Logo

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert imtahanına qeydiyyat başlanıb

18.09.2023 11:17 184 baxış
IMG

Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün Aqrar Sığorta Fondunun keçirdiyi təlimləri müvəffəqiyyətlə başa vurmuş şəxslərin müvafiq müstəqil ekspert sertifikatı növü üzrə test imtahanına qeydiyyatı başlanıb.

Dövlət İmtahan Mərkəzindən (DİM) "Tehsil.biz"ə bildirilib ki, qeydiyyat oktyabrın 13-dək davam edəcək. İmtahan oktyabrın 15-də DİM-in Nəsimi rayonu, Ə.Salamzadə küçəsi, 28 (keçmiş Bakı Asiya Universitetinin binası) ünvanında yerləşən binasında xüsusi ayrılmış zallarda elektron formada keçiriləcək.

Namizədlər DİM-in internet saytında “Şəxsi kabinet” yaratmalı, “Aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatı almaq istəyən namizədlər üçün test imtahanına onlayn qeydiyyat” xidməti vasitəsilə qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişlidir. Namizədlər “Şəxsi kabinet” yaratdıqdan sonra həmin kabinetin pul hesabına imtahanda iştirak üçün tələb olunan 94.40 AZN (ƏDV daxil olmaqla) məbləğində pul vəsaitini əlavə etməlidirlər. Qeydiyyatdan keçmiş imtahanda iştirak etməyən namizədlərin ödədiyi məbləğ geri qaytarılmır.

İmtahan Aqrar Sığorta Fondu tərəfindən təşkil olunmuş təlim proqramına dair açıq və qapalı tipli test tapşırıqlarını əhatə edir. Toplanılması mümkün olan ümumi (maksimal) bal 60-dır. 36 və daha yüksək bal toplamış namizədlər imtahandan müvəffəqiyyətlə keçmiş hesab edilirlər və onlara aqrar sığorta fəaliyyəti üzrə müstəqil ekspert sertifikatının müvafiq növü verilir.

Xəbər lenti