...Sergey Mariananı sevirdi, fəqət Marina ona dəfələrlə xəyanət etmişdi... Şair Osip Mandelştamp, Pasternak... və nəhayət bir qadın... Şair Sofiya Parnok... İkiillik münasibət hər iki şairin yaradıcılığına güclü təsir edir.
31 avqust, 1941-ci il. Tatarıstanın Yelabuqa şəhəri. Bir neçə gündür ki, təxliyə olunublar. Əslində, dəyişən bir şey yoxdur, əsərlərini hələ də qəbul eləmirlər, çoxları onlara xalq düşməni kimi baxır. Bir neçə gün qabaq Ədəbiyyat Fondunun yeməkxanasına işə düzəlmək üçün məktub yazıb, hələ cavab yoxdur, çox güman ki, rədd cavabı alacaq... Hər halda cavab nə olursa olsun, gecdir artıq, çox gec... Barı bu istəyini gerçəkləşdirmək üçün gecikməyəydi...
“Əziz oğlum, bağışla məni...”
Əslində o, həyatı ən dərin dalğalarla mübarizədə keçmiş bu qadın, (bunların içində özü-özüylə savaşı da vardı) əmin idi ki, onu bağışlayacaqlar. Çünki nə vaxtsa məşhur bir hersoginya haqqında yazdıqlarını onun öz taleyinə də aid etmək olardı: “Bu qadın onu tanımayanlar üçün müqəssir, onu anlayanlar üçün isə müqəddəs idi”.
...20-ci əsrin ən nəhəng şairlərindən olan Marina Svetayeva 26 sentyabr, 1892-ci ildə Moskvada doğulub. Atası, tanınmış filoloq və sənətşünas İvan Vladimiroviç sonralar İncəsənət Muzeyinin yaradıcısı kimi şöhrət qazanmışdı. Anası, polyak-alman mənşəli Mariya Meyn pianoçu idi, Nikolay Rubinşteynin tələbəsi olmuşdu. Meyn qızını da özü kimi musiqiçi görmək istəyirdi. Amma “heykəltəraş gildən, rəssam boyalardan, musiqiçi notlardan asılıdır, şairin isə yalnız ürəyi var” - deyən Svetayeva 6 yaşından şeir yazırdı.
Mariya Meyn vərəm xəstəsi idi, o, yaşamaq ümidini pianonun zərif dillərində arayarkən, İvan Vladimiroviç həyat yoldaşı üçün münasib iqlimli yerlər soraqlayırdı. Beləcə ailə şəhərdən-şəhərə, ölkədən-ölkəyə səfər edirdi.
İlk təhsilini Moskvada, özəl qızlar gimnaziyasında alan Svetayeva təhsilinə İsveçrə və Fransada davam edir. 1909-cu Sorbanna universitetində qədim fransız ədəbiyyatından mühazirələri dinləmək üçün Parisə gedir. “Burda yalqızam” - yazırdı Svetayeva. Paris mübhəmliyi ilə bərabər yad və ögey idi.
İlk şeirlər kitabı 1910-cu ildə işıq üzü görür. Onda Marina Svetayeva 18 yaşındaydı. Onun öz vəsaitiylə çap etdirdiyi kitab cəmi 500 nüsxədən ibarət olsa da, qələm adamlarının diqqətindən yayınmır.
“Mənim dünyamı sevin”, - Svetayevanın qəhrəmanı az qala yalvarırdı - “Məni deyil, mənim içimdəki dünyanı sevin”. Sevgi anlayışı da xarakteri kimi mürəkkəb idi Svetayevanın. Hələ gənclik illərində dostu Yurkeviçə məktubunda yazırdı: “Mən ancaq o adamı sevə bilərəm ki, bir yaz günü tozağacını məndən üstün tutsun...” Yaxud belə bir məktub: “Siz doğrudan da anlamırsınız ki, göy üzü məndən min dəfələrlə böyükdür? Doğrudanmı siz elə düşünürsünüz ki, belə bir gündə mən sevgi haqqında düşünə bilərəm?“
“Mənim xoşbəxtliyimi ona ver, tanrım”
1912-ci ildə Svetayeva ədəbiyyatçı-publisist Sergey Yefrona ərə gedir, onların Ariadna adlı qızları dünyaya gəlir. Bu ərəfədə işıq üzü görən ikinci kitabını Marina həyat yoldaşına həsr edir. “Mənim xoşbəxtliyimi ona ver, tanrım”, - yazırdı şeirlərinin birində. Bəlkə də Svetayeva artıq xoşbəxt ola bilməyəcəyini anlamışdı. Axı xoşbəxtlik onun nəzərində tamamilə başqa bir şey idi. “Mən təkcə bir xoşbəxt sevgi tanıyıram, - Pasternaka məktubunda yazırdı - Bettin Höteyə olan sevgisi. Qarşılıqsız, ümidsiz”.
Doğrudanmı qarşılıqlı sevgi ona gərək deyildi? “Mən xoşlamıram, kimsə bütün həyatını mənə həsr etsin”. Yəqin, ona görə məşhur şeirində ona aşiq olmayan adama minnətdarlığını bildirirdi. Sevgidə mümkünsüzlüyü sevirdi Svetayeva.
Necə də xoşdur, siz mənə yoluxmamısınız,
Necə də xoşdur, mən də sizə divanə deyiləm.
Amma sonrakı misralar onun özünün də fərqində olmadan səmtini, yolunu dəyişirdi.
Minnətdaram sizə,
Çünki siz özünüz də bilmədən
Elə sevirsiniz ki, məni...
Sözlər getdikcə fəlsəfi məzmununu itirir və bu qeyri-adi qadının sadə etirafına çevrilirdi.
“Bizim necə zülm çəkdiyimizi heç kim təsəvvür edə bilməz”
1917-ci ildə Svetayevanın ikinci qızı İrina doğulur. Bu ərəfədə Yefron hərbi xidmətə çağırılır. İki qızının qayğısına təkbaşına qalan şairə çətin günlər yaşayır. Aclıq, səfalət... Uşaqları aclıqdan xilas etmək üçün çarəsiz ana belə bir addım atır: onları uşaq evinə verir. Bir müddətdən sonra qızların ikisi də xəstəliyə yoluxur. Ana Ariadnanı evə gətirir. Amma kiçik qızı xilas etmək mümkün olmur, o, uşaq evində dünyasını dəyişir. Svetayeva onun ölümündə özünü günahkar bilir, qızı Ariadna da uzun illər bacısının ölümündə anasını suçlayır.
1922-ci ildə Svetayeva həyat yoldaşının yanına xaricə getmək üçün icazə ala bilir. Vaxtilə Ağ ordu sıralarında döyüşmüş Yefron Paris Universitetində oxuyurdu. Şairə qızı ilə bir müddət Berlində, 3 il isə Praqada yaşayır. 1925-ci ildə oğlu Qriqori dünyaya gəldikdən sonra, ailə nəhayət ki, Parisə yerləşir.
Paris Svetayevaya tələbəlik illərini xatırladırdı. Şəhər yenə yad və ögey idi. Üstəlik, həyat yoldaşının ətrafında dolaşan söz-söhbət səngimək bilmirdi. Belə şayiə gəzirdi ki, Trotskinin oğlu Lev Sedova qarşı hazırlanan sui-qəsddə Yefronun da əli var.
Bir tərəfdən, sanki müqəssir o imiş kimi ona dikilən ittiham dolu baxışlar, bir tərəfdən aclıq və yoxsulluq Svetayevanı asta-asta “öldürürdü”.
“Bizim necə zülm çəkdiyimizi heç kim təsəvvür edə bilməz. Mənim yeganə gəlir yerim - yazdıqlarımdır. Ərim xəstədir, işləyə bilməz. Qızım tikdiyi şlyapalardan qəpik-quruş qazanır. Oğlum hələ kiçikdir, 8 yaşı var. Bir sözlə, asta-asta aclıqdan ölürük.
Svetayeva reallıqdan çox öz dünyasında yaşayırdı. O, oğlunun dərslərinə nəzarət edir, corab yamayır, qonaq gedirdi. Amma bunların hamısı zahirən baş verirdi. Əslində, reallığın onun üçün çox az əhəmiyyəti vardı. Onun daxilindəki dünya başqa “relslərin” üzərindəydi. O dünyada uydurulmuş qəhrəmanlar vardı. O qəhrəmanlar ki, sevimli şahzadəni məişət əzabından xilas edib göyün yeddinci qatına qaldıracaqdı.
Svetayeva Pasternakla xəyali görüşlərini təsvir edirdi. Praqa ətrafındakı rütubətli stansiyada bu görüşlər bir ay davam edir. 1922-ci ilin payızı idi. O zaman Svetayeva Pasternakın Avropaya səfər etdiyini eşitmişdi. “Mən görüşə səhər erkən gəlmişdim. Hələ fənərlər yanmırdı. Fənər dirəyinin yanında bir yer vardı, orda var-gəl edir və sizi çağırırdım, Pasternak!”
“Mənə öz yarımı tapmaq çətindir. Çünki mən bu həyatda tək düşünülmüşəm” - deyən Svetayeva bəzən məyusluğa qapılırdı. “Siz mənim həyatıma sığışmırsınız”, - o, Pasternaka yazırdı, - “Siz orda yaşamırsız, sizi axtarmaq, hardasa başqa yerdə də izləmək lazımdır. Siz özünüzün yerinə həyata bütün səlahiyyətlərinizi verdiyiniz kölgənizi göndərirsiniz”.
Yazışmalardan 13 il sonra nəhayət ki, görüş baş tutur. 1935-ci ildə onlar Parisdə görüşürlər. Amma bu görüş ikisinə də ağrı-acı və məyusluq gətirir. Bəlkə də, onlardan asılı olmayan səbəblər vardı.
Svetayevanın fikrincə, sevmək - insanı Allahın fikrində tutduğu, amma valideynlərin gerçəkləşdirə bilmədiyi kimi görə bilmək idi... Şeirlərində yalqız insan ruhundan bəhs edirdi. Avtobioqrafik şeirində Tarusdan Moskvaya qayıdarkən ağaclarla bir-bir görüşüb vidalaşdığını yazırdı. Onda hələ balaca qız idi. Ağaclara canlı kimi baxırdı. Əslində, bu illər ərzində onun həyata baxışı demək olar ki, dəyişməmişdi.
“Məni qınama, Tanrım”
Marina Svetayeva həyatı boyu mindən çox məktub yazıb. Bu məktublar onun yaradıcılığının davamıdır. O, məktublara poeziya kimi baxırdı. Bəzi məktublarda o, bir qadın kimi öz hisslərindən bəhs edir, o biri gün isə bu zərif xanım bir ədəbiyyat tənqidçisinə çevrilir, hansısa əsər qəhrəmanının monoloqunu təhlil edirdi. Sadəcə istəyirdi ki, onu olduğu kimi - riyasız, yalansız qəbul etsinlər. Bu mümkün olmadığına görə, axırda tənha qalırdı. “Biz birgə deyib-gülə, əylənə bilərik, amma ağlamağa gələndə, sən tək-tənhasan”. Yalnız Svetayeva günahlarını bu şəkildə etiraf edə bilərdi:
Məni qınama, Tanrım,
Axı sən heç vaxt qadın olmamısan...
Şeirlərində ayrılıqları yamanlayır, lənətləyirdi. “Qaragöz ayrılıq”, “Tənha ayrılıq”... “Saqqallı-budaqlı kürən qırışmal”... Bəzən isə “oğlunu oxşayan ana kimi əzizləyirdi” - “qaragöz ayrılıq”, “ucaboy ayrılıq... Nəhayət, “adı Marina idi ayrılığın”.
1937-ci il martın 15-də Svetayevanın qızı Ariadna vətənə qayıtmaq imkanı əldə edir. 1939-cu ildə siyasi qətldə adı hallanan Yefron Fransadan Moskvaya gəlir. Svetayeva SSRİ-yə yalnız 1939-cu ildə qayıda bilir. Elə həmin ərəfədə şairənin qızı, sonra isə həyat yoldaşı həbs edilir. (1941-ci ildə Yefron güllələnir, Ariadna isə yalnız 1955-ci ildə bəraət ala bilir).
Marina Svetayeva demək olar ki, artıq şeir yazmır, yalnız tərcümələrlə məşğul olurdu. Amma az-çox yazdıqları da qəbul edilmirdi. Son məktublarının birində Svetayeva xahiş edirdi ki, onu Ədəbiyyat Fondunun yeməkxanasına qabyuyan işinə götürsünlər.
Murlıqa! Məni bağışla!
Sonrası daha pis ola bilərdi...
Bu, onun öz oğluna yazdığı məktub idi. Svetayevanın son məktubu idi.
“Mən ağır xəstəyəm. Bu artıq mən deyiləm. Başa düş, mən artıq yaşaya bilməzdim. Əgər atanı və Alyanı görsən, onlara de ki, mən onları son dəqiqəyə qədər sevdim. Onlara de ki, mən çıxılmaz vəziyyətdəydim”.
Şeirlərində özü-özünü ciddi qəbul etmədiyindən yazan, “mən sadəcə yoxam”, - deyən bu qadın bəlkə də, ürəyinin bir yerində kiminsə onu kəşf edəcəyinə inanırdı.
Pasternaka yazdığı məktubu xatırladı. “Heç kim anlamır ki, mən yalqızam. Nə olsun ki, dostlarım çoxdur. Ancaq bircə adam da yoxdur ki, mənə görə... yox, mənsiz ölə bilsin”.
31 avqust, 1941-ci il. O, bu gün yalqızlığının sonuncu əsərini yaratmalıydı. Təxliyə olunarkən Pasternak hardansa kəndir tapıb gətirmişdi və zarafata salaraq “bu kəndirlə lap asılmaq da olar” demişdi...
Həyatının son savaşına gedən qadın əmin idi ki, bir ildən, on ildən, lap yüz ildən sonra da olsa onu bağışlayacaqlar. İndi də olmasa, nə vaxtsa, onun içindəki dünyanı sevəcəklər...