Təhsildə Keyfiyyət Təminatı Agentliyinin (TKTA) təşəbbüsü, İqtisadi Araşdırmalar və Tədris Mərkəzinin (İATM) təşkilati dəstəyi ilə formal təhsilə çıxış imkanı olmayan vətəndaşların əməliyyatçı-mühasib peşə ixtisası üzrə qeyri-formal və informal yollarla əldə edilmiş bacarıq, səriştə və təcrübələrinin qiymətləndirilməsi aparılıb.
Bu barədə "Tehsil.biz"ə TKTA-dan bildirilib.
Qeyd olunub ki, İATM ilə Agentlik arasında əməkdaşlıq çərçivəsində daha öncə bilikləri qiymətləndirilərək nəzəri imtahandan uğurla keçən ərizəçilərin bacarıq və səriştələrinin qiymətləndirilməsi məqsədilə keçirilən praktiki imtahan sözügedən şirkətin istehsalat bazasında təşkil edilib.
TKTA-nın nümayəndəsinin sədrlik etdiyi Qiymətləndirmə Komissiyasına Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədrinin müşaviri Fuad Mehdizadə, İATM-in təsisçisi və prezidenti Radil Fətullayev üzv kimi, sahə üzrə müstəqil ekspert qismində isə “Azəriqaz”ın mühasibi İlkin Məmmədzadə və İATM-in tədris xidmətləri üzrə meneceri Nail Mikayılov cəlb ediliblər.
Yekunda komissiya tərəfindən aparılan qiymətləndirmə prosesində yüksək nəticə göstərmiş ərizəçilər əməliyyatçı mühasib peşə ixtisası üzrə sertifikatla təltif olunacaqlar.
Qeyd edək ki, qiymətləndirmədə iştirak edən ərizəçilər uzun müddət əməliyyatçı mühasib peşəsi üzrə fəaliyyət göstərən şəxslərdir. Belə ki, Təhsildə Keyfiyyət Təminatı Agentliyi tərəfindən təqdim edilən sertifikat həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rol oynayacaq.