“İntellektual potensial bu gün və xüsusilə gələcəkdə hər bir ölkənin inkişafını müəyyən edəcəkdir”.
Prezident İlham Əliyev
Azərbaycan tibb elmi tarixində neçə-neçə qadın həkimlər milli səhiyyəmizin inkişafı üçün yol açmış, ilklərə imza atmışlar. Bu imzalar arasında öncə vətəndaşlıq borcunu yorulmadan həyata keçirən, ömrünün böyük bir hissəsini tibb elminin öyrənilməsinə, gələcəyimiz olan uşaqların şəfaya qovuşmasına, ümumilikdə xalqımızın sosial-rifahının yaxşılaşdırılmasına yönələn ictimai fəaliyyətə həsr etmiş akademik Adilə Namazova imzası xüsusi yer tutur.
Yaddaşlarda xeyirxah insan, mahir həkim, istedadlı pedaqoq, dünya şöhrətli alim, elm təşkilatçısı kimi xatırlanan Adilə Namazova nümunə ola biləcək bir ömür yaşayıb.
Bu gün tibb elmləri doktoru, professor, Azərbaycan Milli EImlər Akademiyasının həqiqi üzvü, SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü, Rusiya Elmlər Akademiyasınin üzvü, Əməkdar elm xadimi, Dövlət mükafatı laureatı, "Şöhrət" və "Şərəf" ordenli Adilə Namazovanın anadan olmasının 97-ci ili qeyd edilir.
Adilə xanım Namazova hər kəsi heyran qoyan qabaqcıl şəxsiyyət olub. Alim vaxtını, biliyini cəmiyyətin xeyrinə təqdim etməyə hazır olan böyük xeyriyyəçi idi. O, milli genofondumuzun sərvəti olan uşaqlarımızın sağlam gələcəyi üçün qəhrəmancasına mübarizə aparırdı.
1926-cı ilin sentyabrında Ağdam rayonunun Seyidli kəndində dünyaya göz açan Adilə xanım uşaqlıq illərini belə xatırlayırdı: “Çoxuşaqlı ailədə böyümüşəm. Altı doğma bacı-qardaş idik, üçünü isə atamgil himayəyə götürmüşdü, onlardan ikisi qohum, biri isə tamamilə yad idi. Mən doqquz uşaqdan ikincisi idim. Ailədə böyük olduğum üçün əksər vaxtlarda ailənin ağırlığı, uşaqlara qayğı göstərmək böyüklərin üzərinə düşürdü...Beşinci bacım anadan olanda mən 5-ci sinifdə oxuyurdum. Anam da tikiş fabrikində işləyirdi, səhər saat 5-də işə gedirdi. Buna görə mən tezdən durur, uşağı yedizdirir, təmizləyir, bələyir və qucağıma alıb aparırdım Bakıda, indiki Zabitlər evi ilə üzbəüz olan uşaq bağçasına...Qucağımda uşaq, bir əlimdə portfel xeyli yol qət etməli olurdum. Uşağı bağçaya təhvil verib, məktəbə gedirdim. Dərsdən çıxandan sonra evdəki işləri görüb, axşam saat 5-də yenidən bacımı bağçadan götürməyə gedirdim. Görünür, ailədə olan çoxuşaqlılıq insanda şüuru elə inkişaf etdirir ki, bir-birinə qayğı göstərmək lazım olduğunu öyrənirsən...Həkim olmaq isə mənim uşaqlıq arzum idi. İnsanlara qulluq etməkdən xoşum gəlirdi. İkimərtəbəli binada yaşayırdıq, həyətimiz ümumi idi. Qonşulardan kim xəstə olsa gedib deyirdim ki, mən sizə qulluq edimmi? Görünür həkimlik də, müəllimlik də, mühəndislik də insanın əvvəldən qazandığı səriştəsidir. Ona Allah tərəfindən verilən bir vergidir. Mən həkimliyi o vaxtdan seçdim”.
Həkim olmaq arzusu ilə gənc qız orta təhsilini müvəffəqiyyətlə başa vurur və 1944-cü ildə Azərbaycan Dövlət Tibb İnstitutunun Pediatriya fakültəsinə daxil olur. Gənc həkimin gələcəyini təyin edən o gün yaxınlaşırdı. 1949-cu ildə Tibb İnstitutunu uğurla bitirən Adilə xanım doğma yurdu Ağdama qayıdıb rayon uşaq məsləhətxanasının rəhbəri kimi çalışır. Fədakar həkim təkcə doğma rayonunda deyil, bütün Qarabağ bölgəsində peşəkarlığı və xəstələrinə qayğıkeş yanaşması ilə tanınır və sevilir.
Gələcəyin alimi bununla kifayətlənmir, bilik və bacarığını daha da artırmaq, səhiyyənin inkişafına öz töhfəsini vermək üçün təhsilini davam etdirir, elmi axtarışlara başlayır.
Uşaqlarda ürək, qan-damar sistemi xəstəliklərinin öyrənilməsi, profilaktikası və səmərəli müalicə üsullarının tədqiqi ilə məşğul olan Adilə xanım yüksək nəticələr əldə edərək aspiranturaya qəbul olunur. Təhsil aldığı illərdə gənc aspirant tədqiqatında yeni kompleks elektrofizioloji üsullardan istifadə edərək ilk dəfə uşaqlarda revmatizmin fəal mərhələsində ürək və qan-damar sisteminin funksional vəziyyətini aydınlaşdırır və rasional müalicə üsullarını təklif edir.
Gənc tədqiqatçı bu müddətdə çalışdığı elmi mərkəzdə xəstə uşaqların gələcəkdə sağlam, cəmiyyətə yararlı olması üçün fərdi həyat şəraitini qurması, davranışı, ixtisas seçməsi haqqında tədbirlər kompleksi tərtib edir və bununla bağlı faydalı təkliflər verir.
Elmi fəaliyyətini uğurla davam etdirən Adilə Namazova keçmiş SSRİ Səhiyyə Nazirliyinin Moskva Mərkəzi Həkimləri Təkmilləşdirmə İnstitutunun Elmi Şurasında tibb elmləri namizədi alimlik dərəcəsi almaq üçün tədqiqat işini müdafiə edir. Adilə xanım Namazova 1954-cü ildən etibarən Moskva şəhərində Sovet pediatriya elminin dahisi, akademik G.N.Speranskinin rəhbərliyi ilə elmi iş üzərində çalışmaqla yanaşı, onun başçılıq etdiyi uşaq xəstəlikləri kafedrasında işləyir. Üç il sonra vətənə qayıdan gənc alim Tibb İnstitutunun Pediatriya kafedrasında assistent kimi işə başlayır. Hərtərəfli biliyi və geniş dünyagörüşü ilə qısa müddətdə bu ali məktəbin professor-müəllim heyətinin və tələbələrinin rəğbətini qazanır.
Heç kəsdən mənfəət ummadan saysız-hesabsız xəstə uşaqları sağaldan gənc pediatr vaxtaşırı valideynlərə gigiyenaya dair məsləhətlər verir. Hər bir məsələni aydın və konstruktiv şəkildə həll etməkdə diqqətli olan, müdrikliyi, dərin bilgisi və peşəkarlığı ilə seçilən Adilə xanım tezliklə ölkə miqyasında tanınır.
Pediatr alim yeni axtarışlar aparmaq amalı ilə keçmiş SSRİ Tibb Elmləri Akademiyasında akademik B.V.Petrovskinin klinikasında doktorluq dissertasiyası üzərində çalışmaq məqsədilə yenidən Moskvaya yollanır.
Yenilikçi alim hələ o zamanlar müalicəsi ümidsiz hesab olunan uşaqlarda anadangəlmə ürək qüsurları ilə bağlı sanballı elmi tədqiqatlar aparır və cərrahi müalicə üsullarını işləyir, eyni zamanda fəsadların qarşısını almaq tədbirlərini təklif edir.
Ümidverici nəticələrinə görə, azərbaycanlı pediatra SSRİ Dövlət Kəşf və İxtiralar Komitəsi tərəfindən təsdiq edilən 5 ixtira vəsiqəsi verilir. Alim tədqiqatlarının nəticəsini tətbiq etməklə uğurlu ürək cərrahi əməliyyatları həyata keçirir və 1965-ci ildə İ.Seçenov adına I Moskva Tibb İnstitutunda doktorluq elmi dərəcəsi almaq üçün dissertasiya müdafiə edir. Beləliklə, Adilə xanım Namazovanın adı səhiyyə tariximizə pediatriya üzrə tibb elmləri doktoru adı alan ilk azərbaycanlı qadın kimi yazılır.
Alim bir il sonra professor elmi adını qazanır. Dünyanın məşhur tibb alimlərinin məktəbini keçərək həkim, klinisist, pediatr alim kimi püxtələşən Adilə xanım Bakıya qayıdır və Azərbaycan Tibb İnstitutunda kafedra müdiri kimi çalışır.
Adilə xanım bilik və bacarıqlarına, zəngin təcrübəsinə ehtiyac duyulan bütün sahələrdə faydalı olmağa çalışırdı. Gənc təbibi ölkəmizdə pediatriya elmi məktəbinin olmaması problemi uzun müddət idi ki, narahat edirdi. Bu məqsədlə alim Azərbaycanda ilk dəfə E.Əfəndiyev adına 2 saylı şəhər xəstəxanasında xüsusi biokimyəvi laboratoriya və ürək, tənəffüs sisteminin funksional fəaliyyətini müəyyənləşdirən elektrofizioloji elmi mərkəz yaradır, istedadlı gənc həkimləri, tələbələri mərkəzdə elmi fəaliyyətə cəlb edir. Bununla Azərbaycanda yeni pediatriya elmi məktəbi formalaşmağa başlayır.
Həmin tarixi ərəfədə Ulu Öndər Heydər Əliyevin ölkə rəhbərliyində olduğu müddətdə Azərbaycanda həyat ritmi müsbət yöndə dəyişməkdə idi. O zaman səhiyyənin inkişafı qarşısında duran vəzifələrdən biri kadrların təkmilləşməsi, səhiyyə müəssisələrində çalışacaq yüksək ixtisaslı tibb personalının və təbabət sahəsində araşdırma aparacaq gənc tədqiqatçıların hazırlığı idi. Bu məqsədlə SSRİ-nin qabaqcıl tibb təhsili müəssisələrində həkimlərin hazırlığına, gənc azərbaycanlı alimlərin öz elmi fəaliyyətlərini davam etdirməsinə böyük əhəmiyyət verilirdi. Heç də təsadüfi deyil ki, Adilə xanım Namazova da səhiyyə sahəsindəki xidmətlərinə və tibb elminə verdiyi töhfələrinə görə 1971-ci ildə keçmiş SSRİ Tibb Elmləri Akademiyasının müxbir üzvü seçilən ilk azərbaycanlı qadın alim olur.
Ulu Öndər Heydər Əliyev akademik Adilə Namazovanın fəaliyyətini hər zaman yüksək qiymətləndirirdi, onu Azərbaycanda elmi pediatriyanın banisi adlandırırdı. Bir zamanlar Heydər Əliyev ölkəmizdə səhiyyə sahəsində çatışmazlıqlarla bağlı bəzi məsələlərin həlli məqsədi ilə Adilə xanımla görüşdə onun fikrlərini öyrənmişdi. 1976-cı ildə olan görüşdə akademik müəyyən tibbi elmi istiqamətlərdə tədqiqat aparacaq elmi dərəcəli mütəxəssislərin olmamasını, tibb üzrə elmi-tədqiqat institutlarının aşağı kateqoriyalı olduğunu əsas problemlər kimi Heydər Əliyevin diqqətinə çatdırır. Ulu Öndər hər iki məsələnin həll üçün təcili və ciddi tapşırıqlar verir.
Akademik Adilə Namazova xatirələrində bildirirdi ki, onun kadr hazırlığı sahəsində gərgin fəaliyyətinə akademik Zərifə Əliyeva da hər zaman dəstək olub.
Müstəqillik dövründə Ulu Öndər Heydər Əliyev Adilə xanımın sədri olduğu Azərbaycan Pediatrlar Assosiasiyasının fəaliyyətini də yüksək səviyyədə dəstəkləyib. Ümummilli liderin uzaqgörən, müdrik siyasətinin nəticəsi olaraq bu gün Azərbaycan Pediatrlar Assosiasiyası beynəlxalq səhiyyə təşkilatlarına inteqrasiya olunmuş ən köklü təşkilatlardandır və ölkəmizi beynəlxalq aləmdə ləyaqətlə təmsil edir.
Adilə xanım 1981-ci ildə elmi fəaliyyətinə və beynəlxalq miqyasda yüksək ixtisaslı kadrların yetişdirilməsində göstərdiyi əməyə görə Əməkdar Elm xadimi fəxri adına, 1982-ci ildə Azərbaycan pediatriya elminin inkişafında verdiyi ciddi töhfələrə görə Azərbaycan Respublikasının Dövlət Mükafatına layiq görülür. Bir il sonra isə Azərbaycan SSR Elmlər Akademiyasının (indiki AMEA-nın) akademiki seçilir.
Alim praktik həkimlik fəaliyyəti ilə yanaşı, durmadan elmi araşdırmalarını davam etdirirdi. Odur ki, SSRİ-nin süqutundan sonra da həmyerlimizin elmi nailiyyətləri yüksək qiymətləndirilir, o, Rusiya Tibb Elmləri Akademiyasına üzv seçilir.
Öz sahəsini sevməsi və elmə bağlı olduğu qədər ölkəmizin ictimai həyatında da yaxından iştirak edən akademik 1972-ci ildə Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, 1973-cü ildə isə SSRİ Uşaq Həkimləri Cəmiyyəti İdarə Heyətinin üzvü olur. 1995-ci ildə Türkdilli Ölkələrin Pediatrlar Assosiasiyasının vitse-prezidenti, Ümumdünya Pediatrlar Assosiasiyası İdarə Heyətinin üzvü seçilir.
Adilə xanım uzun illər Azərbaycan Respublika Qadınlar Cəmiyyətinin və Sovet Qadınları Komitəsinin Rəyasət Heyətinin üzvü kimi bu sahədə geniş fəaliyyət göstərir, tez-tez qadınların, uşaqların vəziyyəti haqqında çıxışlar edərək hökumətin, parlament üzvlərinin diqqətini həmin problemə yönəldir.
O, 1994-cü ildən etibarən uzun müddət Azərbaycan Respublikası Ağsaqqallar Şurasının İdarə Heyətinin üzvü olur. 2002-ci ildə Azərbaycan Respublikası Uşaq Fondunun həmsədri seçilir. Adilə xanım 350-dən çox məqalənin, 30-dan çox monoqrafiya, dərslik vəkitabın, eyni zamanda MDB məkanında "Tibbi etika" adlı ilk dərsliyin müəllifidir.
Akademik Adilə Namazovanın elmi-tədqiqat işlərinin nəticələri beynəlxalq elmi jurnallarda dərc olunub, Yaponiya, ABŞ, İngiltərə, Hindistan, Əlcəzair, Avstriya, İtaliya, Türkiyə, Fransa, Almaniya, Rusiya, İsrail, Argentina, Belçika, İspaniya, Misir və digər xarici ölkələrdə keçirilən elmi konqres və konfranslarda dinlənilərək yüksək qiymətləndirilib.
Ömrünün 70 ilə yaxın bir dövrünü səhiyyəmizin, tibb elminin inkişafına, şəxsi nümunəsində yeni həkim nəslinin, yüksək ixtisaslı tibb mütəxəssislərinin yetişdirilməsinə həsr edən pediatr alim bu yolda səmimiyyətlə, ardıcıl və yorulmadan fəaliyyət göstərib. Onun rəhbərliyi ilə yaratdığı elmi məktəbin yetirməsi olan 60-dan çox alim təkcə Azərbaycanda deyil, bir sıra xarici ölkələrdə də həkimlik və elmi fəaliyyətlərini uğurla davam etdirirlər, tibb elmimizin fəxri kimi səhiyyənin inkişafına dəyərli töhfələr verirlər.
Görkəmli alim elmi-ictimai fəaliyyətinə və xidmətlərinə görə Ulu Öndər Heydər Əliyevin Sərəncamı ilə 1996-cı ildə "Şöhrət" ordeni, 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə "Şərəf" ordeni və Azərbaycanda tibb elminin inkişafında roluna, tibb kadrlarının yetişdirilməsində uzunmüddətli səmərəli fəaliyyətinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilib.
Üç il bundan əvvəl, dekabrın 16-da dünyasını dəyişən tanınmış elm xadimi, ictimai xadim, minlərlə anaya körpələri ilə birlikdə şəfa verən təbib Adilə Namazovanın əziz xatirəsi onun elmi məktəbini keçmiş böyük bir həkim nəslinin və həyat verdiyi minlərlə insanın xatirəsində daim yaşayacaqdır.
Təranə Tağı-zadə
Azərbaycan Tibb Universitetinin II Uşaq xəstəlikləri kafedrasının dosenti, Azərbaycan Pediatrlar Assosiasiyasının sədri, tibb üzrə fəlsəfə doktoru