Avqustun 25-dən peşə təhsil müəssisələrinə yüksək texniki peşə təhsil səviyyəsi üzrə tədrisi aparacaq müəllimlərin işə qəbulu müsabiqəsinə başlanılır.
Bu barədə "Tehsil.biz"ə Peşə Təhsili üzrə Dövlət Agentliyindən məlumat verilib.
Bildirilib ki, yüksək texniki peşə təhsil səviyyəsi üçün peşəkar müəllim heyətinin işə qəbulu Bakı, Gəncə, Bərdə, Qəbələ və Cəlilabad şəhərləri üzrə aparılacaq. Müsabiqə çərçivəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə ümumilikdə 5 şəhər üzrə 19 vakant yer elan olunub.
Peşə təhsil müəssisələrinə sözügedən təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbulu 2 mərhələdən ibarətdir: elektron müraciət mərhələsi və müsahibə mərhələsi.
Avqustun 30-u saat 18:00-dək davam edəcək I mərhələ zamanı müraciətçilərin “Müraciət forması”nı bölmələr üzrə tam doldurması tələb olunur. Müraciət zamanı hər bir namizədə yalnız bir şəhər üzrə ən çoxu 2 vakansiya seçmək hüququ verilir. İxtisas və peşə təhsil müəssisələri üzrə vakant yerlərin siyahısı ilə Peşə Təhsili üzrə Dövlət Agentliyinin saytındakı link vasitəsilə tanış olmaq olar. Müsahibə mərhələsinə keçid almış uğurlu namizədlərlə anketdə qeyd edilən email ünvanı vasitəsilə müraciət müddəti bitdikdən sonra 10 gün ərzində əlaqə saxlanılacaq. Seçim zamanı müvafiq ixtisas üzrə təhsil və iş təcrübəsinə, təhsil müəssisəsində tədris təcrübəsinə, həmçinin xaricdə təhsilin olmasına üstünlük veriləcəkdir.
Qeyd edək ki, yüksək texniki peşə təhsil səviyyəsi üzrə müəllimlərin işə qəbul müsabiqəsində uğur qazanacaq namizədlər aşağıda qeyd olunan üstünlüklərdən faydalana biləcəklər:
-Müasir infrastruktura malik təhsil müəssisələrində işləmək imkanı;
-Yerli və beynəlxalq təlimlərdə iştirak;
-Rəqabətli əmək haqqı;
-Daimi və ya saat hesabı tədrisə cəlb imkanı.
Elan edilmiş vakant yerlər yüksək texniki peşə təhsili səviyyəsinin tədris olunacağı Sənaye və İnnovasiyalar üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Mədəniyyət və Sənətkarlıq üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Turizm və Sosial Xidmətlər üzrə Bakı Dövlət Peşə Təhsil Mərkəzi, Sənaye və Texnologiyalar üzrə Gəncə Dövlət Peşə Təhsil Mərkəzi, Qəbələ Dövlət Peşə Təhsil Mərkəzi, Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzi və Bərdə Peşə Liseyindədir.