Logo

Əməkdar müəllimlərimizi tanıyaq - FOTO

21.08.2023 15:19 277 baxış
IMG

“Ən böyük qürurumuz yetirmələrimizin fiziki tərbiyə müəllimi olaraq məktəblərimizə qayıtmasıdır!”

Nəriman Babayev 34 ildir məktəblilərlə işləyir. Onlara yarışmağı, mübarizə aparmağı öyrədir. Qələbə qazanmalarını vərdişə çevirməyə çalışır. Çünki inanır ki, dünya çempionu olmasalar da, bu vərdiş həyatda hər insana lazımdır. 

Nəriman müəllim Xaçmaz rayonundandır. Qaradağlı kəndində doğulub-böyüyüb. Azərbaycan Dövlət Bədən Tərbiyəsi İnstitutunda  (1999-cu ildən Bədən Tərbiyəsi və İdman Akademiyasında) təhsil alıb. Atletika üzrə mütəxəssis olaraq qayıdıb rayonuna. 1989-cu ildən Xaçmaz Rayon Uşaq-Gənclər İdman məktəbinin (indiki Uşaq Gənclər İdman-Şahmat Məktəbi) müəllimidir: “Şagirdlərimiz yarışlara qatılıb, qələbə üçün mübarizə aparıblar. Respublika üzrə yarışlarda finalda yarışanlar, ikincilik qazananlarımız olub. Hər birinin uğuruna sevinmişik. Amma ən böyük qürurumuz yetirmələrimizin fiziki tərbiyə müəllimi olaraq məktəblərimizə qayıtmasıdır. Məsələn, ölkə səviyyəli yarışlara qatılan, hətta ölkə çempionu olan Sabina Səbziyeva orta ümumtəhsil müəssisələrindən birində fiziki tərbiyə müəllimidir”.

N.Babayev öz işində müşahidə etdiyi bir məqamı xüsusi vurğulayıb: “Təəssüf ki, indi ailələr qızları idmana buraxmırlar. Mərkəzimizdə məktəbli qızların sayı ildən-ilə azalır”.

Nəriman müəllim karyera pilləsində yüksələnlərdən biri olsa da, müəllimlikdən heç əl çəkməyib. 57 illik ömrünün 34 ilini məhz balacalara idman bacarıqları aşılamağa, onları idmanda yüksəltməyə sərf edib.

Xaçmaz rayon Gənclər və İdman Komitəsinin sədri, Gənclər və İdman İdarəsinin rəis müavini işləmiş N.Babayev hazırda Uşaq Gənclər İdman-Şahmat Məktəbinin direktorudur. 2005-ci ildən Əməkdar müəllimdir.

Ruhiyyə

 

Xəbər lenti