Logo

“Azercell”in “İdeya İnkubasiyası Proqramı” çərçivəsində ADA tələbələri innovativ ideyalarının inkişafı üzərində işə başlayır

08.09.2023 17:45 240 baxış
IMG

“Azercell Telekom” MMC-nin ADA Universitetinin Fondu (Azərbaycan) və ADA Universiteti ilə əməkdaşlıq çərçivəsində başlatdığı “İdeya İnkubasiyası Proqramı”nın seçim mərhələsi bitib. Proqram sayəsində innovativ ideyalarını inkişaf etdirərək növbəti səviyyəyə qaldırmaq, startap qurmaq istəyən 20 komanda qeydiyyatdan keçib.

Tehsil.biz xəbər verir ki, proqram çərçivəsində ADA Universitetində keçirilən mentorluq sessiyalarında tələbələr yerli və xarici mütəxəssislərin seminarlarında iştirak edərək peşəkar mentorların bəziləri ilə seçilmiş mövzular üzərində işə başlayıblar. Mentor qismində “Azercell”in Məhsul İdarəetmə şöbəsinin rəhbəri Nərgiz Tağızadə, Rəqəmsal Həllər və Partnyorluq şöbəsinin rəhbəri Svetlana Ağalarova, Dataların Modelləşdirilməsi şöbəsinin rəhbəri Zaur Hüseynov, ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik Fakültəsinin müəllimi Nürəddin Sədili iştirak edirlər.

Sessiyalar “Biznesin diversifikasiyalaşdırılması strategiyası: “Azercell”in yeni “Fintech” biznes istiqaməti”, “Təhsil və idman sahəsində texnoloji həllər”, “Müştəri itkisinin aşkarlanması”, “Startap təfəkkürünün formalaşdırlması”, “İT Layihə idarəetməsi”, “MVP hazırlanması”, “Uğurlu startup təqdimatların hazırlanması” kimi mövzuları əhatə edəcək. Komandaların xüsusi mentorlarla təmin olunması onların təcrübələrini xeyli gücləndirəcək və ideyalarını real məhsullara, hətta müəssisələrə çevirmək şanslarını artıracaq.

Proqramın sonunda qalib komandalar pul mükafatı qazanacaq, “Azercell” şirkətində təcrübə proqramı keçmək fürsəti əldə edəcəklər.

“Azercell” ölkənin startap ekosisteminin inkişafı istiqamətində gənc istedadları dəstəkləyir, onlara sahibkar kimi uğur qazanmaq üçün geniş imkanlar təklif edir. Bu məqsədlə şirkət İnformasiya Texnologiyaları üzrə startapçıların yetişdirilməsində səylə çalışan ADA Universiteti ilə əməkdaşlığını davam etdirir.

Layihəyə seçilən komanda üzvlərinin müsahibəsini aşağıdakı keçid vasitəsilə izləmək mümkündür: https://shorturl.at/nopO7

Xəbər lenti