Logo

İnformasiya Texnologiyaları İnstitutu istedadlı şagirdə hamilik edir

13.09.2023 11:58 248 baxış
IMG

Elm və Təhsil Nazirliyinin İnformasiya Texnologiyaları İnstitutu süni intellektə, xüsusilə təbii dilin emalı və dərin təlim texnologiyalarına böyük maraq göstərən LANDAU Məktəbinin 11-ci sinif şagirdi Mehdi Rəsula elmi tədqiqatların aparılmasında hamilik edib.

İnstitutdan "Tehsil.biz"ə bildirilib ki, istedadlı yeniyetmə Mehdi Rəsulun süni intellekt texnologiyalarının ən aktual, aktiv tədqiq olunan sahələrindən biri olan təbii dilin emalı problemlərinə marağını nəzərə alaraq, onun bu sahədə araşdırma aparmasına dəstək olub.

Nəticədə Mehdi Rəsul tərəfindən hazırlanan “Comparative analysis of machine learning algorithms for sentiment analysis of texts in Azerbaijani and English” (“Azərbaycan və ingilis dillərində mətnlərin sentiment analizi üçün maşın təlimi alqoritmlərinin müqayisəli təhlili”) adlı məqalə institutun “Problems of Information Technology” elmi-praktik jurnalında dərc olunub.

Məqalədə Azərbaycan və ingilis dillərindəki mətnlərin sentiment analizi üçün müxtəlif maşın təlimi alqoritmlərinin müqayisəsi aparılıb. İngilis və Azərbaycan dilli mətnlər üçün alınmış nəticələrin analizi göstərib ki, təbii dilin emalında, xüsusilə mətnlərin sentiment analizində yüksək dəqiqlik əldə etmək üçün milli dil korpuslarının böyük əhəmiyyəti var.

Qeyd edək ki, gənc tədqiqatçı “Python”, “Numpy” və “Javascript” kimi proqramlaşdırma dillərini dərindən mənimsəyib. O, həmçinin “Cisco Networking Academy”, “Python Institute”, “Computing Technology Industry Association” (CompTIA) və s. beynəlxalq informasiya texnologiyaları korporasiyaların proqramlarını uğurla başa vurduğuna görə bu təşkilatların sertifikatları ilə təltif olunub.

Mehdi Rəsul 2021 və 2022-ci illərdə “CyberMath Academy” onlayn platformasının təşkil etdiyi müsabiqənin qalibi, 2022-ci ildə Amerika Riyaziyyat Olimpiadasının iştirakçısı olub.

Xəbər lenti