Heydər Əliyev xeyli müddət bu ağsaqqal professionalla çiyin-çiyinə işlədi, onun yüksək səriştəliliyinə güvəndi. Əslən Güney Azərbaycandan olan Qurban Xəlilovu Ali Sovetin sədri vəzifəsinə irəli çəkmişdi, ona həmişə xüsusi ehtiram bəslədi, axıracan da eyni komandada qaldılar. Həsən Seyidov Borçalıdan idi, dövlət işinə birbaşa istehsalatdan addım-addım irəliləyərək, Leytenant Şmidt (indiki Səttarxan) zavodundan gəlmişdi - Heydər Əliyev dönəmində əvvəlcə sənaye-nəqliyyat şöbəsinin müdiri, sonra MK katibi, nəhayətdə Nazirlər Sovetinin sədri oldu. Abbas Zamanov köklü-köməcli şamaxılı idi, DTK-da işləmişdi, Heydər Əliyev onu Baş prokuror gətirdi, Cəfər Vəliyev bakılı idi, Heydər Əliyev dönəmində inzibati orqanlarla iş şöbəsinin müdiri, daha sonra daxili işlər naziri vəzifələrini tutdu. Cənub bölgəsindən olan Hənifə Abdullayev əsilcə talış idi, ona səhiyyə naziri vəzifəsini etibar etdi. Yazdığı arayışlarını, təhlillərini oxuduqca Heydər Əliyev MK-sında Beynəlxalq əlaqələr şöbəsinin müdiri Ənvər Cəbrayılovun yüksək səriştəliliyinə əmin kəsilirəm, tələbəlik illərimdə xaricə planlaşdırılan təhsil səfərimlə əlaqədar onunla görüşümüz, söhbətimiz olmuşdu, həm bilikliliyini, həm insaniyyətini hiss etmişdim və o, Zaqataladandı, kökcə lak idi. Və nə qədər başqaları ki, hərəsi Azərbaycanın bir guşəsindən idi. Vəzifələrdə naxçıvanlılar, Qərbi Azərbaycan kökənlilər də az deyildi. Amma onların da heç birini təsadüfi adlandırmaq olmazdı, hamısı yol keçmişdi, bacarıqlı, məsuliyyətli idi, mühüm işlər həvalə edəndə yarıdan idi.

1970-ci illərdə Heydər Əliyevin sədrliyi ilə keçən MK-nın Büro iclasları və plenumlarının bir çoxunda kadr məsələlərinə baxılır. Həmin qaynar fəaliyyətli tarix yaşadan səhifələri üstündən yarım əsrlik vaxt keçirkən bir-bir çevirəndə onlar dil açaraq ən doğruçu şahidlər kimi Heydər Əliyevin kadrlardan nə umduğunu, hansı keyfiyyətlərdən məhrum kadrlarla işləmək istəməməsini, kadrlarda hansı naqislikləri qətiyyən qəbul etməyib onlarla dərhal xudahafizləşdiyini, hansı qüsurlarısa bağışlayaraq islaha ümidlə onlarla birgə çalışmaqda davam etməyə qərar verdiyini bariz şəkildə ortaya qoyur. İşçinin qədrini bilməsən, qeydinə qalmasan da, o, yaxşı-yaman vəzifə borcunu yerinə yetirəcək. Ancaq bir var bu iş borc olduğu səbəbindən, candərdi icra edilə, bir də var əməkçi, mütəxəssis onun üstündə əsildiyini, ona nəvazişlə, sevgiylə yanaşıldığını görə. Şəksiz, belə olanda işə ürəyini qoyacaq, can yandıracaq. Heydər Əliyev yaxşılara yaxşı qiymətqoyan idi. 1971-ci il iyulun 23-ü. Mərkəzi Komitənin Büro iclası gedir və gündəlikdəki məsələnin sanki kadr məsələlərinə aidiyyəti yoxdur. "Sex partiya təşkilatlarının istehsalın effektliliyinin artırılmasında rolunun qüvvətləndirilməsi sahəsində Volodarski adına tikiş fabriki partiya komitəsinin işi haqqında". Elə müzakirələrdə də söhbət əsasən sırf istehsalat məsələləri üzərində gedir. Lakin mövzunu yekunlaşdıran Heydər Əliyev burada da sözü insan amilinə sarı yönəldir, mütəxəssisə, kadra diqqət və qayğının artırılmasının texnologiya sahəsindəki təkmilləşdirmələr və gücləndirmələrdən daha səmərəli və təsirli olacağını deyir: "Burada fabrik kollektivi və nazirliyin aradan götürə biləcəyi digər qüsurlar haqqında da demək lazımdır. Fabrikdə işçilərə mədəni-məişət xidməti göstərmək sahəsində nöqsanlar qalmaqdadır ki, bu, qətiyyən yolverilməzdir. Ən ciddi suallardan biri də kollektivin işləməsi üçün normal gigiyenik şəraitin yaradılmasıdır. Orada əsasən, qadınlar çalışır və onların əməyinə belə münasibət heyrətləndirir. Bu problemi həll etmək olarmı? Olar! Zənnimcə, fabrik və nazirlik məşğul olsalar, bu probemi həll edərlər".

Yaxşı rəhbər ola bilməyin düsturu sadədir, ancaq o bəsit düstura riayət edə bilmək sayalıqdan çox uzaqdır. Həmin düsturun fəlsəfəsi budur ki, istənilən ən böyük iş fəhlədən başlanır və sən özünü o fəhlənin yerinə qoyaraq daşıdığın başçı, rəhbər, lider olmaq vəzifəsini də özünün İş qarşısında fəhləliyin kimi qavrasan, İş də könlün istəyən sayaq gedəcək, sənin rəhbər kimi böyüklüyün də hər kəsə əyan olacaq. Heydər Əliyev ömrü boyu sevdiyi İşin fəhləsi oldu. Onun ömrü boyu mütəmadi pozduğu və adətən, hamılıqla əməl edilən bir qayda vardı - 8 saatlıq iş günü anlayışına o, gəncliyindən ta ömrünün bitəcəyinədək əks getdi. Həmişə bu cür çalışdığına görə tabeçiliyində olanlardan, xüsusən rəhbər vəzifə tutanlardan işə bağlılığı, fədakarlığı tələb etməyə özünü daim mənən haqlı saydı.

...Heydər Əliyevlə işləmək həm asan, həm çətin idi. Asan idi ona görə ki, həmişə aydın istiqamət, dəqiq xətt bəlli idi, onun özünə və digərlərinə qarşı tələbkarlığı da aydın idi və bu meyarlar çərçivəsində dürüst hərəkət edə bilsəydin, bəyəniləcəkdin. Müşkül idi ona görə ki, bir an belə özünənəzarəti itirmək, "məndən razıdır" zənninə düşüb arxayınlaşmaq olmazdı. Özünün təyin etdiyi, illərcə işlədiyi və yaxşı münasibət də bəsləmiş olduğu kadrlar belə Heydər Əliyevin müəyyənləşdirdiyi istiqamətdən yayınanda, səhlənkarlıq göstərəndə köhnə xidmətlərə ümid bağlayaraq can qurtarmaq xam xəyal idi. Olurdu ki, illərcə işlədiyi, ürək qızdırdığı, inandığı kadrların hansısa yarıtmazlıqlarına dözüb-dözüb nəticə çıxarılmadığını hiss edincə onları digərlərindən də sərt cəzalandırırdı. Yəni Heydər Əliyev elə rəhbər idi, onunla birgə çalışanda gərək daim sərvaxt olaydın, özünü boş buraxmayaydın, hərəkətinin, sözünün yerini biləydin, əsla sayıqlığını itirməyəydin.

Kadr məsələlərini daim diqqət mərkəzində saxladığından 1975-ci ildə hətta bu mövzunun müzakirəsinə həsr edilən ayrıca plenum da keçirmişdi. 1978-ci ilin 19-20 iyulunda baş tutmuş növbəti MK Plenumunun isə mövzusu başqa olsa da, yenə az qala hər müzakirəsi gedən məsələnin bir səmtini yönəldirdi kadr probleminə. Ağsu Rayon Partiya Komitəsinin birinci katibini Heydər Əliyev özü təzə gəldiyi vaxtlarda təyin etmişdi, ara-sıra qüsurları olduqca düzəldilməsi üçün məsləhətlərini, bəzənsə tənbehlərini də əsirgəməmişdi və axırı ki, 1978-ci ildə tənqidlərdən almalı olduğu dərsi götürə bilməyən birinci katibi məhz kadrların seçilib-yerləşdirilməsi, onlarla işin qənaətbəxş qurulmaması səbəbi ilə yola salmışdı. İşdən çıxarmışdı, amma söhbət bitməmişdi. 1978-ci ilin 20 iyulu idi və MK Plenumunu yekunlaşdırarkən başqalarına da ibrət olsun deyə həmin məsələyə bir də qayıdırdı: "Biz Hüseynovu işdən çıxartdıq, amma mən istəyirəm ki, başqaları da bundan öz payını götürsün. Gözləmək lazım deyil, məşhur ifadəylə söylənirsə - nə vaxt xirtdəyindən yapışacaqlar, səni silkələməyə başlayacaqlar və sən də o zaman günahlarını boynuna alasan, kömək edin, xilas edin söyləyəsən. Bütün bəla bundadır ki, belə xətalara Mərkəzi Komitə tərkibinə daxil olan, partiya, sovet, təsərrüfat işinin müxtəlif sahələrinə cavabdeh məsul yoldaşlarımız da uğrayırlar.

...Bizim kadr işimizdə prinsipial və ardıcıl xətt olmalıdır. Təcrübə göstərir ki, yalnız bu şəraitdə biz qüsurları effektiv şəkildə aradan götürə və bütün sahələrdə vəziyyəti qaydaya sala bilərik. Amma o yerdə ki prinsipiallıq liberalizmlə əvəz edilir, yaxud bəzi yaxşı olmayan hərəkətlər, sui-istifadələr, ya digər neqativ hallar ört-basdır edilir, o halda xoşagəlməz halların törədəcəyi fəsadlar labüddür. Biz o zaman qüsurların müvəffəqiyyətlə aradan götürülməsi ilə yox, əksinə, onların yayılması ilə qarşılaşırıq.

...Təəssüf ki, bizdə belə hallara da təsadüf edilir ki, ayrı-ayrı işçilər öz xidməti vəzifəsindən, hərdən digər vasitələrdən də istifadə edərək öz qohumlarını partiya, sovet və komsomol təşkilatlarında işə götürürlər. Beləliklə də, proteksionizm, qohumluq, yerliçilik və başqa duyğuları üzə çıxır. Bu, bir tərəfdən həmin şəxslərin özlərinin birbaşa qanunları pozması, digər tərəfdən qohumlarının, yaxınlarının, yerlilərinin qeyri-təvazökarlıqları ucbatından baş verir. Bu hallar həm də ona görə törəyir ki, aşağı vəzifədə olan bəzi məsul işçilər yaltaqlıq mərəzinə tutulublar, daha yuxarı vəzifədə olan bu və ya digər rəhbərə yarınmaq üçün səy göstərirlər. Bütün bunlar bizim partiya-tərbiyəvi fəaliyyətimizə, kadrlarla işimizə ciddi zədə vurur".

Heç kim tənha deyil, hər yüksək vəzifəyə təyin olunanın öz qohum-əqrəbası olmamış deyil, ayrı-ayrı məmurlar yerliçilik, məndənolanlara dəstək istiqamətində xüsusi canfəşanlıq edəndə, bunun qarşısı alınmayanda, belə yanlış təsəvvür də yarana bilərdi ki, elə bu, yuxarıdan gələn bir xətdir ki, tutulub gedir. Hər hansı regiondan biri çox yüksək vəzifəyə qalxıb illərcə işləyərkən, uzaq olmayan tariximizdən xəbərdarıq ki, həmin sahədə elə o regiondan çıxmışların müxtəlif vəzifələrə gətirilməsi yağışdan sonra göbələk kimi artmağa başlayırmış. Heydər Əliyev miqyaslı və gələcəyi görən dövlət xadimi kimi bəsirətliliklə duyurdu ki, belə axınların qarşısını almaq üçün mütəmadi tədbirlər görülməsə, qafilləri ayıltmaqçün barmaqsilkələmələr olmasa, tədricən kök dərinə işləyər, günahkar çıxarılan da bu istənilməz gedişatın qarşısını zamanında kəsməmiş rəhbərliyin özü olar (Necə ki, o vaxt da və hətta indi də bu cür deyişlərə rast gəlinib və gəlinir). Odur ki, ən müxtəlif məqamlarda dönə-dönə bununla bağlı mövqeyini barışmazlıqla, açıqca elan edirdi və qohumbazlığın idarəçilikdəki çeşidli zərərli təzahürlərindən növbəti dəfə söz açarkən belə deyirdi: "Təəccüblüdür, amma bəzən belə də olur: biri sıravi işdə çalışır, onun qohumları, dostları, yerliləri də özlərini sakit aparırlar. Ancaq onu rəhbər vəzifəyə irəli çəkən kimi bütün qohumlarında irəli getmək, vəzifə pilləkəniylə qalxmaq həvəsi əmələ gəlir. Əlbəttə, heç kimə qadağa yoxdur. Bizdə partiyada və ölkədə bir prinsipdir. Hər kəs kənardan təsir olmadan, proteksiyasız, öz bacarıqlarına uyğun olaraq, ədalətə, obyektivliyə əsasən böyüməlidir. Bu gün bir daha bu həqiqəti hər yerdə, yuxarıdan aşağıya, aşağıdan yuxarıya hamıya çatdırmaq lazımdır ki, gərək kadrların seçilməsi, yerləşdirilməsi və tərbiyəsi, kadrların bir-birinə münasibəti məsələsində vicdanlılıq, ədalətlilik, obyektivlik prinsiplərinə riayət edilə. Bəziləri hərdən deyirlər ki, əgər onlar yüksək vəzifədədirlərsə, qohumları əziyyət çəkməməlidir. Belə söhbətləri eşitmişəm. Soruşuram: əvvəllər bu qohumlar harada idilər? Yeri gəlmişkən, rəhbər işçilərdən heç birinin qohumları heç vaxt da əziyyət çəkmirlər. Məsələ başqa cürdür. Bizim ayrı-ayrı yoldaşlar varislik prinsipini tətbiq etmək niyyətindədirlər. Bizdə məsul işçilərdə belə təmayül yaranmışdır ki, öz övladlarını, əmiuşaqlarını, dayıuşaqlarını, digər qohumlarını komsomola, ictimai işə düzəltsinlər. Mənə belə bir məktub gəlmişdi ki, rəhbər işçilərin və onların qohumlarının 25 uşağı məsul vəzifələrdə və komsomol orqanlarında çalışır. Belə çıxır ki, bir halda o raykom katibi, yaxud nazirdirsə, onun oğlu, ya qohumu da raykomda, yaxud digər rəhbər vəzifədə işləməlidir".

Heydər Əliyev biliyə mail, elmi sevən insan idi. Rəhbərlik etdiyi kadrların - istər Mərkəzi Komitə işçiləri, istər nazirlər və komitə rəhbərləri, istər rayonların partiya komitələrinin birinci katibləri olsun, savadlılığını, geniş dünyagörüşlülüyünü vacib sayardı. Onun dövründə bilavasitə diqqət göstərməsinin sayəsində Bakı Ali Partiya məktəbinin hörməti xeyli artdı, orada tədrisin səviyyəsi də xeyli qalxdı, burada yalnız Azərbaycandan olan deyil, digər Qafqaz respublikalarından gələn partiya kadrları da təhsil almağa başladı. Bu təhsil ocağının bilik verməkdən savayı daşıdığı strateji yük də vardı. Bakı Ali Partiya məktəbini bitirən, Cənubi Qafqaz respublikalarında çalışan cavanlar sabahın əsas idarəedici potensialı idi ki, Azərbaycan paytaxtındakı təhsil dövründə yaranmış yaxınlıq, dostluq münasibətləri 3 qonşu respublika arasındakı gələcək münasibətlərin daha rəvan bir məcrada inkişafına öz töhfəsini verməyə bilməzdi. Ancaq dövlət işində irəliləmək arzusuyla yaşayanlarçün vacib olan bir mühüm siyasi təhsil müəssisəsi də vardı: Sov.İKP yanındakı İctimai Elmlər Akademiyası. Azərbaycan KP MK Büro iclaslarının cild-cild materialları arasında vaxtaşırı Moskvaya, həmin akademiyaya göndərilən yeni nəsil Azərbaycan siyasi kadrlarının müzakirə edilib təsdiqlənən siyahıları da var. 1970-ci illərdə Azərbaycan siyasi elitasında adları hələ tanınmaz olan o cavanlar çox keçməyəcək ki, respublika idarəçiliyində ən müxtəlif istiqamətlərdə sürətlə yüksəlməyə başlayacaqlar. Heydər Əliyev respublika həyatının bütün başqa təxirsiz işləri ilə yanaşı Azərbaycan dövlətçiliyində 1970-ci illərin sonları, 1980-90-cı illərdə asta-asta köhnə rəhbərliyi əvəz etməli olan kadrlar təbəqəsini, həm səviyyələri qənaətbəxş, həm respublikadan kənarlarda da dostluq əlaqələri olan nəsli belə yetişdirirdi.

Heydər Əliyev adamtanıyan idi. Əvvələn, fitrətdən onda qarşısındakını dərhal "oxuya" bilmək, qısa ünsiyyətdən sonra onun aləminə nüfuz edə bilmək istedadı vardı. Digər yandan da təhlükəsizlik şəbəkəsindəki əsrin dörddəbirindən artıq müddətdə çalışmaları əsnasında yiyələndiyi peşəkar vərdişləri də vardı. Seçdiyi, qayğı göstərdiyi, yol açıb yüksəltdiyi kadrların neçəsi onun inamını doğrultdu, sonra onillərcə Azərbaycan üçün gərəkli şəxsiyyətlər kimi yaşayıb işlədilər, xeyirxahlarına, onları böyük yola çıxarmış Heydər Əliyevə də sədaqətlərini həmişə qoruyub saxladılar.

Ancaq dönüklər də oldu, etibarsızlar da, xəyanət edənlər də. Heydər Əliyev uzun siyasi ömrü boyunca bunların hamısına şahid oldu. Ürəyini etibarın, sədaqətin sevinci də fərəhləndirdi, qəlbini çörək itirməyin, arxa çevirməyin soyuqluğu da üşütdü. Neyləməli, bu, həyat idi. Nə qədər adamtanıyan olsan da, insanları dünya sənin gözlədiyindən və gözləmədiyindən də artıq dəyişə bilir...

11 avqust 2023

Rafael HÜSEYNOV, akademik

“525-ci qəzet”

Xəbər lenti