Logo

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5409 gənc qəbul olunub

15.09.2023 13:19 207 baxış
IMG

Bakı Dövlət Universitetində (BDU) 2023-2024-cü tədris ili başlayıb. BDU-da ilk dərslər Azərbaycan xalqının Ümummilli Lideri, universitetin dünya şöhrətli məzunu Heydər Əliyevə həsr olunub.

Bu barədə "Tehsil.biz"ə BDU-dan məlumat verilib.

Bildirilib ki, bu tədris ilində BDU-da 86 ixtisas, 264 ixtisaslaşma üzrə kadr hazırlığı həyata keçirilir. Universitetdə bakalavriat səviyyəsi üzrə 21610 tələbə təhsil alır. Onlardan 7281-i kişi, 14329-u qadındır. BDU-nun bakalavriaturasında təhsil alan tələbələrin 15093-ü dövlət sifarişi əsasında, 6516 nəfəri ödənişli əsaslarla oxuyur.

Yeni tədris ilində BDU-nun bakalavriat səviyyəsinə 5409 nəfər qəbul olunub. Qəbul olunan gənclərin 267-si 600-dən, 839-u 500-dən yuxarı bal toplayıb.

BDU-nun magistraturasında 2146 tələbə təhsil alır.

2023-2024-cü tədris ili üzrə BDU-nun bakalavriat və magistratura səviyyələrində və “SABAH” qruplarında yeni ixtisaslar açılıb.

Bakalavriat səviyyəsi üzrə “Statistika” ixtisası Beynəlxalq münasibətlər və iqtisadiyyat, “Meliorasiya mühəndisliyi” ixtisası Geologiya, “Muzey, arxiv işi və abidələrin qorunması” ixtisası isə İnformasiya və sənəd menecmenti fakültələrində tədris olunacaq.

Magistratura səviyyəsi üzrə “Tərcümə (ərəb dili üzrə)” ixtisaslaşması Şərqşünaslıq, “Davamlı inkişafda təbii ehtiyatların idarə edilməsi” ixtisaslaşması Coğrafiya, “Gömrük ekspertizası” ixtisaslaşması isə Kimya fakültəsində tədris ediləcək.

BDU-nun “SABAH” qruplarında isə bakalavriat səviyyəsində mövcud 9 ixtisasdan əlavə 3 yeni ixtisas (“Azərbaycan dili və ədəbiyyatı müəllimliyi”, “Biotexnologiya”, “Torpaqşünaslıq və aqrokimya”) əlavə edilib.

“SABAH” qruplarında magistratura səviyyəsi üzrə 2023-2024-cü tədris ilindən 6 yeni ixtisaslaşmaya (“Ehtimal nəzəriyyəsi və statistika”, “Əməliyyatlar tədqiqi və sistemli təhlil”, “Optimallaşdırma və optimal idarəetmə”, “Nanohissəciklər fizikası”, “Kimyəvi kinetika və kataliz”, “Molekulyar biologiya”) qəbul aparılıb.

BDU-nun nəzdində İqtisadiyyat və Humanitar Kollecdə 1539 tələbə, “Gənc istedadlar” liseyində 654 şagird təhsil alır.

Xəbər lenti