Logo

“Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının materialları çap olunub

08.09.2023 15:23 181 baxış
IMG

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) təşkilatçılığı ilə keçirilən “Müasir dünyada din təhsili” mövzusunda respublika elmi konfransının materialları nəşr olunub.

Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.

Nəşrdə filologiya elmləri doktoru, professor Sakit Hüseynov, ilahiyyat üzrə fəlsəfə doktoru, Milli Məclisin deputatı Ceyhun Məmmədov, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Mirniyaz Mürsəlov, sosiologiya üzrə fəlsəfə doktoru, dosent Asəf Qənbərov, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Məmmədəli Babaşlı, fəlsəfə üzrə fəlsəfə doktoru, dosent Elvüsal Məmmədovun və digər tanınmış alimlərin din təhsilinə, dünyada din təhsili modellərinə, Azərbaycanda mövcud dini təhsilə aid məqalələri yer alıb.

Aİİ rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru, dosent Aqil Şirinov konfrans materiallarına yazdığı “Ön söz”də qeyd edib ki, müasir dövrümüzdə dinin əsas prinsiplərinin cəmiyyətə doğru şəkildə çatdırılması, həmçinin dövlət və milli təhlükəsizlik baxımından din təhsili böyük əhəmiyyət kəsb edir. O bildirib ki, ilahiyyatın düzgün şəkildə tədris edilməsi dinin özünü təhriflərdən qoruyur, milli-mənəvi birliyi təmin edir, dinin cəmiyyətdəki rolunu artırır, insanları radikal dini tendensiyalardan sığortalayır.

Azərbaycan İlahiyyat İnstitutu yarandığı gündən etibarən düzgün metodlara əsaslanan din təhsilini həyata keçirməyi, cəmiyyətin dini doğru anlamasını və öyrənməsini təmin etməyi başlıca məqsəd kimi qəbul edib. Bu istiqamətdə Aİİ-nin təşkilatçılığı ilə mütəmadi olaraq müxtəlif seminarlar, dəyirmi masalar və konfranslar təşkil olunur.

Xəbər lenti