Logo

Gənclər Kitabxanası elektron məlumat bazasını istifadəçilərə təqdim edib

17.09.2023 18:08 209 baxış
IMG

Cəfər Cabbarlı adına Respublika Gənclər Kitabxanasında Azərbaycan Yazıçılar Birliyi və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, “Ədəbiyyat” qəzetinin baş redaktoru, filologiya üzrə fəlsəfə doktoru, Əməkdar mədəniyyət işçisi Azər Turanın 60 illik yubileyi münasibətilə elektron məlumat bazası hazırlanıb.

Tehsil.biz xəbər verir ki, bu barədə kitabxanadan bildirilib.

Kitabxana əməkdaşları tərəfindən hazırlanan elektron məlumat bazasında çağdaş Azərbaycan ədəbiyyatşünaslığında Azər Turan imzası, Azərbaycan xalqının zəngin ədəbiyyatının, mədəniyyətinin tədqiqi və təbliği sahəsində əvəzsiz xidmətləri haqqında məlumat verilir. Elektron məlumat bazasında Azər Turanın həyat və yaradıcılığı, görkəmli şəxslərin onun haqqında söylədikləri dəyərli fikirlər, müəllifi olduğu kitablar, xarici dillərdə çap edilən nəşrlər, məqalələr, dissertasiyalar və müsahibələr təqdim edilir. Məlumat bazasında müəllifin filmoqrafiyası, video və foto qalereyası da yer alır.

Elektron məlumat bazası ilə yanaşı kitabxanada Azər Turanın həyat və yaradıcılığından bəhs edən “Çağdaş ədəbiyyatşünaslığın Azər Turan səhifəsi-60” adlı geniş videomaterial da hazırlanıb. Materialda yazıçının bioqrafiyası, bədii və publisistik fəaliyyəti haqqında geniş məlumat təqdim olunur. Videomaterialda Azər Turanın müəllifi olduğu “Cavidnamə” əsəri ilə XX əsrin əvvəllərinin ədəbi mühitini mükəmməl araşdıraraq, əhəmiyyətli tarixi faktları üzə çıxarması, görkəmli yazıçı, dramaturq Hüseyn Cavidin ömür yoluna işıq tutması, yaradıcılığının tarixi, elmi, ədəbi, teoloji qaynaqlarını araşdırması diqqətə çatdırılır.

Materialda Azər Turanın Azərbaycan ədəbiyyatı, onun görkəmli simaları haqqında söylədiyi dəyərli fikirlər, Hüseyn Cavidin qızı Turan Cavid ilə olan xatirələri də yer alır.

Hazırlanmış material kitabxananın rəsmi saytında və sosial şəbəkələrində yerləşdirilib.

Xəbər lenti