Logo

Xınalıqda arxeoloji tədqiqatlar davam edir - FOTO

19.08.2023 16:47 379 baxış
IMG

AMEA Rəyasət Heyəti aparatının 12 iyul 2023-cü il tarixli qərarı ilə Arxeologiya, Etnoqrafiya və Antropologiya İnstitutunun Çöl tədqiqatları sektorunun bazasında Çöl tədqiqatlarının monitorinqi və qiymətləndirilməsi şöbəsinin yaradılması haqqında qərar qəbul edilib. Qərarın icrası məqsədilə həmin müəssisənin şöbə müdirləri Təvəkkül Əliyev, Hidayət Cəfərov və Natiq Alışovdan ibarət monitorinq komissiyasının tərkibi müəyyən edilib.

AMEA-dan "Tehsil.biz"ə bildirilib ki, ölkə ərazisində aparılan arxeoloji tədqiqatların səmərəliliyini və şəffaflığını artırmaq üçün komissiya üzvləri avqustun 16-da tarix üzrə fəlsəfə doktoru İdris Əliyevin rəhbərliyi ilə Quba rayonunun Xınalıq kəndi ərazisindəki “Qədim qəbiristanlıq” (Xınalıq dilində Kıma Liqebriş) adlanan sahədə aparılan arxeoloji qazıntı sahəsində monitorinq işlərini həyata keçiriblər.

Ərazidə arxeoloji tədqiqatlar 2016-cı ildə başlanıb. 2019-cu ildən isə Dövlət Turizm Agentliyinin maliyyə dəstəyi ilə arxeoloji araşdırmalar davam edir.

Xınalıq kəndinin yaxınlığında Qudyalçayın sağ sahilində, Suta çayla kəsişməsində ümumi sahəsi 2 hektara yaxın ərazidəki nekropolda cari ilin tədqiqatları da daxil olmaqla 30 ədəd daş qutu qəbir tədqiqata cəlb edilib. Monitorinq nəticəsində müəyyən olunub ki, burada aşkar edilən daş qutu qəbirlər şərq-qərb istiqamətli olmaqla çay daşından qurulub.

Qəbirlərdə mərhumlar arxası üstə, düz uzadılmış vəziyyətdə dəfn olunub. Qəbir avadanlığı sırasına metal-dəmir və tuncdan silah və bəzək əşyaları, sınmış halda olan saxsı qab nümunələri və s. daxildir. Bu artefaktlar yuxarıda bəhs olunan daş qutu qəbirlərin Son Antik və Erkən Orta əsrlərə aid olduğunu deməyə əsas verir. Monitorinq qrupunun üzvləri 30 saylı daş qutu qəbirin açılışında iştirak ediblər.

Xəbər lenti