Qazax Müəllimlər Seminariyası ADA Universitetinin Qazax Mərkəzi “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramına 2023-2024-cü tədris ilində iştirak üçün sənəd qəbulu elan edib.
Bu barədə "Tehsil.biz"ə ADA Universitetindən məlumat verilib.
Bu, ADA Qazax Mərkəzində təqdim edilən ilk təhsil proqramı olub, üçüncü ildir ki, həyata keçirilir.
Proqram yalnız regionlardan olan orta məktəb müəllimləri və direktorları üçün nəzərdə tutulub. Proqramın əsas məqsədi regionlardakı təhsilin inkişafına və gənc kadrların yetişməsinə dəstək vermək, regional məktəblərin müəllim və direktorlarının praktiki biliklərə yiyələnməsinə və dünyanın aparıcı təhsil sistemi ilə yaxından tanışlığına nail olmaqdır.
İxtisasartırma proqramı Qazax Müəllimlər Seminariyasında/ADA Qazax Mərkəzində, ADA Universitetində və ADA Universitetinin Vaşinqton Mərkəzində əyani və onlayn formada yerli və xarici professor-müəllim heyəti tərəfindən tədris ediləcək.
Proqramın ABŞ-da keçiriləcək hissəsinin 4-5 həftə müddətinə tamamilə əyani və ingilis dilində keçirilməsi nəzərdə tutulub. İxtisasartırma proqramına müraciət etmək istəyənlər ADA Universitetinin rəsmi veb-səhifəsinə keçid edərək onlayn ərizə formasını bu il sentyabrın 4-dək doldurmalıdırlar.
Qeyd edək ki, “Bir Müəllimin Manifesti” ixtisasartırma proqramından 2021-2022-ci tədris ilində 38, 2022-2023-cü tədris ilində isə 21 regional iştirakçı məzun olub.
“Bir Müəllimin Manifesti” ixtisasartırma proqramı ilə bağlı ətraflı məlumatı ada.edu.az/bmm səhifəsindən əldə etmək mümkündür.