Bakı Mühəndislik Universitetində (BMU) 2023/2024-cü tədris ilinə hazırlıq vəziyyəti, o cümlədən qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunan müşavirə keçirilib.
Tehsil.biz xəbər verir ki, tədbirdə Prezident İlham Əliyevin rəhbərliyi ilə təhsil sahəsində gerçəkləşdirilən islahatları vurğulayan BMU-nun rektoru, professor Havar Məmmədov ali təhsilin müxtəlif istiqamətlərində əldə edilən uğurlu nəticələri diqqətə çatdırıb.
Yeni tədris ilinin başlanması münasibətilə təbriklərini dilə gətirən Havar Məmmədov BMU-ya qəbul üzrə göstəricilərə toxunub, Koreya Respublikasının İNHA Universiteti ilə birgə icra olunan tam dövlət təqaüdlü beynəlxalq ikili diplom prqoramının 2023/2024-cü tədris ili üzrə qəbul planının 100% dolduğunu bildirib. Hazırda BMU-ya yeni qəbul olunan abituriyentlərin qeydiyyatının davam etdiyini, prosesin 14 sentyabr tarixində başa çatacağını bildirən rektor ilkin göstəricilərin müsbət olduğunu deyib.
Rektor BMU-ya 2023/2024-cü tədris ili üçün magistratura səviyyəsi və MBA proqramı üzrə qəbul planın isə 99,7 faiz dolduğunu fikirlərinə əlavə edib.
Sonra BMU-nun yeni dərs ilinə hazırlığından bəhs edən Havar Məmmədov auditoriyaların tədris prosesinə hazırlığı, ilk kurs tələbələri ilə işin aparılması və s. məsələləri önə çəkib, müvafiq tapşırıq və tövsiyələrini verib.