Logo

Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışı olub - FOTOLAR

23.08.2023 22:58 181 baxış
IMG

Avqustun 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev, xanımı Ziroatxon Mirziyoyeva Füzulidə inşa olunan Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılış mərasimində iştirak ediblər.

Tehsil.biz xəbər verir ki, dövlət başçıları və xanımları əvvəlcə yeni dərs ilində bu məktəbdə təhsilə başlayacaq şagirdlərlə və burada işləyəcək müəllimlərlə görüşüb söhbət etdilər.

Prezident İlham Əliyev: Salam uşaqlar, necəsiniz?

Uşaqlar: Salam, yaxşıyıq.

Qadın sakin: Xoş gördük, cənab Prezident.

Prezident İlham Əliyev: Salam, xoş gördük.

Prezident Şavkat Mirziyoyev: Salaməleyküm.

Qadın sakin: Salam, xoş gəlmisiniz.

Birinci xanım Mehriban Əliyeva: Güllər var, çiçəklər var, salam balalar, salam.

Qadın sakinlər: Salam, xoş gördük, Mehriban xanım.

Prezident İlham Əliyev: Uşaqlar, bu məktəbi mənim qardaşım, hörmətli Şavkat Miromonoviç Füzuli şəhərinə hədiyyə edib. Xahiş edirəm ki, mənim qardaşımı səmimiyyətlə salamlayaq.

Məktəbin direktoru Həcər Mahmudova: Cənab prezidentlər, mən də icazənizlə, Sizi burada olan müəllimlərimiz, şagirdlərimiz, valideynlərimiz adından salamlayıram. Sizləri bu möhtəşəm məktəbdə görməkdən qürur duyuruq. Otuz il öncə 26 yaşında bu şəhəri tərk edən sakini kimi mən demək olar ki, eyni tarixlərdə, - bir gün fərqi var, - buraya qayıtmışam. Bu anları bizə yaşatdığınıza görə Sizə təşəkkür edirik, qalib Ordumuza minnətdarıq. Bu gözəl məktəbi tikib bizə bəxş etdiyinə görə Özbəkistan Prezidenti cənab Şavkat Mirziyoyevə və onun timsalında Özbəkistan xalqına minnətdarıq. Cənab Mirziyoyevdən xahiş edirik ki, bizim Füzuli sakinlərinin bu minnətdarlığını öz xalqına, özbək xalqına çatdırsın.

Prezident Şavkat Mirziyoyev: Çox sağ olun.

Həcər Mahmudova: Biz pedaqoji kollektivin üzvləri birlikdə sizləri əmin edirik ki, bu məktəbdə təhsil alacaq şagirdlərin gələcəkdə yüksək bilik-bacarığa, eyni zamanda, milli-mənəvi dəyərlərə sahib bir vətəndaş olaraq yetişməsində var qüvvəmizlə çalışacağıq. Sizə minnətdarıq, bir daha çox sağ olun.

Prezident Şavkat Mirziyoyev: Sağ olun.

Prezident İlham Əliyev: Sağ olun. Məktəbə Mirzə Uluqbəyin adı verilib.

Həcər Mahmudova: Bəli, Əmir Teymurun nəvəsi.

Prezident İlham Əliyev: Bəli, Əmir Teymurun nəvəsi, özbək xalqının böyük oğlunun adı verilib. Bu məktəb Özbəkistan-Azərbaycan dostluğunun, qardaşlığının bir mərkəzi olacaq.

Həcər Mahmudova: Biz buna çalışacağıq. Təşəkkür edirik Özbəkistan Prezidentinə, təşəkkür edirik özbək xalqına, minnətdarıq.

Prezident Şavkat Mirziyoyev: Sağ olun.

x x x

Dövlət başçıları məktəbin rəmzi açılışını bildirən lenti kəsdilər.

x x x

Prezident İlham Əliyev: Xeyirli, uğurlu olsun.

Prezident Şavkat Mirziyoyev: İnşallah, uğurlu olsun.

Sonra xatirə şəkli çəkildi.

Daha sonra dövlət başçılarına və xanımlarına məktəbdə yaradılan şərait barədə məlumat verildi.

Bildirildi ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyev tərəfindən özbək xalqı adından hədiyyə olaraq Füzulidə inşa edilən məktəb 960 şagird yerlikdir. Ötən il başlanılan tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə 40 sinif otağı, 6 laboratoriya, 2 informatika otağı, 5 funksional tədris otağı, 500 yerlik akt zalı, idman zalı, 320 yerlik yeməkxana, kitabxana var. Məktəbin həyətyanı ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, söhbətgahlar, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Sonra görülən işlərlə bağlı məktəbin akt zalında videoçarx nümayiş etdirildi.

Qeyd edək ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin “Azərbaycan bizim üçün yaxın dost və zamanın sınağından çıxmış etibarlı strateji tərəfdaşdır” sözlərinin təsdiqi olan bu məktəbin inşası qardaş ölkələrimiz arasında münasibətlərin yüksək səviyyəsindən xəbər verir. Azərbaycan Prezidenti İlham Əliyev də Özbəkistanın Füzuli rayonunda böyük məktəb inşa etmək təşəbbüsünü ölkələrimiz arasında həmrəyliyin, dostluğun, qardaşlığın növbəti addımı kimi qiymətləndirib.

Xəbər lenti