Logo

Akademik Rəfiqə Əliyevanın anadan olmasından 91 il ötür

20.09.2023 11:07 285 baxış
IMG

Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) həqiqi üzvü, kimya elmləri doktoru, professor, əməkdar elm xadimi Rəfiqə xanım Əliyevanın anadan olmasından 91 il keçir.

Tehsil.biz xəbər verir ki, görkəmli alim, akademik Rəfiqə Əlirza qızı Əliyeva onu tanıyanların yaddaşında əsl Azərbaycan qadını, elm fədaisi və humanist qəlbli insan kimi yaşayır, işıqlı xatirəsi daim ehtiramla anılır.

Rəfiqə Əliyeva 1932-ci il sentyabrın 20-də Naxçıvan şəhərində anadan olub. Ali təhsilini 1951–1956-cı illərdə Bakı Dövlət Universitetinin Kimya fakültəsində alıb. Əmək fəaliyyətinə 1956-cı ildə Azərbaycan Politexnik İnstitutunda başlayan Rəfiqə Əliyeva 1957-ci ildən etibarən BDU-da, 1958-1960-cı illərdə isə Azərbaycan Elmlər Akademiyasının Kimya Problemləri İnstitutunda kiçik elmi işçi kimi çalışıb. 1960-1963-cü illərdə BDU-nun Kimya fakültəsinin aspiranturasında təhsil alan Rəfiqə Əliyeva 1964-cü ildən ömrünün sonuna qədər Universitetin Analitik kimya kafedrasında işləyib və burada assistent, baş müəllim, dosent, professor vəzifələrini tutub. O, 2001-ci ildən “Ekoloji kimya və ətraf mühitin mühafizəsi” elmi-tədqiqat laboratoriyasına rəhbərlik edib.

Rəfiqə Əliyeva 1970-ci ildə namizədlik, 1999-cu ildə doktorluq dissertasiyalarını müdafiə edib və həmin ildə professor adına layiq görülüb. 2007-ci ildə Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, 2014-cü ildə isə həqiqi üzvü seçilib. O, Azərbaycanın elm tarixində analitik kimya ixtisası üzrə ilk və yeganə akademik kimi qalır. Görkəmli akademik 2017-ci il mayın 6-da əbədiyyətə qovuşub.

Ömrünü kimya elminə həsr etmiş Rəfiqə Əliyeva bu sahədə yüksəkixtisaslı kadrların hazırlanmasına bütün bilik və bacarığını sərf edib. Yarım əsrdən artıq pedaqoji fəaliyyətlə məşğul olan alimin araşdırmaları analitik reaksiyaları xarakterizə edən parametrlərlə kompleks birləşmələrin quruluşu arasındakı asılılığın müəyyən edilməsinə həsr olunub. Rəfiqə xanımın ətraf mühitin mühafizəsi ilə bilavasitə bağlı olan bir sıra tədqiqatları, eyni zamanda, üzvi reaktivlərin köməyi ilə metalların təyini və onların ayrılması metodikasının işlənib hazırlanmasına yönəlib. Ekologiyanın aktual problemləri ilə bağlı işləri isə ölkəmizin davamlı inkişafının təmin olunmasına öz töhfəsini verib.

450-dən artıq elmi əsərin, 25 dərslik və dərs vəsaitinin, 20 patentin müəllifi olan Rəfiqə Əliyeva bir sıra elmi şuraların və cəmiyyətlərin üzvü olub. Alimin rəhbərliyi altında 20-dən çox fəlsəfə və elmlər doktoru yetişib.

Akademik Rəfiqə Əliyevanın elmi-pedaqoji fəaliyyəti Azərbaycan dövləti tərəfindən layiqincə qiymətləndirilib. Azərbaycan Prezidentinin sərəncamı ilə o, “Əməkdar elm xadimi” adına layiq görülüb, “Şöhrət” ordeni ilə təltif edilib. Akademik Y. Məmmədəliyev adına mükafatın laureatı olan Rəfiqə Əliyeva Nyu-York Elmlər Akademiyasının həqiqi üzvü, Amerika Biblioqrafiya İnstitutu tərəfindən “2001-ci ilin adamı” və “2001-ci ilin işgüzar qadını” seçilib. 2018-ci ildə “Azərbaycanım” Beynəlxalq Jurnalının redaksiya şurası “Akademik Rəfiqə Əliyeva adına Qızıl Orden” təsis edib.

Onun ekologiyaya və ümumi ekologiyaya aid dərs vəsaitləri isə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Həsən Əliyev adına mükafatı ilə qiymətləndirilib.

Xəbər lenti