Ömrün azlığından şikayətlənmədi
Ömrü insan kimi başa vuranlar!
2023-cü il avqust ayının 27-si. Yayın son ayı. Yandırıcı avqust istisi. Bu istidə daha dəhşətli bir ölüm xəbəri. Əzizimiz İradə Nəbiyevanın qəfil ölüm xəbəri sanki bir ildırım kimi düşdü onu sevənlərin dünyasına. Ölümünə inanmadıq, inanmayacağıq, barışmayacağıq! Adı daima qəlbimizdə, xatirələrimizdə və dilimizdə yaşayacaq.
İnanmadı onsuz da heç kim bu məşum xəbərə. Axı bu necə ola bilər? Hamı uzunmüddətli yay tətilindən doğma məktəbə qayıdarkən hamının sevimlisi İradə müəllimə əbədi “məzuniyyətəmi” yollanır? Ola bilməz axı! Axı hamı yeni dərs ilində onun gəlişini, məlahətli danışığını, həvəslə tədris edəcəyi dərslərini, qazanacağı yeni-yeni uğurlarını gözləyirdi. İradə müəllimə onu sevənləri, ailəsini, kollektivini, canı qədər sevdiyi şagirdlərini tərk edib necə gedə bilər axı? Axı dünənə qədər duyan insan, döyünən bir qəlb necə yox ola bilər? Necə heçliyə doğru axan bir axına qoşula bilər?
Axı o öz məsuliyyəti, çalışqanlığı, nizam-intizamı ilə hər kəsə örnək olan bir pedaqoq idi? Bəs bu dəfə sözünə vəfalı çıxıb niyə dönmədi geri? İradə müəllimə, yeni dərs ili başlayır. Bizi qoyub hara gedirsiniz bu tezliklə? Axı hər yerdə sizin yeriniz görünəcək! Mehriban şagirdləriniz, sinif otaqları, Bakı Slavyan Universitetinin Məktəb-Liseyi Kompleksi kollektivinin hər bir üzvü, qırmızı qələminiz, ədəbiyyat kitabınız və daha nələr, nələriniz sizi gözləyir. Nə olar qayıdın geri! Ölüm sizə yaraşmadı.
Son vida! Son nəfəs! Bizi vaxtsız tərk etdiniz! Ölümü həqiqət, həyatı röya olan dünyadan İradə müəllimə keçdi! Bu cümləyə Əsli hıçqırdı, Kərəm yandı! Bu cümləyə təbiət, torpaq da hönkür-hönkür ağladı! 30 ilə qədər pedaqoji stajı, iti qələmi, güclü yaddaşı olan, çiynində çox çətin, şərəfli və məsuliyyətli bir yük daşıyan əsl müəllim idi İradə Nəbiyeva. Azərbaycan dili və ədəbiyyatını mükəmməl bilməsi, bunu şagirdlərinə sevə-sevə öyrətmə metodları, elmi-publisistik yazıları, məqalələri, gözəl nitqi ilə sözün əsl mənasında ziyalı bir insan, əsl Azərbaycan qadını, xanımı idi.
Neçə illərdir ki, yetirmələri məhz İradə müəllimin sayəsində Azərbaycanımıza layiq vətəndaşlar kimi formalaşıb ana dilimizi, söz sənətimizi və onun zənginliyini sevib öyrəniblər. Çünki gözəl insan hər bir dərsində sanki əsl ustad dərsləri keçirdi.
O, şagirdlərinə sadəcə Azərbaycan dili və ədəbiyyatını deyil, həyatı, gözəl insan olmağın sirlərini öyrədirdi. Axı o həm savadlı, ziyalı müəllim, həm də dəyərli bir şəxsiyyət, mükəmməl bir xanım idi . Onun mütəmadi verdiyi açıq dərslər, təşkil etdiyi ədəbi-bədii gecələr, tədbirlər İradə müəllimin peşəkarlığından və yorulmaz fəaliyyətindən xəbər verirdi.
Həyatı boyunca sadə, mərhəmətli, yardımsevər və vicdanlı insan adını layiqincə daşıyan, əsl pedaqoq kimi Əməkdar müəllim zirvəsinə qədər pillə-pillə ucalan tələbkar müəllim, qayğıkeş ana, vəfalı dost, mehriban iş yoldaşıtək daima hörmət bəslənilən İradə müəllimə əsl ziyalı olmağın qürurunu yaşadı. Onun ömür tarixçəsinə gözəl ailə, şərəfli müəllim peşəsi və əbədiyaşar insanlıq, hörmət, məhəbbət sözləri həkk edildi. Onun yarımçıq qalan ömür yolu övladları və şagirdləri ilə bundan sonra davam edəcək, ağır olsa da, xatırlanacaq, qəlbləri kövrəldəcək.
Dünya adlı pəncərədən bir alagöz xanım məğrur-məğrur baxıb keçdi deyəcəklər. Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksi dəyərli bir gövhər itirdi. Neçə-neçə nəsil gənclər qayğıkeş və fədakar, öz işini fanatı olan bir pedaqoqla ünsiyyətdən, öyrənmə imkanından, məktəb isə işıqlı ziyalı zəkasından, şagirdlərinə, təcrübəçi tələbələrinə, gənc həmkarlarına nümunə və örnək olan bir müəllimdən məhrum oldu…
İradə müəllimə, siz həmişə bizimləsiniz! Xatirəmizdə daima vüqarlı, iradəli və mərdanə bir insan olaraq qalacaqsınız!
Ruhunuz şad, məkanınız cənnət olsun!
Bakı Slavyan Universitetinin Məktəb-Lisey Kompleksinin kollektivi