Logo

Amerikalı mütəxəssis MDU-da pedaqoji fəaliyyətə başlayıb - FOTO

17.09.2023 12:53 166 baxış
IMG

2023/2024-cü tədris ilində ABŞ Dövlət Departamenti tərəfindən dəstəklənən İngilis dili Mütəxəssisləri (English Language Fellows) proqramı çərçivəsində TESOL mütəxəssisi Anna Cannon Mingəçevir Dövlət Universitetində (MDU) pedaqoji fəaliyyətə başlayıb.

MDU-dan "Tehsil.biz"ə bildirilib ki, bu münasibətlə sentyabrın 14-də MDU-nun rektoru Şahin Bayramov qonaq mütəxəssis ilə görüşüb.

Qonağı salamlayan Ş.Bayramov amerikalı mütəxəssisin MDU-da fəaliyyətə başlamasından məmnunluğunu ifadə edib. MDU-da İngilis dili tədrisinin keyfiyyətinin yüksəldilməsi, tələbə və əməkdaşların ingilis dili biliklərinin inkişaf etdirilməsi, ingilis dili müəllimlərinin peşəkarlığının artırılması istiqamətində görülən işlərdən söhbət açan rektor, A.Cannonun bu istiqamətdə əhəmiyyətli töhfələr verəcəyinə inandığını söyləyib.

Səmimi görüşə və göstərilən diqqətə görə təşəkkürünü bildirən A.Cannon yeni dövrün universitetinə çevrilməyi hədəfləyən MDU-da çalışmaqdan məmnunluğunu dilə gətirib və universitetin potensialının gücləndirilməsinə xidmət edəcək akademik fəaliyyətinin səmərəli nəticələr verəcəyinə əminliyini ifadə edib.

Qeyd edək ki, qonaq mütəxəssis MDU-da bir il ərzində fəaliyyət göstərəcəkdir. Bununla bağlı bütün xərclər ABŞ Dövlət Departamentinin İngilis dili Mütəxəssisləri (English Language Fellows) proqramı tərəfindən qarşılanacaqdır.

Xəbər lenti