Logo

Mərkəzi Elmi Kitabxanada Milli Musiqi Gününə həsr olunan sərgi açılıb

18.09.2023 18:45 250 baxış
IMG

AMEA-nın Mərkəzi Elmi Kitabxanasında (MEK) “18 Sentyabr – Milli Musiqi Günü” adlı ənənəvi sərgi təşkil olunub.

MEK-dən "Tehsil.biz"ə bildirilib ki, sərgidə Azərbaycanın çoxəsrlik musiqi mədəniyyətini əks etdirən əsərlər nümayiş olunur. Bunların sırasında Üzeyir Hacıbəyli, Fikrət Əmirov, Qara Qarayev kimi dahi sənətkarların opera, musiqili komediya, kantata, fantaziya, mahnı və romansları, kamera və xor əsərləri yer alır. Həmçinin sərgidə Azərbaycan musiqişünaslığında xanəndəlik sənətinin tarixini və inkişafını özündə əks etdirən “Space of Mugam” (ingilis dilində) toplusu, Fəxrəddin Əlinin “Azərbaycan muğamı miniatürlərdə”, “Ustad xanəndələr”, “Gənc xanəndələr”, “Qarabağ xanəndələri”, “Muğam dəstgahları”, “Muğam ensiklopediyası”, Lətifəxanım Əliyevanın “Muğamın meracı” kimi dəyərli nəşrləri də nümayiş etdirilir.

Bundan başqa, klassik, xalq, aşıq musiqisi, milli rəqs sənəti, musiqi alətlərimiz və s. haqqında “Üzeyirşünaslıq” (Fərəh Əliyeva), “Fikrət Əmirov” (Səadət Təhmirazqızı), “Səhnəmizin Ağ çiçəyi” (Mustafa Çəmənli), “Qara Qarayev tələbələrinin xatirəsində”, “Violonçel, fortepiano və simfonik orkestr üçün ikili konsert partitura” (Süleyman Ələsgərov), “Azərbaycan çalğı alətləri dünyanı valeh edir” (Səadət Abdullayeva), “Səhnə fədailəri” trilogiyası (İlham Rəhimli) kimi kitablar da sərgilənir.

Yüksək bədii-estetik dəyəri olan əsərlərdən ibarət sərgi cari ayın sonunadək davam edəcək.

Xəbər lenti