Logo

99-dan biri: Və yaxud Ənvər Paşanı heyran edən Qarabağlı balası

31.08.2023 23:06 526 baxış
IMG

Azərbaycan Cümhuriyyəti Parlamentinin 1919-cu il 1 sentyabr tarixli qərarına əsasən Almaniyaya ali təhsil almaq üçün göndərilən gənclərdən bir də Əliyev Firidun Əzim oğludur.  

Digər Cümhuriyyət tələbələri kimi onun haqqında da Azərbaycan Xalq Cümhuriyyəti Ensiklopediyasında çox bəsit məlumat verilib və əksəriyyəti kimi “Sonrakı taleyi barədə məlumat aşkar olunmamışdı” (I.cild.2004.s.341) yazılıb. 

Lakin Azərbaycan Respublikası Prezidenti İşlər İdarəsi Siyasi Sənədlər Arxivində Firidun Əliyevə məxsus sənədlərdən onun Vətənində çəkdiyi sonrakı acınacaqlı taleyi bəlli olur. Bu kədər doğuran tale haqqında bir az sonra məlumat verəcəyəm. İndi baxaq görək Firidun Əliyev kim idi?  

1898-ci ilin 5 dekabrında Ağdam rayonunun Gülablı kəndində anadan olub. Çox kasıb bir ailədən olmasına baxmayaraq təhsil ala bilib. On yaşında Bakıya təhsil dalınca gələn Firidun əvvəl Alekseyevski məktəbində altı sinifli təhsilə yiyələnmiş, sonra isə təhsilini Bakı Politexnik Məktəbində davam etdirmişdi. 1918-ci ildə texnik-elektro mexanik ixtisası üzrə məktəbi bitirir. Elə həmin ilin may ayından 1920-ci ilin yanvar ayına kimi Bakıda Quberniya İdarəsində çertyojçu işləyir. 

1920-ci ilin yanvar ayından dövlət hesabına Almaniyaya Frayberq Universitetinə ali təhsil almağa göndərilən Firidunun qərib ölkədə ilk günləri yaxşı keçsə də 1920-ci ilin aprel işğalından sonra Avropaya ali təhsil almaq üçün gedən Cümhuriyyət tələbələri kimi onun da vəziyyəti ağırlaşır. Çünki yeni qurulan Şura hökuməti təqaüdünü kəsir. Məcburiyyət qarşısında qalan Firidun həm oxuyur, həm də Almaniyanın Xenttştet və Zyuqarts şəhərlərində, Mansfeld dağ-mədən zavodunda elektromantyor işləyir.

Təhsilini başa vuran Firidun 1926-cı ilin dekabrında Vətənə qayıdır. Vətəndə ilk əmək fəaliyyətinə Lənkəranda başlayır. 1928-ci ilin sonlarına kimi burada peşə məktəblərindən birində direktor vəzifəsində çalışır. Xatirələrdən bəlli olur ki, Firidun buradakı yaşayışından razı olub. Yerli əhaliyə tez bir zamanda qaynayıb-qarışan, böyük-kiçik yeri bilən bu gənc lənkəranlılar arasında hörmət-izzət sahibi olub. Lənkəran  Maarif  işçiləri onu Həmkarlar İttifaqının rayon konfransında təftiş komissiyasının üzvü seçirlər. 

Bu zaman 1928-ci ilin son aylarında Firidunu Bakıya çağırırlar və N.Nərimanov adına texnikumda elektrik şöbəsinin müdiri kimi işə başlayır. 1929-cu ilin sentyabrından Firidun Gəncə Sənaye Texnikumuna direktor təyin edilir. Elə həmin il F.Əliyevi Azərbaycan Kommunist (bolşeviklər) Partiyası sıralarına qəbul olunur və Gəncə şəhər Sovetinin İdarə heyətinin üzvü seçilir. 

1932-ci ildə yenidən Bakıya dəvət olunur və N.Nərimanov adına Texnikuma direktor təyin edilir. 1935-ci ilin ortalarına kimi hökumətin yadına düşmür ki, Firidun “Cümhuriyyət tələbəsidir”. 1935-ci ilin sonlarından ona qarşı münasibət birdən-birə dəyişilir. Dərhal işdən çıxarılır və nəzarətə götürülür. 1937-ci ilin iyul ayında gecə vaxtı “çağırılmamış qonaqlar” onun da evinə gəlir və Firidunu həbs edirlər. 1938-ci il aprelin 17-dək onu Azərbaycan SSR Xalq Daxili İşlər Komissarlığının daxili təcridxanasında saxlayırlar. 

Həbsdə olarkən onu Almaniyada eyni Universitetdə təhsil aldığı tələbə yoldaşı Rzaqulu Həsənovla (gələn sayda onun haqqında məlumat verəcəyəm) “görüşdürürlər”. Rzaquluya dəfələrlə təkid edirlər ki (dindirilmə protokollarından bu bəlli olur), tələbə yoldaşının “əksinqilabi fəaliyyəti” haqqında danışsın. Rzaqulu Həsənovun isə hər dəfə cavabı eyni olur: “Əliyev Firidun Əzim oğlunu 1920-ci ildən tanıyıram. Birlikdə Almaniyaya ali təhsil almağa getmişik. Frayberq Universitetində oxumuşuq. O, heç bir əksinqilabı təşkilatın üzvü deyil və bu işlə məşğul olmayıb”. “İnadkar” tələbə yoldaşlarını üz-üzə qoya bilmədikdə onları Rusiyanın ayrı-ayrı şəhərlərinə sürgün edirlər.         

Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirliyinin əməkdaşı leytenat Qolubtsovun imzaladığı ittihamnamədə yazılıb ki: “Əliyev Firidun Əzim oğlu Azərbaycanda əksinqilabi millətçi qrupun üzvü olmuş və Müsavat hökuməti tərəfindən Almaniyada ali təhsil almağa göndərilmişdi. Azərbaycan SSR Mülki Məcəlləsinin 72, 73 və 69-cu maddələri ilə həbs olunmuş”. 

Bundan sonra F.Əliyev Rusiyanın Kirov vilayətindəki Lesnaya stansiyası yaxınlığındakı həbs düşərgəsində saxlanılır.

1946-cı ildə azadlığa buraxılan Firidun yenidən vətəninə qayıdır. Bu qayıdışda rastlaşdıqları ona daha böyük bir zərbə olur. “Ömür-gün yoldaşı” Raya başqa “xalq düşmən”lərinin arvadları kimi min bir əzaba qatlaşıb onun yolunu gözləməyib, Firidunun qoca anası Sara xanımı tək qoyaraq Rusiyaya İvanova vilayətinə üz tutub. Beləliklə, sürgündən qayıdan bu “xalq düşməni”nə Bakıda nə iş tapılmış, nə də öz evində yaşamaq hüququ verilmişdi. Avropa təhsili görmüş mütəxəssis məcbur qalaraq Gülablıda, Vartaşendə elektrik işləməli olub.

O, dəfələrlə Azərbaycan Respublikası Mili Təhlükəsizlik Nazirinin müavini polkovnik Kərimova və Azərbaycan SSR Daxili İşlər Nazirinin müavini polkovnik Rəhimova məktubla müraciət etsə də nəticəsi olmamış. Sonda 1948-ci ilin mart ayında Azərbaycan Kommunist (Bolşeviklər) Partiyasının birinci katibi M.C.Bağırova məktubla müraciət etmişdir.  

“Azərbaycan K(b)P MK katibi M.C.Bağırov yoldaşa. Yoldaş Bağırov!   

On dörd yaşından əmək fəaliyyətinə başlamışam və 1946-cı ilədək fasiləyə yol verməmişəm. Ancaq son iki ildə əmək qabiliyyətimi itirmədiyimə baxmayaraq işsiz qalmışam. Bütün həyatım boyu mən heç bir yerə ərizə və ya şikayət yazmamışam. Son iki ildə isə aidiyyəti orqanlara göndərdiyim məktubların hesabını itirmişəm. Yoldaş Bağırov! İnanıram ki, Siz əzablarıma son qoyacaqsınız...”

Doğrudanmı bu qədər əzab-əziyyətdən, haqsızlıqlardan sonra onun qəlbində yenə də hökumətinə qarşı bir “İNAM” (!) qalmışdı. Elə bu boş “İNAM”la da bir neçə il sonra Firidun ömrünü acınacaqlı halda başa vurub. 

Qərənfil Dünyaminqızı, Əməkdar jurnalist

Xəbər lenti