Məlum olduğu kimi, avqustun 30-da 2023/2024-cü tədris ili üçün ali təhsil müəssisələrinə yerləşdirmənin nəticələri elan edlib.
Dövlət İmtahan Mərkəzi (DİM) "Tehsil.biz"ə verilən məlumata görə, 51941 nəfər (o cümlədən 6592 subbakalavr) ali təhsil müəssisələrinə qəbul olunub.
Bildirilib ki, 24594 (o cümlədən 1389 subbakalavr) nəfər dövlət sifarişi əsasında, 27347 (o cümlədən 5203 subbakalavr) nəfər isə ödənişli əsaslarla təhsil almaq hüququ əldə edib:
“Ötən ilə nisbətən bu il tələbə olanların sayı 3100 nəfər daha çoxdur. Bu il dövlət sifarişi əsasında qəbul olunanların sayı da ötənilki göstəricidən 1550 nəfər çoxdur.
Ümumiyyətlə son illər qəbul planında dövlət sifarişli yerlərin sayının artırılması nəticəsində ödənişsiz oxumaq imkanı əldə edən tələbələrin sayı çoxalmaqda davam edir. Bu il ötən illə müqayisədə dövlət sifarişi üzrə 12.27% daha çox plan yeri ayrılmışdı. İxtisas qrupları üzrə ayrılıqda baxsaq bu il hətta I ixtisas qrupunda 23.30%, IV ixtisas qrupunda 15.56% artım var idi.
Beləliklə, abituriyentlərin dövlət sifarişli yerlərdə oxumaq imkanları daha da genişlənib və onlar müəyyən ixtisaslar üzrə ötən illərlə müqayisədə nisbətən aşağı bal ilə də ödənişsiz oxumaq imkanına malik olurlar. Bununla bağlı gözləntilər əvvəlcədən var idi”, - məlumatda qeyd olunub.