Türkiyənin Ankara Universiteti tərəfindən Bakı Dövlət Universitetinin (BDU) Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları üçün təlim proqramlarına start verilib.
BDU-dan "Tehsil.biz"ə bildirilib ki, təlim proqramları bu ali məktəb ilə Ankara Universiteti arasında 2022-ci il avqustun 16-da imzalanmış akademik əməkdaşlıq protokolu çərçivəsində reallaşdırılır. Təlimdə iştirak etmək üçün BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin əməkdaşları Ankara Universitetinə ezam olunublar. Onlar Ankara Universitetinin “AgriGenomik” texnokəndində yeni nəsil sekvensləmə metodları ilə tanış olacaqlar.
BDU-nun Tədqiqat, İnkişaf və İnnovasiyalar üzrə Mükəmməllik Mərkəzinin nəzdində qurulacaq Sekvensləmə Mərkəzində çalışacaq əməkdaşlar üçün gələcəkdə də intensiv təlim proqramlarının keçirilməsi davam etdiriləcək.
