Logo

ABŞ-nin Stirlinq Fondunun nümayəndə heyəti İlahiyyat İnstitutunda olub

05.09.2023 15:53 266 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) bu ali məktəbin rektoru, dosent Aqil Şirinovun “Şimali və Şərqi Qafqaz yəhudilərinin irsi və mədəniyyəti” mövzusunda keçirilən beynəlxalq elmi konfransın iştirakçılarından olan ABŞ-nin Stirlinq Fondunun prezidenti Edvard Rounun rəhbərlik etdiyi nümayəndə heyəti və İsa Məsihin Son Gün Müqəddəsləri Kilsəsinin Avropa üzrə Yetmişlər Kvorumunun nümayəndələri ilə görüşü olub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Bildirilib ki, görüşdə A.Şirinov qonaqlara ölkəmizdə mövcud olan birgəyaşayış ənənəsi, tolerantlıq mühiti barədə məlumat verib. Rektor ölkəmizdə müxtəlif dinlərin nümayəndələrinin sülh və əmin-amanlıq şəraitində yaşadıqlarını vurğulayaraq, Azərbaycan dövlətinin respublikadakı ənənəvi dini qruplara daim qayğı ilə yanaşdığını söyləyib.

A.Şirinov institut haqqında bəhs edərkən bildirib ki, tədris zamanı bütün dinlər haqqında tələbələrə geniş bilgilər verilir. İnstitutun müəllimləri öz sahələrinin peşəkar mütəxəssisləridir.

Rektor ölkəmizdə mövcud olan multikultural mühitin tanıdılmasında görülən işlər barədə danışıb, burada yaşayan bütün dinlərin nümayəndələri ilə sıx əməkdaşlıq şəraitində çalışıldığını vurğulayıb.

ABŞ-nin Stirlinq Fondunun prezidenti Edvard Rou Yuta ştatında yaşayan etnik azlıqlar barədə söhbət açıb, burada mövcud kilsə və sinaqoqların tarixindən bəhs edib. O bildirib ki, Azərbaycan multikulturalizm və tolerantlıq kimi humanist dəyərləri dünyada təbliğ və layiqincə tətbiq edir.

Sonra ABŞ-nin Briqham Yanq Universiteti ilə Azərbaycan İlahiyyat İnstitutu arasında əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Xəbər lenti