Logo

Azərbaycan müəllimlərinin qurultaylarının tarixi yolu

02.09.2023 12:24 458 baxış
IMG

Cari ilin dekabr ayında Azərbaycan müəllimlərinin növbəti XVI qurultayı keçiriləcək.

Qurultayın keçirilməsinin əsas məqsədi “Təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrası üzrə əldə edilmiş uğurlar, eləcə də XV qurultaydan ötən müddət ərzində təhsil sistemində həyata keçirilmiş islahatlar barədə ictimaiyyəti məlumatlandırmaqdır. Eyni zamanda qurultayda “Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nda müəyyənləşdirilmiş hədəflərə nail olunması və “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın icrasından irəli gələn vəzifələrin müəyyənləşdirilməsi də nəzərdə tutulur.

XVI qurultay “Heydər Əliyev İli”nə təsadüf edir və bu səbəbdən bu mühüm tədbir  Ümummilli Liderin 100 illik yubileyinə həsr olunacaq. Vaxtilə Heydər Əliyev bir sıra müəllimlər qurultayında iştirak edib və müəllimlərin bu ali məclisini yüksək qiymətləndirib. Ulu Öndərin XI qurultaya təbrik məktubunda deyilirdi: “Sizin bu qurultayınız müstəqil respublikamızın ilk müəllimlər qurultayı olsa da, Azərbaycan müəllimlər qurultaylarının ictimai-siyasi hadisə kimi tarixi qədim, əhəmiyyəti danılmazdır. Müəllimlərimizin vaxtaşırı yığışaraq təhsilin qarşısında duran problemlərin həlli üçün yollar aramaları təqdirəlayiqdir”. Həmin qurultayda çıxışında isə Heydər Əliyev demişdir: “Mən hesab edirəm ki, müstəqil Azərbaycanın birinci müəllimlər qurultayı ölkəmizin təhsilinin gələcəyi və ümumiyyətlə, Azərbaycanın gələcəyi üçün mühüm bir mərhələdir. Bizim və sizin - hamımızın vəzifəmiz ondan ibarətdir ki, bu qurultayda irəli sürülən fikirlər, təkliflər həyata keçirilsin və Azərbaycanda təhsil daha da yüksəlsin”.

Hesab edirik ki, XVI qurultay ərəfəsində 117 illik tarixi olan Azərbaycan müəllimlərinin qurultayları barədə məlumatlar hörmətli oxucular üçün faydalı olardı.

Araşdırmalar göstərir ki, hələ 1893-cü ildə Nuxa qəza müəllimlərinin qurultayı, Cavanşir, Şuşa, Cəbrayıl qəzalarında sahə qurultayları keçirilib. Sonradan Azərbaycan müəllimlərinin ilk qurultayının təşkili üçün zəmin yaradıb. Müəllimlərin I qurultayı 1906-cı ilin 15-30 avqust tarixlərində Bakı şəhərində o vaxtlar Həbib bəy Mahmudbəyovun çalışdığı, hazırda isə onun adını daşıyan Texniki-humanitar liseyin binasında keçirilib. Qurultay Azərbaycanın ictimai-pedaqoji fikir tarixində mühüm hadisə olub. Bu qurultayın təşkili və keçirilməsində Nəriman Nərimanov, Həsən bəy Zərdabi, Abdulla Şaiq, Üzeyir bəy Hacıbəyli, Süleyman Sani Axundov, Fərhad Ağayev kimi maarifpərvər ziyalılar böyük fəallıq göstəriblər. Eyni zamanda qurultayda Əli bəy Hüseynzadə, Əhməd bəy Ağaoğlu, Firidun bəy Köçərli iştirak ediblər və qurultaya hazırlıq məqsədilə N.Nərimanovun sədrliyi ilə komissiya da təşkil edilib.

Qurultayda Azərbaycan dilində mövcud proqramlara yenidən baxılması və dövrün tələblərinə uyğun yeni proqramların tərtib edilməsi, yeni proqramlara uyğun dərsliklərin hazırlanması, təlimin ana dilində aparılması, kənd müəllimlərinin vəziyyətinin yaxşılaşdırılması, müəllim hazırlığı kimi məsələlər müzakirə olunub.

Qurultayda orta məktəblərin sayının artırılması, müəllim hazırlığının yaxşılaşdırılması, yaşlılar üçün axşam məktəblərinin yaradılması problemləri müzakirə olunub. Qurultay ümumi və icbari ibtidai təhsilə keçid, ana dili üzrə proqram və dərsliklərin hazırlanması, kənd məktəblərində əmək dərslərinin keçirilməsi, məscidlərin tabeliyində olan məktəblərin dövlət tabeliyinə verilməsi, kişilərlə bərabər, qadınlara da təhsil hüququnun verilməsi və digər məsələlərə dair qərarlar qəbul edilib.

Müəllimlərin II qurultayı 1907-ci il avqustun 25-də Bakı şəhərində öz işinə başlayıb, sentyabrın 4-də başa çatıb. Qurultayda I qurultaydan sonra tərtib edilmiş proqramlar, dərsliklər, Azərbaycan dilində tədris üsulu və sair məsələlər müzakirə edilib. Əsas diqqət isə ruhani məktəblərinin işinin nizama salınmasına yönəlib, bu sahədə yeni tədris üsuluna və əlifba islahatına başlanıb. Eyni zamanda qızların təhsili ilə bağlı mühüm addımlar atılıb, qızlar məktəbi üçün proqramın tərtibi barədə qərar qəbul edilib. Burada Müəllimlər İttifaqının nizamnaməsinin qəbul edilməsi məsələsi də müzakirə edilib.

Azərbaycan müəllimlərinin III qurultayı 1919-cu ilin 20 avqust-1 sentyabr taixlərində Bakı şəhərində keçirilib. Bu, dövlət səviyyəsində keçirilən ilk qurultay olub. Azərbaycan Xalq Cümhuriyyəti qurultayın təşkilinə xüsusi vəsait ayırıb. Qurultayın təqdim etdiyi təkliflər əsasında bütövlükdə məktəb islahatı və xüsusi olaraq təhsilin məzmunca milliləşdirilməsi, bu sahədə islahatların aparılması məqsədilə Xalq Maarif Nazirliyi yanında hökumət islahat komissiyası yaradılıb. Komissiyanın təklifləri əsasında 1919-cu ildə “Son Türk əlifbası”, “Türk çələngi”, “Ədəbiyyat dərsləri”, “Müntəxəbat”, “Rəhbəri-sərf”, “Təzə elmi-hesab”, “Yeni məktəb,” “Tarixi-təbii” kimi yeni və ya məzmunca uyğunlaşdırılmış dərsliklər hazırlanıb və məktəblərin istifadəsinə verilib.

Azərbaycan müəllimlərinin sayca IV qurultayı 1925-ci il mayın 25-də öz işinə başlayıb və ayın 27-də başa çatıb. 250 nümayəndənin iştirak etdiyi bu ali məclisdə müzakirə olunan məsələlərlə bağlı geniş qətnamə qəbul edilib. Qətnamədə yeni sovet məktəbinin gələcək inkişaf yolları müəyyənləşdirilib, 1920-1925-ci illərdə məktəb quruculuğu sahəsində görülmüş işlərə yekun vurulub, qarşıdakı dövrdə məktəb şəbəkəsinin daha da inkişaf etdirilməsi, qadınların təhsilinin ön plana çəkilməsi, yeni tipli maarif ocaqlarının yaradılması, savadsızlığa qarşı mübarizənin gücləndirilməsi, dərslik nəşrinin genişləndirilməsi və digər mədəni-maarif məsələlərinin həlli yolları öz əksini tapıb.

Azərbaycan müəllimlərinin V qurultayı 1931-ci il 25-27 yanvar tarixlərində keçirilib. Qurultayın təşkili və keçirilməsi ilə bağlı Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin və ASSR Xalq Komissarları Sovetinin qərarı olub, Azərbaycan Mərkəzi İcraiyyə Komitəsinin sədri Q.Musabəyovun sədrliyi ilə Dövlət Komissiyası yaradılıb. Qurultayda kənd müəllimləri üçün əlavə güzəştləri əks etdirən qərar qəbul edilib. Maraqlıdır ki, qərarda 20 il maarifçilik fəaliyyəti ilə məşğul olmuş, həmin illərdən 5 ilini kənd məktəblərində işləmiş müəllimlərə əlverişli təqaüd imkanlarının yaradılması, ali məktəblərə qəbul olunan kənd müəllimlərinin maddi təminatı, kənd məktəblərində 3 il işləyən müəllimlərə ölkənin istənilən təhsil ocağında təhsilini davam etdirmək imkanının verilməsi, kənd müəllimlərinin uşaqlarının ali və orta ixtisas məktəblərinə daxil olarkən təqaüd və yataqxana ilə, kənd müəllimlərinin mənzillə pulsuz təmin edilməsi və digər güzəştlər nəzərdə tutulub. Qurultayda ümumi icbari təhsilin həyata keçirilməsi, savadsızlığın ləğvi barədə məsələlərə xüsusi əhəmiyyət verilib.

Azərbaycan müəllimlərinin VI qurultayı 1946-cı ilin 26-28 avqust tarixlərində keçirilib. Respublikanın bütün bölgələrindən 450 nümayəndənin iştirak etdiyi qurultay II Dünya müharibəsindən sonra respublika məktəblərində təlim və tərbiyə işinin yüksəldilməsi, müəllim hazırlığı və ixtisasartırma məsələlərini müzakirə edib. Qurultayda Azərbaycan SSR maarif naziri Mirzə İbrahimov çıxış edərək, ümumi icbari təhsilin yerinə yetirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəbə rəhbərlik və sair məsələlər haqqında qurultay iştirakçılarına məlumat verib.

Azərbaycan müəllimlərinin VII qurultayı 1960-cı ilin 14-16 noyabr tarixlərində keçirilib. Qurultayda maarif naziri Mehdi Mehdizadə “Məktəblərin yenidən qurulmasının ilk yekunları və respublika müəllimlərinin növbəti vəzifələri” mövzusunda məruzə edib. Məruzədə əhali arasında savadsızlığa son qoyulması, axşam məktəblərinin sayının artırılması, yeddiillik ümumi təhsildən səkkizillik ümumi təhsilə keçid, internat məktəblərinə diqqətin artırılması, politexnik təlimin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin yenidən qurulması, pedaqoji kadrların təkmilləşdirilməsi, məktəblərin maddi-texniki bazasının möhkəmləndirilməsi və məktəb rəhbərlərinin fəaliyyəti barədə konkret nümunələr əsasında məlumat verilib.

Maraqlıdır ki, məruzədə şagirdlərin dərsdən yayınması, təkrar sinifdə saxlanılması, kənd məktəblərinin müəllim kadrları ilə təminatında çətinliklər əsas problemlər kimi qurultay iştirakçılarının diqqətinə çatdırılıb.

Azərbaycan müəllimlərinin VIII qurultayı 1967-ci ilin 26 yanvarında keçirilib. Qurultayda Azərbaycan SSR maarif naziri Mehdi Mehdizadənin “Ümumtəhsil məktəblərinin işinin daha da yaxşılaşdırılması haqqında” geniş məruzəsi dinlənilib. Qurultayda 10 illik ümumi təhsilə keçid təxirəsalınmaz vəzifə kimi qarşıya qoyulub, bununla əlaqədar məktəb şəbəkəsinin genişləndirilməsi, müəllim kadrlarının hazırlanması, məktəb tikintisinin sürətləndirilməsi məsələlərinin həll edilməsi zəruri hesab edilib.

Azərbaycan müəllimlərinin IX qurultayı 1978-ci il 18-19 may tarixlərində keçirilib. Qurultaydan əvvəl 32 stenddən ibarət “Qurultaydan qurultaya” adlı sərgi təşkil olunub. Qurultay Azərbaycan KP MK-nın birinci katibi Heydər Əliyevin geniş nitqi ilə açılıb. Heydər Əliyev öz çıxışında müəllim əməyinə yüksək qiymət verərək, fəaliyyəti ilə fərqlənən konkret məktəblərin və müəllimlərin adlarını çəkib. Heydər Əliyev qeyd edib ki, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə şagirdlərin biliklərə yiyələnməsi, ana dili və ədəbiyyatın tədrisi formaları və metodlarının təkmilləşdirilməsi, gənc nəslin əmək fəaliyyətinə hazırlanması, tərbiyə işinin gücləndirilməsi, pedaqoji kadrların təkmilləşdirilməsi, ümumtəhsil məktəblərinin maddi-texniki bazasının gücləndirilməsi məsələlərinə diqqət yetirilməlidir. Heydər Əliyev məktəb təhsilinin məqsədləri, ümumtəhsil məktəbinin əsas vəzifələri haqqında bu gün üçün də xüsusi aktuallıq kəsb edən fikirlər söyləyib: “Çox uzun bir müddət ərzində məktəbin işinə yalnız bir göstəriciyə, əsas hesab edilən göstəriciyə görə qiymət verilirdi: məktəbin nə qədər məzunu tələbə olmuş, ali məktəb diplomu almışdır. Bu nöqteyi-nəzəri dəyişdirmək vaxtı gəlib çatmışdır. Bilikli, bacarıqlı, əməksevər adamlar yetişdirmək məktəbin ən birinci borcudur. Məzun əməyə hazırdırmı - bu gün məktəbin işinin, bütün xalq maarifi sisteminin səmərəliliyi, bax, bu meyarla müəyyən edilir”.

Qurultayda Azərbaycan SSR maarif naziri Mehdi Mehdizadənin “Ümumtəhsil məktəbləri şagirdlərinin təlimini, tərbiyəsini və əməyə hazırlanmasını daha da təkmilləşdirmək haqqında” qərarda əksini tapmış vəzifələrlə bağlı geniş məruzə dinlənilib.

Azərbaycan müəllimlərinin X qurultayı 1987-ci il mayın 23-də indiki Heydər Əliyev Sarayında keçirilib. Sarayın foyesində geniş sərgi təşkil edilib. Qurultayda Azərbaycan SSR maarif naziri Kamran Rəhimovun və Respublika Texniki Peşə Təhsili Komitəsinin sədri Heydər İsayevin məruzələri dinlənilib, Azərbaycan KP MK-nın birinci katibi K.M.Bağırov nitq söyləyib. Məruzə və çıxışlarda 1984-cü ildən başlanmış təhsil islahatları, təlim-tərbiyə prosesinin yenidən qurulması, tədrisin üsul və metodlarının təkmilləşdirilməsi, təlimin keyfiyyətinin yüksəldilməsi, tərbiyə işinin yaxşılaşdırılması, peşə təhsili ilə bağlı görülmüş işlər və gələcək fəaliyyət istiqamətləri barədə məlumat verilib. Qurultayda kadr probleminə xüsusi diqqət yetirilib, natiqlərin çıxışlarında respublikanın ən yaxşı müəllimlərinin adları çəkilib.

Bunlarla yanaşı, qurultayda metodik işin, xarici dillərin tədrisinin qənaətbəxş olmaması, bir sıra məktəblərdə müəllim olmadığından xarici dillərin tədris edilməməsi, məktəblərdə həddən artıq yoxlamaların aparılması kimi problemlər də müzakirə edilib. 

(Ardı var)

Fərzəli QƏDİROV,

Azərbaycan Respublikası Elm və Təhsil  Nazirliyinin Aparat rəhbərinin müavini, Əməkdar müəllim

Xəbər lenti