Noyabr ayında Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində Səfiəddin Ürməvinin 825, Əbdülqadir Marağayinin 670, Mirmöhsün Nəvvabın 190 illiyinə həsr olunmuş “Klassik Şərq və Azərbaycan poeziyası və musiqisi mədəniyyətlərarası səsləşmənin “İpək yolu” kimi” mövzusunda beynəlxalq elmi konfrans keçiriləcək.
Bu barədə "Tehsil.biz"ə Ədəbiyyat Muzeyindən məlumat verilib.
Konfrans “Orta əsrlər Azərbaycan və müsəlman Şərqi musiqişünaslığının şah əsərləri inteqrasiya fenomeni kimi”, “Səfiəddin Ürməvi, Əbdülqadir Marağayi və Mirmöhsün Nəvvabın irsi fərqli mədəni epoxaları qovuşduran körpü kimi”, “Azərbaycan poeziyası və klassik musiqi irsi”, “Əruz, muğam və Şərq poetikasının orta əsrlər Şərq ədəbi-mədəni mühitini qovuşdurma funksiyası”, “Klassik musiqi və poeziya abidələrinin elmi və ədəbi-mədəni inkişafa təsiri” bölmələrini əhatə edir.
Beynəlxalq elmi konfrans və məqalənin tərtib olunma qaydaları ilə Ədəbiyyat Muzeyinin saytında tanış olmaq mümkündür. Məqalələr oktyabrın 15-dək qəbul edilir. Təşkilat komitəsi məqalələrin mətnində düzəlişlərin edilməsi (ümumi məzmununu dəyişmədən), məruzələrin geri qaytarılması hüququna malikdir.