Fransada Azərbaycanın Dostları Assosiasiyasının prezidenti, Fransa parlamentinin keçmiş deputatı Jerom Lamber fransız KİV-də Azərbaycana qarşı düşmən münasibətinin formalaşdırılması cəhdlərini tənqid edib.
Tehsil.biz xəbər verir ki, assosiasiya rəhbəri öncə Ermənistanla Azərbaycan arasındakı vəziyyətlə bağlı Fransa dövlət başçısının avqustun 23-də “Le Point” (“Nəzər nöqtəsi”) həftəlik jurnalına müsahibəsində səsləndirdiyi “Biz hər şeyi edirik ki, xalqları və mədəniyyətləri qorumaq naminə Ermənistanla Azərbaycan arasında davamlı sülh və sülhün bərqərar olmasına imkan verən razılaşma əldə edilsin. Bu sülh müqaviləsi zəruridir, lakin o beynəlxalq hüquq normalarına uyğun olmalıdır” fikrinə diqqəti yönəldib.
Jerom Lamber qeyd edib ki, Azərbaycanın Dostları Assosiasiyası dövlət başçısının sözlərini alqışlayır, çünki bu açıqlama Azərbaycan və Ermənistan arasında fikir ayrılıqlarının həlli üçün beynəlxalq hüquq prinsiplərinin aliliyini bir daha təsdiqləyir.
Bununla yanaşı o, vurğulayıb ki, Fransada erməni millətçi lobbisinin təsiri altında Azərbaycana qarşı ədavəti qızışdırmaq üçün bu prinsipləri pozan siyasi qüvvələrin və seçkili vəzifələr tutan nümayəndələrinin olması Azərbaycanın Dostları Assosiasiyasında təəssüf doğurur. “Beləliklə, Fransa mediası və seçkili vəzifə tutan bəzi şəxslər erməni lobbisindən mütəmadi olaraq yalan təbliğat xəbərləri alırlar. Təəssüf ki, müxtəlif təzyiqlər altında bəziləri bu prinsipə əməl edirlər”.
Nəzərə çatdırıb ki, Fransada açıq fəaliyyət göstərən erməni lobbisinin təsiri altında olan seçkili vəzifə tutan bəzi şəxslər və KİV dünyaya, eləcə də beynəlxalq qanunlara qarşı çıxmaqla, Cənubi Qafqaz bölgəsində Fransanın maraqlarına zidd addımlar atır.
O, bəyan edib ki, Azərbaycanın Dostları Assosiasiyası bu cür hərəkətlərin nəticəsində törədilən bütün təxribatları pisləyir.
J.Lamberin fikrincə, Fransa beynəlxalq hüququ və BMT Təhlükəsizlik Şurasının qətnamələrini müdafiə edərək sülhə can atan böyük dövlət rolunu bütün dünyada qorumalıdır. Üstəlik, Cənubi Qafqaz bölgəsində Fransa müəyyən erməni millətçi partiyalarının siyasi maraqlarına xidmət etməməli, respublikanın bəzi seçkili nümayəndələrinin özlərinin bu prinsiplərə etinasız yanaşmamasını təmin etməlidir, çünki həmin hərəkətlər Fransanın sülh axtarışı cəhdlərinə ləkə gətirir.