1 sentyabr – Azərbaycan xalqının taleyində, milli mədəniyyətimizin və ictimai fikir tariximizin, elm və təhsilimizin inkişafında yeni mərhələnin başlanğıcı sayılan şərəfli bir tarixdir. 104 il əvvəl məhz bu gün Azərbaycan Xalq Cümhuriyyətinin Parlamenti uzun və gərgin müzakirələrdən sonra tarixi qərara imza atdı. Parlamentdə Bakı Dövlət Universitetinin təsisi haqqında qanun qəbul edildi. Bakı Dövlət Universiteti (BDU) Cümhuriyyət illərində çox qısa zaman ərzindəki fəaliyyəti ilə xalqımızın maariflənməsində mühüm rol oynadı. Sovet hakimiyyəti illərində Universitet rejimin amansız təzyiqlərinə, hətta 30-cu illərdə fəaliyyətinin bir müddət məhdudlaşdırılmasına baxmayaraq elm və təhsil məbədi kimi öz tarixi missiyasını davam etdirməyi bacardı.
BDU-nun inkişafında yeni və mühüm mərhələ, heç şübhəsiz, 1969-cu ildə Ümummilli Liderimiz Heydər Əliyevin ölkəyə rəhbərlik etməsi ilə başladı. Universitetin elm və təhsil flaqmanı kimi şöhrətlənməsi məhz bu tarixdən sonra gerçəkləşdi. Ali təhsil ocağının 50 illik yubiley tədbirlərinə Ulu Öndər Heydər Əliyevin şəxsən rəhbərlik etməsi, dövlət başçısı kimi Universitetə daimi qayğısı BDU-nun nüfuzunu daha da artırdı. Universitetin 50 illik yubiley tədbirində Ulu Öndər Heydər Əliyevin böyük cəsarət nümayiş etdirərək məhz ana dilimizdə çıxış etməsi bu gün də xalqımız tərəfindən ehtiram və minnətdarlıqla yad edilir. Ulu Öndər həmin tarixi hadisəni dəfələrlə yada salmışdı: "Xatirimdədir, Universitetin 50 illik yubileyində çıxış edərkən, şübhəsiz ki, öz ana dilimdə, Azərbaycan dilində danışdım. Bu, böyük bir sensasiya kimi qəbul olundu – nə cür olur ki, respublikanın rəhbəri Azərbaycan dilində çıxış edir... Bəziləri məni bu hadisə münasibətilə təbrik edirdilər, minnətdarlıqlarını bildirirdilər. Dilini sevən, milli ruhla yaşayan insanlar, doğrudan da, bunu böyük bir hadisə kimi qəbul etdilər".
Azərbaycan dövlət müstəqilliyini bərpa etdikdən sonra BDU Ulu Öndər Heydər Əliyevin diqqət və qayğısı sayəsində inkişafının yeni və daha parlaq mərhələsinə qədəm qoydu. Ulu Öndər ənənələrə sadiqliyini bir daha nümayiş etdirərək Universitetin xeyirxahı və hamisi, eyni zamanda məzunu kimi qayğısını əsirgəmədi. Bu gün isə həmin tarixi missiyanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev davam etdirir. BDU möhtərəm Prezidentimiz və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hərtərəfli qayğısı ilə tərəqqi və inkişaf yolunda inamla addımlayır.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamı ilə 2019-cu ildə Universitetin 100 illik yubileyinin təntənəli şəkildə qeyd olunması, əməkdaşların ali dövlət mükafatları ilə təltif edilməsi BDU ailəsinin hər bir üzvü tərəfindən ehtiramla xatırlanır. Ölkə rəhbərinin yubiley mərasimindəki proqram xarakterli çıxışı Universitetin hər bir əməkdaşı üçün yol xəritəsidir.
BDU kollektivi bu gün doğma təhsil və elm ocağının yaradılmasının növbəti ildönümünü qeyd edir. Doğma universitetimizin 104 yaşı bu ali təhsil müəssisəsinin inkişafına və tərəqqisinə əvəzsiz töhfələr vermiş, BDU-nu Azərbaycan xalqının, Azərbaycan Respublikasının milli sərvəti, milli iftixarı adlandıran, hər zaman məzunu olması ilə fəxr etdiyini ifadə edərək ona yüksək dəyər verən Ulu Öndərimiz Heydər Əliyevin 100 illik yubileyinə, ölkə başçısının 2022-ci il 29 sentyabr tarixli Sərəncamı ilə elan olunmuş “Heydər Əliyev İli”nə təsadüf edir. 2023-cü ilin Azərbaycan Respublikasında “Heydər Əliyev İli” elan olunması bütün xalqımız kimi çoxminli BDU kollektivində də xüsusi ovqat yaratmışdır. Azad Qarabağımızın simvolu Şuşaya həsr olunmuş ildən sonra zəfərlərimizin memarı Ulu Öndər Heydər Əliyevə həsr olunmuş ilin qeyd olunmasını hər birimiz sonsuz ehtiram və minnətdarlıq hissləri ilə qarşılayırıq. Dövlət başçısının Sərəncamında əksini tapan fikirlər ötən günlərimizə nəzər salmaq, dövlətimizin bugünkü inkişaf səviyyəsinə hansı çətinliklərdən keçərək gəlib çatdığımızı bir daha aydınlaşdırmaq və eyni zamanda Prezident cənab İlham Əliyevin rəhbərliyi ilə gələcək hədəflərimizə nail olmağımız üçün mükəmməl bir proqram, aydın bir yol xəritəsidir. Sərəncamda yer almış fikirlər tariximizin böyük bir epoxasının lakonik, eyni zamanda müdriklik və məntiqlə əksini tapmış inikasıdır: “Heydər Əliyev öz xalqını zamanın mürəkkəb tarixi-siyasi sınaqlarından uğurla çıxarmış və ardıcıl mübarizə apararaq onu müstəqilliyə qovuşdurmuş qüdrətli şəxsiyyətdir. Azərbaycan xalqı yeni əsrə və yeni minilliyə məhz Heydər Əliyev zəkasının işığında qədəm qoymuşdur”.
Hər zaman Ulu Öndərin irsinin təbliğini, bu irsin gənc nəslə aşılanmasını özünün ali məqsədlərindən hesab edən BDU kollektivi “Heydər Əliyev İli”ndə bu istiqamətdə səylərini daha da artırmışdır. Bu məqsədlə BDU-nun Elmi Şurasında Tədbirlər Planı qəbul olunmuşdur. BDU-nun Elmi Şurasında və fakültələrində Ulu Öndərin 100 illik yubileyinin qeyd olunması ilə əlaqədar müzakirələr aparılmış, təkliflər dinlənimişdir.
Tədbirlər Planında Ümummilli Lider, müstəqil Azərbaycan dövlətinin memarı, BDU-nun dünya şöhrətli məzunu Heydər Əliyevin həyatı və çoxşaxəli fəaliyyəti ilə bağlı elmi-tədqiqat işlərinin aparılması, beynəlxalq konfransların, seminarların keçirilməsi, kitabların hazırlanması, xüsusi mühazirələrin və dərslərin təşkili və s. kimi digər mühüm vəzifələr əksini tapmışdır. BDU ailəsinin hər bir üzvü, professor-müəllim heyəti, o cümlədən tələbələrimiz Tədbirlər Planında əks olunan vəzifələri həvəslə icra edir, bu tarixi ilin, tarixi günlərin, tarixi anların bir hissəsi olmaq üçün səylərini əsirgəmirlər.
BDU Elmi Şurasının Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş genişləndirilmiş xüsusi iclası keçirilmiş, iclasda xalqımızı ağır sınaqlardan siyasi müdriklik və məharətlə, əzm və iradə ilə, dühasının və idrakının yenilməz gücü ilə çıxarmış, dövlət müstəqilliyinə, tərəqqiyə və dayanıqlı inkişafa qovuşdurmuş Ulu Öndər Heydər Əliyev böyük sevgi və ehtiramla yad olunmuşdur. Ulu Öndərin irsinin beynəlxalq aləmdə təbliği istiqamətində ciddi addımlar atan BDU Yeni Azərbaycan Partiyası və Ankara Universiteti ilə birgə “Heydər Əliyev İli”ndə "Müstəqil Azərbaycanın memarı" adlı Beynəlxalq elmi konfrans keçirmişdir. Azərbaycan, Türkiyə və İsraildən olan tanınmış elm adamları, ictimai-siyasi xadimlərin iştirak etdiyi beynəlxalq konfransda Ulu Öndər Heydər Əliyevin zəngin həyat yolu və misilsiz fəaliyyətinin bütün mərhələlərinə həsr olunmuş 100-dən çox məruzə dinlənilmiş, elmi dövriyyəyə yeni fikirlər, maraqlı faktlar təqdim edilmişdir.
Ulu Öndərin irsinin bölgələrdə təbliğinə də xüsusi həssaslıqla yanaşılmış, Tərtər və Masallı rayonlarının icra hakimiyyətləri ilə birgə konfranslar keçirilmişdir. Konfranslar çərçivəsində həmçinin universitet alimləri rayon məktəblilərinə Ümummilli Lider Heydər Əliyevin irsi ilə bağlı mühazirələr oxumuş, şagirdləri müdrik rəhbərin zəngin həyat və fəaliyyətini dərindən öyrənməyə, onun əsasını qoyduğu dəyərləri qorumağa və inkişaf etdirməyə səsləmişlər. Eyni zamanda məktəblərə Ulu Öndərin zəngin irsinə həsr olunmuş kitablar hədiyyə edilmişdir.
“Heydər Əliyev İli” münasibətilə BDU-nun Heydər Əliyev Muzeyi və Heydər Əliyev Lektoriyası əsaslı təmir olunaraq ən müasir standartlarla yenidən qurulmuş, elektron lövhələr, məlumat daşıyıcıları ilə təchiz edilmişdir. Əməkdaş və tələbələr arasında Ulu Öndərin zəngin irsi, Azərbaycançılıq ideyasının təbliği, mühazirələrin, müzakirə və dəyirmi masaların təşkili məqsədi ilə ən informasiya-kommunikasiya avadanlıqları quraşdırılmış, muzey zənginləşdirilmişdir.
“Heydər Əliyev mühazirələri” layihəsi çərçivəsində ölkənin nüfuzlu elm adamları, ictimai xadimlər tələbələrə mühazirələr oxumuşlar. “Ulu Öndər xatirələrdə” layihəsi çərçivəsində isə davamlı olaraq vaxtilə Ulu Öndərlə birlikdə çalışmış, onunla ünsiyyətdə olmuş insanlarla tələbələrin görüşləri təşkil olunur.
BDU əməkdaşları arasında “Ulu Öndər – müstəqil Azərbaycanın qurucusu” adlı məqalə müsabiqəsi, tələbələr arasında “Heydər Əliyev – BDU-nun dünya şöhrətli məzunu” mövzusunda esse müsabiqəsi, eləcə də əməkdaşlar və tələbələr arasında Ulu Öndərin 100 illik yubileyinə həsr olunmuş yarışlar, müsabiqələr təşkil edilmişdir. “Heydər Əliyev ili” çərçivəsində gerçəkləşdirilən layihələrdən bəhs edərkən Şamaxı rayonunun Göylər kənd 2 saylı tam orta məktəbində Sosial elmlər və Psixologiya fakültəsinin Psixologiya kafedrasının təşəbbüsü ilə BDU-nun Elmi Kitabxanasının filialının açılması da xüsusi qeyd olunmalıdır.
Tədbirlər Planına uyğun olaraq BDU-da “Heydər Əliyev İli”nə həsr olunmuş, ali məktəb tələbələri arasında Fizika, Riyaziyyat və Kimya fənləri üzrə Respublika Olimpiadaları, 8 idman növü üzrə spartakiada, mədəniyyət və incəsənət festivalları, sislilə mədəni-kütləvi tədbirlər, müsabiqələr və yarışlar keçirilmişdir.
Onu da vurğulamaq lazımdır ki, Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi ilə əlaqədar BDU-nun Elmi Şurasında qəbul edilmiş Tədbirlər Planında əksini tapan vəzifələrin icrası bu gün də davam edir.
104 il əvvəl 2 fakültə, 44 nəfər professor-müəllim heyəti və 1094 tələbə ilə fəaliyyətə başlayan Universitet hazırda isə 16 fakültə, 120 kafedra, 2 elmi-tədqiqat institutu, Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzi, 4 elmi-tədqiqat mərkəzi və 21 elmi-tədqiqat laboratoriyası, 2 milyondan çox kitab fondu olan Elmi Kitabxana, 5 muzey, 5 beynəlxalq institut və mərkəz, 1 filial, 1 kollec və 1 liseylə müqəddəs yola davam edən Universitetin uğurları ötən tədris ilində də davam etmişdir. Bəhs olunan dövrdə Elm və Təhsil Nazirliyinin tabeliyində Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Universitetin növbəti akkreditasiyası həyata keçirilmişdir. Ali təhsil müəssisəsinə güclü və zəif tərəflərini müəyyənləşdirməyə və strateji inkişaf proqramı əsasında inkişaf etməyə imkanlar yaradan, əsas məqsədi təhsilin müxtəlif pillələrində keyfiyyətin təminatı sisteminin qurulması hesab olunan akkreditasiya prosesi uğurla başa çatmış, Elm və Təhsil Nazirliyinin Akkreditasiya Şurasının 8 iyun 2023-cü il tarixli qərarı ilə BDU-nun 5 il müddətində akkreditasiya olunması ilə bağlı şəhadətnamə Universitetə təqdim edilmişdir.
BDU-nun 2021-2030-cu illər üçün Strateji İnkişaf Planında qarşıya qoyulmuş vəzifələr, priroritet istiqamətlər əsasında Universitetdə təhsilin inkişafı, elmi tədqiqatların keyfiyyətinin artırılması, idarəetmə sisteminin dinamikliyinin təmin edilməsi məqsədilə müntəzəm olaraq struktur islahatları aparılır, gənc kadrlar məsul vəzifələrə irəli çəkilir. Təhsilalanlar və akademik heyət arasında qarşılıqlı əlaqələr dərinləşdirilir, təhsildə keyfiyyət təminatını, müvafiq proseslərin stimullaşdırılmasını ehtiva edən müasir yanaşmalar tətbiq olunur. Yeni nəsil elm-təhsil proqramlarının sayının artırılması (yeni ixtisas və ixtisaslaşmaların yaradılması), təhsil proqramlarının müntəzəm olaraq yenilənməsi, ixtisaslı kadr hazırlığının keyfiyyətinin artırılması, Universitetin təhsil fəaliyyətinin milli və beynəlxalq meyarlara uyğunluğunun təmin edilməsi, əmək bazarında Universitet məzunlarının rəqabətqabiliyyətliliyinin artırılması, təhsilalanlarda yeni iqtisadi və idarəetmə düşüncə tərzinin formalaşdırılması və s. məqsədilə Universitetin keyfiyyət təminatı siyasəti yenilənmiş, Keyfiyyət Təminatı Mərkəzi yaradılmışdır.
Tədris prosesində informasiya sistemi və texnologiyalarının və Universitetin fəaliyyətində elektron idarəetmə sisteminin tətbiqi genişləndirilmişdir. Artıq bir neçə ildir tətbiq olunan “Blackboard” – tədrisin elektron idarə edilməsi sistemindən istifadə e-təhsilin təkmilləşdirilməsinə və təhsil xidmətlərinin keyfiyyətinin artırılmasına şərait yaratmışdır. “Blackboard EdTech” ekosisteminə daxil olan “bulud platforması” vasitəsilə tələbələrin və müəllimlərin elektron məlumat bazası yaradılmış, tədris prosesinin və təhsilin məzmununun elektron idarəedilməsi, elektron qiymətləndirmə və digər tədris proseslərinin elektronlaşdırılmış həllinə nail olunmuşdur. Eləcə də İnsan Resurslarını Vahid İdarəetmə Sistemi, Elektron Sənəd Dövriyyəsi informasiya idarəetmə sistemi uğurla tətbiq olunmuş, BDU Elmi Kitabxanasının fondunun rəqəmsallaşdırılması sürətləndirilmişdir.
Tədris resurslarının təkmilləşdirilməsi və genişləndirilməsi istiqamətində tədbirlər görülmüş, müasir təlim prosesini aparmaq üçün auditoriyalar zəruri avadanlıqlarla (proyektorlar, kompüterlər, ağıllı lövhələr və s.) təchiz olunmuş, elmi-tədqiqat və tədris laboratoriyalarının maddi-texniki bazası gücləndirilmiş, Universitetin ərazisində abadlıq-quruculuq işləri aparılmışdır. Hazırda BDU-nun 2 saylı tədris binasının əsaslı təmiri, Universitetin yeni qazanxanasının tikintisi işləri yekun mərhələsindədir. Əsaslı təmirdən sonra yeni tədris ilində istifadəyə veriləcək tədris binası tamamilə yenidən qurulur, tədris və elmi-tədqiqat fəaliyyətinin təkmilləşdirilməsi üçün müasir avadanlıqlarla geniş imkan yaradılır.
Aparılan islahatlar, müasir dərslik və dərs vəsaitləri ilə təminatın gücləndirilməsi, əmək bazarının tələbləri nəzərə alınaraq təhsilin bakalavriat və magistratura səviyyələrində bir sıra yeni ixtisas və ixtisaslaşmaların açılması, xarici ölkələrin nüfuzlu universitetləri ilə ikili diplom proqramlarının həyata keçirilməsi və s. tədrisin, elmi-tədqiqatların keyfiyyətinin yüksəldilməsinə, tələbələrin ictimai fəallığının artırılmasına, onların Azərbaycançılıq ideyasına, milli-mənəvi dəyərlərə bağlı, əsl vətəndaş kimi formalaşmasına xidmət edir.
Bunun nəticəsisdir ki, BDU tələbələri yüksək ixtisaslı mütəxəssislər kimi yetişməklə yanaşı, ölkə və beynəlxalq miqyaslı elm, təhsil və sosial layihələrdə, mədəni-kütləvi tədbirlərdə, incəsənət, idman müsabiqələrində uğurla çıxış edirlər.
Cari ildə BDU-nun komandaları İstanbulda keçirilən “TEKNOFEST-2023” Aerokosmik və Texnologiya Festivalında uğurlu nəticə göstərmiş, Universitetin 4 komandası 6 layihə ilə "TEKNOFEST-2023"ün finalına vəsiqə qazanmışdır. Onlardan “BSU Creativity Workz” komandası “Driver’s Eye (avtomobil qəzalarını əvvəlcədən müəyyənləşdirərək sürücünü xəbərdar edən elektron sistem)” layihəsi ilə festivalda “Ağıllı nəqliyyat” kateqoriyası üzrə 109 finalçı arasında I yerə, “Humantek” komandası isə “Ağıllı damla sulama sistemi (torpağın mineral tərkibi, rütubət səviyyəsi, havanın temperaturu və təzyiqi kimi məlumatların toplanaraq mərkəzi stansiyaya naqilsiz ötürülməsi üçün əkin sahələrinin müxtəlif yerlərində günəş enerjisi ilə qidalanan kiçik stansiyalar)” layihəsi ilə “Aqrar texnologiyalar” kateqoriyasında 73 finalçı arasında III yerə layiq görülüb. "TEKNOFEST-2023"-də yalnız BDU deyil, ümumilikdə ölkəmiz adına qazanılan bu möhtəşəm qələbə gənclərimizi yeni uğurlara və nailiyyətlərə sövq edir, onlarda elmi-tədqiqat fəaliyyəti üçün böyük stimul yaradır. Hal-hazırda “BSU Creativity Workz” komandası Ankara şəhərində təşkil olunan "TEKNOFEST-2023 - Girişim" yarışmasının finalında iştirak edir.
BDU tələbələri, eləcə də Universitetin nəzdindəki “Gənc istedadlar” liseyinin şagirdləri ötən il beynəlxalq arenada bilik və bacarıqlarını qürurla nümayiş etdirmiş, bir sıra olimpiadaların qalibi adını qazanmışlar. 2023-cü il iyulun 31-dən avqustun 6-dək Bolqarıstanda ali məktəb tələbələri arasında keçirilən Beynəlxalq Riyaziyyat Olimpiadasında Mexanika-riyaziyyat fakültəsinin tələbəsi Vüqar Quliyev xüsusi birinci mükafata layiq görülmüşdür. Həmçinin “Gənc istedadlar” liseyinin VII sinif şagirdi Sulduz Hacıyev 6-13 avqust tarixlərində IMEC Riyaziyyat Olimpiadasının (IMEC - International Mathematics Olympiad) qlobal turunda işirak edərək qızıl medal əldə etmişdir. Sinqapurda keçirilən "Singapore International Math Olympiad Challenge" (SIMOC) olimpiadasında isə liseyin V sinif şagirdi Fateh Kərimli məntiq üzrə qızıl, VIII sinif şagirdi Cabir Abbasov gümüş medala layiq görülüblər. Bütün bunlar BDU-nun beynəlxalq elm və təhsil məkanına inteqrasiyasını şərtləndirir və bu prosesi daha da sürətləndirir.
Universitetdə tələbələrin təhsili, elmi tədqiqatlara təşviq olunmaları və onların layihələrinin dəstəklənmələri üçün ən müxtəlif innovativ üsul və metodlar tətbiq olunur. Son dövrlər Tələbə Elmi-Texniki Yaradıcılıq Mərkəzinin fəaliyyətə başlaması, “Code Academy”, “Dev Education” layihələri çərçivəsində tələbələrin ən müasir kompüterlərlə təchiz olunmuş auditoriyalarda proqramlaşdırma, sistem və şəbəkə inzibatçılığı üzrə bilik və bacarıqlarını artırmaları üçün şəraitin yaradılması onlarda elmə və təhsilə daha böyük maraq yaratmışdır. Eyni zamanda mütəmadi olaraq karyera sərgilərinin təşkili, əmək bazarının tələbləri nəzərə alınmaqla yeni ixtisas və ixtisaslaşmaların açılması da müsbət dinamika kimi izlənilməkdədir.
Hazırda Universitetdə ali təhsilin bütün səviyyələrində 25 minə yaxın tələbə təhsil alır. 3 mindən çox əməkdaş, o cümlədən 1500 nəfərə qədər professor-müəllim heyəti və elmi işçi çalışır. Onlardan 250-dən çoxu elmlər doktoru, professor, 1000 nəfərə yaxın əməkdaş isə fəlsəfə doktoru, dosentdir. Bu gün BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir.
BDU ölkəmizdə “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı”na uyğun olaraq dünya elminin qabaqcıl elmi və təlim-tədris nailiyyətlərindən istifadə etməklə əmək bazarının tələblərinə uyğun mütəxəssislərin hazırlanması istiqamətində ABŞ, Almaniya, İsrail, İsveçrə, Qazaxıstan və s. kimi ölkələrin qabaqcıl universitet və institutları ilə (Yerusəlim İbrani Universiteti (HUJI), Holon Texnologiya İnstitutu (HIT), Lumière Lyon 2 Universiteti, Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS), Linkoln Universiteti, Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti və s.) bakalavriat, magistratura, doktorantura pilləsi üzrə 11 beynəlxalq ikili diplom proqramlarını tətbiq edir. BDU beynəlxalq reytinqlərdə mövqeyini möhkəmləndirir. Ənənəvi olaraq QS, Scimago, WRWU, URAP kimi dünya universitetlərinin beynəlxalq reytinqində təmsil onunan Universitet ölkəmizdən yeganə ali məktəb olaraq nüfuzlu Times Higher Education beynəlxalq reytinqində təmsil olunur.
2023/2024-cü tədris ilində BDU-da bakalavriat və magistratura səviyyəsinə qəbul planı artırılmışdır. Bakalavriat səviyyəsi üzrə 3 yeni ixtisasa –“Statistika”, “Meliorasiya mühəndisliyi”, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisaslarına qəbul aparılır. Həmçinin magistratura səviyyəsində “Tərcümə (ərəb dili üzrə)”, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” və “Gömrük ekspertizası” ixtisaslaşmaları üzrə də bu tədris ilindən etibarən qəbul aparılmışdır.
BDU peşəkar kadrlar yetişdirməklə yanaşı, milli ruhlu vətəndaş yetişdirməyi də özünün ali məqsədi hesab edir. Bu məqsədlə davamlı olaraq tələbələr arasında iş aparılır, bir sıra sosial layihələr həyata keçirilir. Universitetdə fəaliyyət göstərən tələbə təşkilatları bu prosesin avanqardı kimi çıxış edir. BDU tələbələri ölkəmizdə uğurla həyata keçirilən gənclər siyasəti və könüllülük hərəkatına öz mühüm töhfələrini verirlər. Bunun ən bariz nümunəsi kimi Laçın-Xankəndi yolunda təşkil olunan ekoloji aksiyada tələbələrimizin fədakarlıqla iştirakı göstərilə bilər.
Son illər BDU məzunları müəllimlərin işə qəbulu (MİQ) imtahanlarında yüksək nəticələr göstərir, eyni zamanda tələbələrimiz beynəlxalq, regional və yerli olimpiadalarda, bilik yarışmalarında ön yerləri tuturlar. BDU-nun onlarca məzunu son illər yüksək nəticələr əldə edərək nüfuzlu xarici universitetlərə daxil olmuşlar. Cari ildə BDU-nun 4 məzunu üçüncü “Yüksəliş” müsabiqəsinin qalibi olmuşdur. 2023-cü il üzrə Gənclər üçün Prezident mükafatçılarından 2-si, “Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrində təhsil almalarına dair 2022-2026-cı illər üçün Dövlət Proqramı” çərçivəsində 2023-cü ildə xaricdə təhsil almaq fürsəti qazanmış tələbələrdən 16-sı BDU-nun məzunudur.
Universitetdə elmi fəaliyyətin səmərəli təşkili prioritet hesab olunur. Elmi-tədqiqat işlərinin məzmununun yenilənməsi, alınan nəticələrin bilavasitə tətbiq sahələrinə yönəldilməsi sahəsində müsbət tendensiya formalaşmaqdadır. Son 3 il ərzində BDU-da Sənaye kimyası, Rəqəmsal araşdırmalar, Hüceyrə kulturası və genom redaktəsi, Mikrobiologiya və virusologiya, Biomühəndislik, Kompleks geoloji və geofiziki tədqiqatlar kimi yeni sənaye yönümlü elmi-tədqiqat laboratoriyaları yaradılmış və yenidən qurulmuş, qeyd olunan istiqamətlərdə bir sıra kommersiya əsaslı layihə müqavilələri imzalanmışdır.
Universitet alimləri tərəfindən nüfuzlu elmi nəşrlərdə çap edilən məqalələrin sayı bu il yüksələn dinamika ilə inkişaf etmişdir. “Clarivate Analytics” Beynəlxalq İnformasiya Agentliyinin rəsmi məlumatına əsasən, BDU-nun H-indeksi artaraq hazırda 57-yə yüksəlmişdir. Müqayisə üçün qeyd edək ki, bu göstərici 2018-ci ildə 35-ə, ötən il 52-yə bərabər olmuşdur. Hər bir əsərə edilən istinadların orta sayı isə 2022-ci ildəki 6.06 göstəricisindən 7.06-ya qədər yüksəlmişdir. Agentliyin rəsmi məlumatına əsasən, BDU-nun əməkdaşları, doktorant və tələbələri tərəfindən “Web of Science” bazasına daxil olan dərgilərdə artıq 4123 elmi əsər nəşr edilib. Ötən il isə bu göstərici 3598 elmi əsər təşkil edirdi. Bu əsərlərə ümumilikdə 29000-dən çox istinad edilib ki, bu göstərici də ötən il 22000-nə yaxın idi. 2023-ci ilin ilk səkkiz ayı ərzində “Web of Science” bazasına daxil olan dərgilərdə BDU tərəfindən nəşr edilmiş 143 elmi əsərin 31-i Q1, 45-i Q2, 33-ü Q3 və 34-ü Q4 kvartil kateqoriyalı jurnallarda dərc olunub. Cari ilin ilk səkkiz ayı ərzində bazaya daxil olan jurnallarda dərc olunmuş elmi əsərlərə 3700-dən çox istinad edilib. Dərc olunmuş məqalələrdən 4-ü icmal tipli, 17-si ilkin və 59-u açıq girişə malikdir. Onu da vurğulamaq lazımdır ki, H-indeksi, “Web of Science” bazasına daxil olan dərgilərdəki elmi əsərlərin və istinadların sayına görə BDU Azərbaycan universitetləri arasında liderdir.
BDU-da əməkdaşların elmi fəaliyyətə təşviqi üçün davamlı olaraq məqsədyönlü tədbirlər həyata keçirilir, nüfuzlu elmi jurnallarda dərc edilən məqalələrin müəllifləri mükafatlandırılır. 27 Mart – Azərbaycan Respublikasında “Elm günü”nə həsr olunmuş “İlin alimi” nominasiyası üzrə ənəvi müsabiqələr təşkil olunur, qaliblər mükafatlandırılır.
“Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər”də ölkəmizin sosial-iqtisadi inkişafına dair milli prioritetlərdən biri də “Rəqabətli insan kapitalı və müasir innovasiyalar məkanı”nın formalaşdırılmasıdır. “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda qeyd olunduğu kimi, 2026-cı ilə qədər Azərbaycanda elmin inkişafı və dünya səviyyəsində mövqeyinin yüksəlməsi üçün “Tədqiqat Universitet”lərinin yaradılması nəzərdə tutulmuşdur. Ölkəmizin ən böyük elm və təhsil müəssisəsi kimi, BDU-da bu məqsədlə yaradılmış yeni təhsil-tədqiqat-sənaye yönümlü akselerasiya və araşdırmalar mərkəzi – Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzində (Centre of Excellence) fəaliyyət göstərən və digər müasir tipli elmi-tədqiqat laboratoriyalarında dünya elminin müasir meyillərinə uyğun rəqabətədavamlı innovativ elmi-tədqiqatların aparılması, müxtəlif elm sahələri arasında multidissiplinarlığın təmin edilməsi, elmi-təhsil-istehsalat inteqrasiyasını genişləndirməklə elmi nəticələrin sənayedə tətbiqi və kommersiyalaşdırılması, magistrant və doktorantların birbaşa olaraq elmi-tədqiqat laboratoriyalarında yetişdirilməsi üçün ən müasir elmi cihaz, avadanlıq və materiallar, müxtəlif tipli proqramlarla təchiz olunmuş kompüter sistemləri və İT avadanlıqları alınır. Onu da qeyd edək ki, Mərkəzdə və Universitetin elmi-tədqiqat laboratoriyalarında yalnız BDU-nun əməkdaşları, tələbələri, magistrantları və doktorantları deyil, həmçinin əməkdaşlıq çərçivəsində ölkəmizin elmi-tədqiqat institutları, ali təhsil müəssisələrinin və digər müvafiq qurumların əməkdaşları da elmi-tədqiqatlarda iştirak və bütün cihaz və avadanlıqlardan istifadə edə biləcəklər. Ən müasir tələblərə uyğun səviyyədə yaradılacaq elmi-tədqiqat mühiti beynəlxalq əməkdaşlığı daha da inkişaf etdirəcək və müxtəlif layihə və proqramlar çərçivəsində birgə rəqabətədavamlı elmi araşdırmaların aparılmasına imkan verəcəkdir.
Ötən tədris ilində Universitetin beynəlxalq əlaqələri də son illərin uğurlu təcrübəsinə və inkişaf dinamikasına uyğun artmışdır. Bəhs olunan dövrdə BDU ilə Türkiyənin Bilkent, Hacettepe, Eskişehir Texniki, Çukurova, Karabük, Üsküdar universitetləri, İsrailin Yerusəlim İbrani Universiteti, Ruminiyanın Alexandru İoan Cuza İasi Universiteti, Özbəkistanın Nizami adına Daşkənd Dövlət Pedaqoji Universiteti, Dövlət İncəsənət və Mədəniyyət İnstitutu, Buxara Mühəndislik-Texnologiya İnstitutu, Qazaxıstanın Avrasiya Milli Universiteti və s. çoxsaylı nüfuzlu universitetlər ara¬sında “Erasmus” mübadilə protokolları, əməkdaşlıq sazişləri, bakalavriat, magistratura və doktorantura səviyyələri üzrə ikili diplom proqramına dair müqavilələr imzalanmışdır. Həmçinin İsrailin Holon Texnologiya İnstitutu (HİT), İsveçrənin Biznes və Beynəlxalq Tədqiqatlar Universiteti (UBIS) və Qazaxıstanın Əl-Fərabi adına Qazax Milli Universiteti ilə ikili diplom proqramının ilk məzunlarının buraxılışı keçirilmişdir.
BDU-nun həmtəşkilatçılığı ilə beynəlxalq elmi tədbirlər, o cümlədən Bakı şəhərində BMT-nin Kosmos Məsələləri üzrə Ofisi (UNOOSA) ilə “Beynəlxalq Kosmik Hava Təşəbbüsü: Günəş, Kosmik Hava və Geosfer” üzrə BMT/Azərbaycan yüksək işçi seminarı (“United Nations/Azerbaijan Workshop on the International Space Weather Initiative: The Sun, Space Weather and Geosphere”), Volkswagen Fondu ilə “Kvant elminin və texnologiyasının müasir meylləri: kvant materiallarından kvant informasiyasına qədər” mövzusunda Beynəlxalq Yay Məktəbi, Türkiyənin İstanbul şəhərində İslam Dünyası, Təhsil, Elm və Mədəniyyət Təşkilatı (ICESCO) ilə “Peyk Modeli Təlimi və Aerokosmos Simpoziumu” (Model Satellite (CanSat) Training Workshop & Aerospace Symposium), Özbəkistanın Andijan Dövlət Universiteti və Türkiyənin Ege Universitetləri ilə birgə “Avrasiyanın biomüxtəlifliyinin mühafizəsi: müasir problemlər, həllər və perspektivlər” mövzusunda I Beynəlxalq konfrans, akademik Rəfiqə Əliyevanın anadan olmasının 90 illiyinə həsr olunmuş “Nəzəri və təcrübi kimyanın müasir problemləri” mövzusunda və s. beynəlxalq elmi konfranslar, Mir Cəlal Paşayevin 115 illik yubileyinə həsr olunmuş, Bakı, Gəncə və Qazax şəhərlərində təşkil olunan respublika elmi konfransı və digər nüfuzlu beynəlxlaq elmi tədbirlər, müxtəlif elmi seminarlar, ustad dərsləri keçirilmişdir.
Bildiyimiz kimi, kosmik sənaye və peyk xidmətləri sahəsində əldə edilmiş təcrübənin, yeni insan kapitalı və etibarlı tərəfdaş imicinin təzahürü olaraq, Azərbaycan 2023-cü ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququ qazanmışdır. 2-6 oktyabr tarixlərində Bakı şəhərində keçiriləcək dünya miqyasında ən mötəbər tədbirlərdən olan 74-cü Beynəlxalq Astronavtika Konqresinin (IAC-2023) ikinci dəfə Azərbaycanda keçirilməsi ölkəmizdə kosmik sənayenin inkişafına, ölkəmizin qlobal kosmos sənayesinə daha yaxından inteqrasiyasına əvəzolunmaz imkanlar yaradacaqdır. Azərbaycanda Astrofizika ixtisası üzrə kadr hazırlığı ilə məşğul olan yeganə kafedranın fəaliyyət göstərdiyi və ali təhsil müəssisəsi olaraq Beynəlxalq Astronavtika Federasiyasının yeganə üzvü olan BDU-nun bu mötəbər tədbirə qatılması, yaradılan imkanlardan faydalanması əməkdaşlıq əlaqələrinin daha da inkişaf etməsinə mühüm töhfə verəcəkdir.
Heydər Əliyev Mərkəzi və Bakı Konqres Mərkəzinin ərazisində inşa ediləcək sərgi pavilyonunda beynəlxalq kosmik şirkət və təşkilatlarla yanaşı BDU-nun da stendinin nümayiş olunması nəzərdə tutulmuşdur. BDU üçün sərgidə iştirak, astrofizika və kosmos elmləri və texnologiyası sahələrində fəaliyyətin təşviqi, beynəlxalq əlaqələrin yaradılması, xüsusən də Beynəlxalq Astronavtika Federasiyası ilə əməkdaşlığın genişləndirilməsi, 75-dən çox ölkədən 6000 yüksək ixtisaslı mütəxəssisin, o cümlədən 2500-dən artıq gəncin BDU ilə bağlı məlumatlılıq səviyyəsinin artırılması baxımından əhəmiyyətlidir. Bundan başqa BDU-nun alim və tələbələri təşkil olunacaq elmi sessiyalarda müvafiq mövzularda məruzələrlə çıxış edəcəklər.
Nüfuzlu beynəlxalq təşkilatlarla əməkdaşlığı özünün proritetlərindən hesab edən BDU 2022-ci ildə Avropa Universitetlər Assosiasiyasının (EUA) və İslam Dünyasının Universitetləri Federasiyasının (FUIW), 2023-cü ildə isə Beynəlxalq Astronavtika Federasiyasının (IAF) üzvü seçilmişdir. Universitetdə ICESCO-nun Biotibbi materiallar kafedrasının fəaliyyətə başlaması bu baxımdan xüsusi qeyd edilməlidir. Onu da vurğulamaq lazımdır ki, kafedra ICESCO-nun Azərbaycanda ilk ixtisaslaşdırılmış kafedrasıdır. ICESCO ilə elm və təhsil sahəsində sıx əməkdaşlıq sayəsində artıq ikinci kafedra – Süni intellekt etikası kafedrası yaradılır.
BDU-da beynəlxalq əlaqələrlə yanaşı, ölkədaxili əməkdaşlığa da xüsusi önəm verilir. Bu əməkdaşlıqlar bilavasitə tədris prosesinin, elmi-tədqiqat fəaliyyətinin səmərəli təşkili, eləcə də məzunların işlə təmin olunmasına xüsusi töhfə verir. Yalnız son ildə BDU Elm və Təhsil Nazirliyinin Fizika, Molekulyar Biologiya və Biotexnologiyalar, Riyaziyyat və Mexanika, akademik M.Nağıyev adına Kataliz və Qeyri-üzvi Kimya və Radiasiya Problemləri institutları, Müdafiə Sənayesi Nazirliyi, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti, Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi, “LU-MUN HOLDING”, “SARA INVEST HOLDING” və s. təşkilatlarla imzalanan memorandum və müqavilələr qarşılıqlı informasiya mübadiləsini, birgə tədqiqatların aparılmasını, analitik-informasiya materiallarının hazırlanmasını, konfransların, seminarların və təlimlərin təşkili üzrə tədbirlərin birgə həyata keçirilməsini və digər əməkdaşlıq istiqamətlərini əhatə edir.
Ulu Öndərimiz Heydər Əliyevin layiqli davamçısı, Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə qazandığmız tarixi Zəfər, inamlı qələbəmizdən ötən 3 il ərzində diplomatiya cəbhəsində əldə etdiyimiz misilsiz uğurlar bütün xalqımız kimi BDU ailəsinin hər bir üzvünü də yüksək ovqatla çalışmağa sövq edir. Artıq üçüncü ildir ki, doğma universitetimizin yaradılmasının növbəti ildönümünü torpaqlarımızın azadlığı, ərazi bütövlüyümüzün təmin olunması şəraitində qeyd edirik. 2023-cü ilin aprel ayının 22-də tarixi qələbələrimizin davamı kimi Laçın sərhəd-keçid məntəqəsinin qurulması, avqust ayının 26-da möhtərəm Prezidentimiz, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Laçında təntənəli bayram tədbirlərinin keçirilməsi bütün xalqımız kimi BDU-nun çoxminli kollektivini və tələbələrini daha yüksək zirvələrə və nailiyyətlərə ruhlandırır.
104 yaşlı BDU zəngin ənənələrini inkişaf etdirərək, beynəlxalq təcrübədən, dünya elminin nailiyyətlərindən faydalanaraq, Azərbaycan xalqına və beynəlxalq ictimaiyyətə elmi əsaslara, milli və mədəni dəyərlərə söykənən və müasir dövrün tələblərinə cavab verən kadrlar hazırlamaq missiyasını uğurla davam etdirir.
Elçin BABAYEV
Bakı Dövlət Universitetinin rektoru