Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən mənzil təsərrüfat xidməti üzrə mütəxəssis peşə ixtisası imtahanlarında yüksək nəticə göstərən namizədlərin dövlət nümunəli sənədlə təltifolunma mərasimi keçirilib.
Bu barədə "Tehsil.biz"ə agentlikdən məlumat verilib.
Agentliyin İdarə Heyətinin sədrinin müavini Kamran Rəsulov qeyri-formal və informal təhsilin qiymətləndirilməsi və tanınması sahəsində ötən dövr ərzində görülmüş işlər barədə və işəgötürmə prosesindən danışaraq, imtahanlardan uğurla keçən namizədləri təbrik edib.
Tədbirdə peşə təhsilinin ölkəmizdəki cari vəziyyəti və formal təhsil ala bilməyən, müxtəlif peşə sahələrində çalışan vətəndaşların peşəkar fəaliyyəti ilə bağlı müzakirələrə geniş yer ayrılıb. Həmçinin TKTA tərəfindən təqdim edilən sertifikatın həmin şəxslərin əmək bazarına inteqrasiyasında, məşğulluq imkanlarının genişləndirilməsində, eləcə də ömürboyu təhsildə iştiraklarının stimullaşdırılmasında əhəmiyyətli rolundan danışılıb.
Tədbirin sonunda bilik və bacarıqları yüksək qiymətləndirilən ərizəçilərə müvafiq modullar üzrə sertifikatlar təqdim olunub.