Logo

"Azərbaycan və Özbəkistan arasında tarixi dostluq münasibətləri təhsil sahəsində də uğurla davam etdirilir"

27.08.2023 15:40 191 baxış
IMG

"Bu gün müstəqil Azərbaycan qarşısına qoyduğu bütün hədəflərə çatmaq üçün uğurlu daxili və xarici siyasət həyata keçirir. Azərbaycanın son 20 ildə Prezident İlham Əliyevin rəhbərliyi ilə ciddi uğurlara imza atması, bütün istiqamətlərdə sürətli inkişaf istiqamətilə dünyada lider mövqeyini qoruyub saxlaması da məhz dövlət idarəçiliyinin uzun illər ərzində formalaşmış mükəmməl mexanizmlər əsasında həyata keçirilməsi nəticəsində mümkün olub. İdarəçilik sisteminin güclü olmasının digər əsas səbəbi isə xalqın etimadı sayəsindədir. Prezident İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində Azərbaycanın regionun lider dövlətinə çevrilməsi, beynəlxalq təşkilatlardakı yerini mütəmadi möhkəmləndirməsi, dünyanın inkişaf etmiş ölkələri səviyyəsində olan önəmli məsələlərdə söz sahibi olması bunun sübutudur".

Tehsil.biz xəbər verir ki, bunu AzərTAC-a açıqlamasında Qarabağ Regional Təhsil İdarəsinin İnzibati təşkilat sektorunun aparıcı məsləhətçisi Elşən Məmmədov söyləyib. O bildirib ki, bu gün ölkəmiz bir çox dövlətlərlə güclü dostluq siyasəti qurur. Türk dövlətləri ilə xarici siyasətində isə dostluqdan çox qardaşlıq münasibətlərinə üstünlük verir. Belə ölkələrdən biri də Özbəkistan Respublikasıdır. Azərbaycan və Özbəkistan arasında diplomatik münasibətlər 1995-ci ildə qurulub.1996-cı ilin ortalarında Azərbaycanın Özbəkistanda, 1998-ci ilin mayında isə Özbəkistanın Bakıda səfirlikləri fəaliyyətə başlayıb. Azərbaycanın Mərkəzi Asiya regionunda ilk səfirliyi məhz Özbəkistanda açılıb. Azərbaycanla Özbəkistanın dövlət müstəqilliklərini əldə etdikdən sonra tarixi dostluq, qardaşlıq münasibətləri daha da inkişaf etdirilib və uzun illərin sınağından çıxaraq bugünkü səviyyəyə gəlib çatıb. Müstəqillik illərində iki qardaş ölkə arasında əlaqələrin inkişafında və dövlətlərarası münasibətlərin formalaşmasında Ulu Öndər Heydər Əliyevin və Özbəkistanın sabiq Prezidenti İslam Kərimovun müstəsna xidmətləri olub. 2004-cü il martın 23-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Özbəkistana dövlət səfəri zamanı Daşkənddə dahi Azərbaycan şairi Nizami Gəncəvinin abidəsinin açılış mərasimində iştirak edib.

“Azərbaycan və Özbəkistan arasında tarixi dostluq münasibətləri təhsil sahəsində də uğurla davam etdirilir. Soyu, kökü bir olan xalqların indi əvvəlki zamanlara nisbətən daha da yaxınlaşması, həmrəy olması bu qardaşlığın nümunəsidir. 44 günlük Vətən müharibəsi zamanı qardaşlarımız yanımızda oldular. Özbəkistan Respublikası işğaldan azad olunan torpaqlarımızda, Füzuli rayonunda ölkəmizin tikinti-quruculuq işlərini apardığı bir zamanda məktəb tikmək istəyini bəyan etdi. Xoş qarşılanan bu təklif isə qısa zamanda reallığa çevrildi. Qardaş Özbəkistanın Prezidenti Şavkat Mirziyoyevin Prezident seçiləndən sonra ilk dövlət səfərini Azərbaycana etməsi bu baxımdan qardaşlıq, dostluq nümunəsi və ölkəmizə, xalqımıza və dövlətimizin başçısına olan münasibətin göstəricisi kimi xüsusi əhəmiyyət daşıyır və yüksək dəyərə layiqdir. Bununla yanaşı, ailəsi ilə birlikdə Qarabağa səfər etməsi, məhz avqustun 23-də, bir zamanlar Füzulinin işğal olunma günü kimi kədərlə, hüznlə qeyd etdiyimiz həmin tarixdə Füzulidə Mirzə Uluqbəy adına 1 nömrəli tam orta məktəbin açılışını Müzəffər Ali Baş Komandanımızla birlikdə həyata keçirməsi ölkələrimiz arasındakı bu qardaşlıq münasibətindən xəbər verir. Üç hektar ərazidə inşa edilən məktəb binası iki mərtəbə və zirzəmidən ibarətdir. Məktəbdə qırx sinif otağı, altı laboratoriya, iki informatika otağı, beş funksional tədris otağı, idman və akt zalları, yeməkxana, kitabxana yaradılıb. Məktəbin ərazisində futbol meydançası, istirahət və keçiriləcək tədbirlər üçün yerlər, qaçış zolaqları, nəzarət-buraxılış məntəqəsi, qazanxana, su çənləri, transformator yarımstansiyası inşa edilib. Tikinti işləri yüksək keyfiyyətlə həyata keçirilib.

Əminik ki, bu təhsil ocağı da Vətənimizə, xalqımıza layiqli övladlar yetişdirəcək. Yenidən elinə, yurduna dönən sakinlərimiz qardaş ölkənin Prezidentinə və özbək xalqına öz təşəkkürlərini bildirirlər. İnanırıq ki, bu qardaşlıq daha da möhkəmlənəcək, güclənəcək və əbədi olacaq”,- deyə Elşən Məmmədov qeyd edib.

Xəbər lenti