Logo

ABŞ-ın ölkəmizdəki səfirliyinin nümayəndəsi Ədəbiyyat Muzeyində olub - FOTO

28.08.2023 13:41 288 baxış
IMG

Amerika Birləşmiş Ştatlarının Azərbaycandakı səfirliyində müvəqqəti işlər vəkili vəzifəsini icra edən Hüqo Gevara Nizami Gəncəvi adına Milli Azərbaycan Ədəbiyyatı Muzeyində olub.

Bu barədə "Tehsil.biz"ə Ədəbiyyat Muzeyindən məlumat verilib.

Bildirilib ki, ekspozisiya şöbəsinin müdiri Tomiris Babanlı muzeyin ekspozisiyası ilə tanış olan qonağa zəngin Azərbaycan ədəbiyyatı haqqında ətraflı məlumat verib. O, qonağı əsrlər boyu müxtəlif dillərdə və əlifbalarda yaradılmış elmi və bədii əsərlərimizlə tanış edib, bu ədəbiyyatı yaratmış görkəmli şəxsiyyətlərin ana dilimiz, milli ədəbiyyatımız və mətbuatımız uğrunda göstərdikləri fəaliyyəti diqqətə çatdırıb.

Hüqo Gevara muzeyin ekspozisiyasını bəzəyən tablolar, xalçalar, miniatürlər və xatirə əşyalarına böyük maraqla tamaşa edərək, belə bir muzeyin yaradılmasının Azərbaycan ədəbiyyatına böyük töhfə olduğunu deyib. O, Nizami Muzeyinin timsalında Azərbaycan xalqının öz milli sərvətlərinə necə qayğı ilə sahib çıxdığının bir daha şahidi olduğunu söyləyib.

Fəxri qonaq ölkəmizin mədəniyyətinə, ədəbiyyatına böyük maraq göstərdiyini qeyd edib, Nizami Muzeyinin dünya səviyyəli bir mədəniyyət ocağı olduğunu vurğulayıb.

Sonra Hüqo Gevara ürək sözlərini muzeyin fəxri qonaqlar kitabına yazıb: “Azərbaycan incəsənətinə və poeziyasına hörmət bəsləyən nə gözəl muzey!”

Muzeydən heyranlıq hissi ilə ayrılan qonağa müxtəlif kitab və bukletlər hədiyyə edilib.

Xəbər lenti