Logo

Otit - Rəşid Bərgüşadlının yeni hekayəsi

23.09.2023 20:31 249 baxış
IMG

Kulis.az Rəşid Bərgüşadlının "Otit" adlı yeni hekayəsini təqdim edir.

Ehmalca örtülən qapı kilidinin səsinə gözlərini açdı.
– Salam. Yatmışdınız, oyatdım, üzürlü sayın, – polis mundirində gülərüz biriydi. – Kapitan Rəsul Səfərov. 38-ci polis bölməsinin əməliyyat müvəkkiliyəm. Hadisəylə bağlı bəzi detalları dəqiqləşdirmək üçün gəlmişəm. Bir az vaxtınızı almağa etiraz etmirsiniz ki? Həkiminizdən icazə almışam...
– Əyləşin, ayaqüstə qalmayın, – böyrüstə çönmək istəyəndə ağrıdan ağzını büzdü.
– Necəsiniz, özünüzü necə hiss edirsiniz,?
– Dünən həkim idim, bu gün xəstə. Sabah da məzara qoyulsam heyrətlənmərəm...
– Hər gün qarşılaşdığımız acı mənzərədir, – söz ürəyinə yatmışdı, qımışdı – Həkimlər nə deyir, daxili orqanlardan zədələnən varmı?
– Bıçaq dalağı azca deşib. Əməliyyat ediblər. Dediklərinə görə həyati təhlükə minimumdur.
– Keçmiş olsun. Olar qeydlər götürüm, sizə ağır olmaz ki?
– Yox, buyurun. Prosedur tələbidir...
– Haqqında qısaca məlumat istəyəcəyəm... – kağız-qələmini hazırladı.
– Quliyev Fərrux Cavanşir oğlu. 23 saylı poliklinikanın otolarinqoloqu. Ömür vəfa etsə 45-ci yaşımı iki aydan sonra tamamlayacağam.
– O-to-lari...?
– Qısaca lor yazın, qulaq-burun-boğaz həkimi.
– Həkim-lor... Necə oldu hadisə?
– Dünən günortaüstüydü. Xeyli pasient qəbul etmişdim. Ac və yorğunuydum. Səhər yeməyini də yeməmişdim. Naharda uşağı yolüstü hazırlıq kursundan götürüb evdə yeməyi planlaşdırmışdım. Növbəti xəstəm qadın idi. Başdan ayağa qara geymiş, başını kip bağlamış bir qadın. Əriylə gəlmişdi. Peşəsini soruşsaydılar, eşitmədən-bilmədən birbaşa qəssabdır deyərdim. Təzə ət iyi verirdi – ya ət doğramışdı, ya da kəlləpaça yemişdi. Çox nataraz adamıydı əri. Soruşdum xəstə kimdir, qadın dilləndi ki, mən...

* * *

– Şikayətiniz nədir?
– Qulağım ağrıyır... – başını yerdən qaldırmadan cavab verirdi.
– Sizcə, nədən sonra başlayıb ağrı? Məsələn, yaxın vaxtlarda zökəm olmusunuzmu, qızdırmanız varmı, ya udqunma zamanı ağrınız, qulağınızdan ifrazat axırmı, eşitmənizdə nəsə dəyişiklik hiss edirsinizmi?
– Hamısı var.
– Neçə gündür ağrıyır qulağınız?
– Bir aydan çox.
– Bəs niyə indi gəlirsiniz həkimə? Qulaq ağrılarına dözmək çətin işdir axı...

Üzümə baxmadan sadəcə çiyinlərini çəkdi. Normalda xəstə bütün dərdini həkimə xırdalığınadək danışar ki, həkim də düzgün müalicə təyin eləsin, amma bunun ağzından sözü kəlbətinlə qoparırdım. Problemli ailə olduqları göz qabağında idi. Ərinin bir qulağı bizdə, digər qulağı telefondakı “tik-tok”da idi.
– Ağrıyan qulağınızı açın, – lor cihazını qoşub zondunu götürdüm, ucunu spirtlə dezinfeksiya elədim.
– Niyə?
– Qulağınıza baxacam.
– Dərdimi dedim də, illahdır bu mərəti qulağıma salasan?
– Anlamadım...
– Qulaq dərmanı yaz, gedim.
– Bacı, ağrının səbəbini təyin etmədən dərmanı necə yaza bilərəm?
– Həkim deyilsən?
– Bəlkə qulaq zarı yırtılıb, infeksiya daxili qulağa keçib. Mən çarşabın üstündənmi baxım qulağınıza? Molla deyiləm ki, dua oxuyub qulağınıza püfləyəm, – “sən”lə danışmağı məni lap hövsələdən çıxarırdı.
– Molla duası sənin reseptindən daha şəfalıdır! – aha, deyəsən qadın dil açırdı!
– Onda xahiş edirəm, vaxtımı çox almayın, siz mollaya müraciət edin, – aparatı söndürüb zondu yerinə taxdım.
– Sən indi mənim arvadımın qulağını əlləməsən dərman yazmayacaqsan? – kişinin şıntır-miyəntək qoxusu birbaş üzümə vurdu.
– Nə qulağını əlləyirəm, nə də dərman yazıram və xahiş edirəm başqa həkimə gedin. Qəbulda xəstələr gözləyir, vaxtımı almayın.
– Deyəsən başın bədəninə ağırlıq eliyir, bu nə cür danışıqdır?! – anidən pörtdü hirsindən.
– Canım qardaşım, bax, mən həkiməm. Dərdə dəva yazmaq üçün mən xəstəliyin səbəbini bilməliyəm. Bunu başa düşmək çoxmu çətindir? – hikkəmi bir qədər azaltmaq istədim. – Qulaq xəstəliklərini də təyin etmək üçün elm bu cihazı kəşf edib.
– Nə cihazıdı bu?
– NET-600 seriyasından olan otorinolarinqoloji endoskop. Ucunda kamera olan zonddur. Bununla qulağın içinə girirsən, vəziyyəti isə bax bu ekranda görürsən. Bir şey anladın?
– Bu zondu gün ərzində neçə nəfərin qulağına dürtürsən? – amma kişinin hirsi səngimirdi.
– Olsun əlli, yüz, lap min nəfərin. Bunun nə dəxli var. Hər dəfəsində dezinfeksiya edirik.
– Nəylə?
– Spirtlə.
– Bax buna görə də arvadım bu mərəti onun qulağına soxmağını istəmir.
– Mən də bunu anlatmağa cəhd edirəm ki, bunu arvadının qulağına soxmadan müalicə üçün dəva-dərman yaza bilməyəcəm.
– Cəhənnəmə yaz! Heç olmazsa, xəstəliyin adını bilirsənmi?
– Ya rəbb, səbr ver mənə... Mən otitdən şübhələnirəm. Amma dəqiqləşdirmək lazımdır ki, otit hələ xarici qulaqdadır, yoxsa daxili qulağa da keçib. Bəlkə irinli otitdir, ya da iltihabi proses inkişaf edərək abses, sepsis yaradıb? Lap razısınızsa mən çıxım eşiyə, sən salfet kağızda xanımın qulaq dəliyi boyda deşik açıb qulağını ört, gəlim və o dəlikdən baxım. Qorxma, arvadına nə nəfəsim toxunar, nə də əlim, – bir az da cinləndirsəydim əri məni bir yumuruğa aşırardı.
– Apsis-mapsisi saxla özünə, damcı dərmanlardan yaz, düzələcək.
– İrinli proseslərdə qulaq damcıları, spirtli kompreslər yazmaq olmaz, başa düş. Amma necə başa düşəsən, sən belə şeylərdən anlamazsan ki. Gör mən vaxtımı nəyə sərf edirəm, ilahi – daxili telefonla mühafizə xidmətindən yardım istədim. Mühafizənin rəisi Kamran özü gəldi.
– Kamran bəy, bu pasiyentlər problem yaradır, xahiş edirəm onları otaqdan və poliklinika ərazisindən çıxarasınız.
– Pah! Əmr elə, lap Xəzərə tullasınlar! Ə, dılğır otit, biz səninçün zir-zibilik?! – yumruq atdı ki, çənəmi sındırsin, Kamran tutdu. Yumruğu çənəmdə qıl yazdı.
– Dılğır özünsən, yekəpər heyvərə! Gəl qara mütəkkəni də vur qoltuğuna, cəhənnəm ol burdan! – özümdə deyildim artıq.
– Mənə deyirsən “mütəkkə”? – xəstə ayaqüstəydi və hər an qara pişik kimi üzümü cırmaqlamağa hazır idi.
– Mütəkkə olmasın, qaraçuxa olsun, lap qara yapıncı olsun! Çarşabı o qədər sıxmısan ki, beyninə qan da işləmir!.. Anlamaq istəmirsən ki, qulağın müalicə olunmasa, kar olacaqsan. Burnunu çəkə-çəkə qalmısan, bəlkə də artıq adenoidə cərrahi müdaxilədə gecikirsən. Din, qara çarşab sənə canından əzizdirsə, onda həkimə gəlmə, get molla səni diri-diri basdırsın!
– İki eşşəyin arpasını bölə bilməyən sənin kimi avaraya diplom verənin var-yoxuna lənət!... – əri Kamranın güclü qolları arasından qurtulmaq üçün çabalayırdı. Söyüşün biri qara qəpikdən də ucuz idi.
– A qanmaz, orta məktəbi qızıl medalla, sonra da səkkiz il İstanbulun kirayələrində ömrümü çürüdərək təhsilimi qırmızı həkim diplomuyla ona görə bitirməmişəm ki, sonda gəlib sizin kimi iki eşşəyin arpasını böləm!
– Bərəkallah! Heç düzəlməmisən... – qadın bunu deyib qapının arasından sivişdi bayıra. Kamran da kişini birtəhər itələyib qapını örtdü. Gözləmə otağında “qəssabın” səsi kəsiləndən sonra başımı qucaqlayıb oturdum kətilə, – Allah, sən bu insanlara zorbalıq əvəzinə bir az da ağıl versəydin nolardı...

Daha işləyə bilməzdim, hirsimdən əllərim əsirdi. Xəstənin həkim qəbulu çeki mizin üstündə qalmışdı. Baxdım, adı Nuranə Məmmədova idi. “Heyif belə gözəl addan. Sənin adın Nuranə yox, Ərəbzəngi olmalıydı!” – kağızı hirslə ovcumda əzib zibil qabına tulladım.

Gözləyən pasientlərdən üzr istəyərək qəbulu nahardan sonraya dəyişdim və baş həkimdən icazə alıb bir-iki saatlığa evə yollandım...

İş saatının axırlarıydı. Qəbulda iki-üç xəstəm qalmışdı. Kabinetdə xəstənin qulağını yuyurdum. Qəfildən qapı çırpıldı, “Eşşək sənin dədəndi!” deməyilə bıçağı arxadan böyrümə saplayıb qaçmağı bir oldu. Gözlərimi reanimasiyada açanda əməliyyat olunmuşdum artıq...

* * *

– Bax belə, cənab polis. Məmləkətimizdə hələ də həkimin ona toxunmağını naməhrəmlik şkalasına salan ruhi xəstələr var. Din opium kimi beyinlərinə, qanlarına sirayət edib bunların.

Bir xeyli ordan-burdan söhbətləşəndən sonra kapitan Səfərov sanki bayaqdan deməyə duruxduğu məsələnin üstünü açdı:
– İşdi-şayət, ayağınıza düşsə, yalvarıb-yaxarsa, o adamı bağışlayarsınızmı? – amma ağzındakı “loxma” bununla bitənə oxşamırdı.
– Siz nə danışırsınız! O adam deyil ki! Elə adamı bağışlamaq meşədə ayı ilə bir mağarada yaşamaqdır. Belə tərbiyəsiz, vəhşi adamları nə qədər təcrid eləsək cəmiyyət o qədər rahat nəfəs alar. Əgər sizə nəsə təklif edibsə, birmərrə qulağınızda sırğa edin, mən o zırramanı mütləq layiq olduğu qəfəsə saldıracağam və fikrimdən dönən deyiləm!
– Sözdü, dedim, özünüz bilərsiniz. Amma belə görünür ki, siz də aydan arı-sudan duru deyilsiniz. Camaatın dini inancına qarşı bir az kobud hərəkət edib ərini qısqandırmısınız...
– Mən qısqandırmışam?! O cür qarayüklü arvadla bir yataqda ancaq iyrənc leş yatar... Sən onun ərini görsən əmin olarsan ki, cəngəllikdə elə vəhşi yoxdur.
– Görmüşəm, söhbət də etmişəm, amma nədənsə mən sən deyənləri onda görmədim, – artıq ikisi də səs tonunu qaldırıb “sən”lə danışırdılar.
– Görməmisənsə, qarnının ayrı dərdi var! Məni artıq yorma və xahiş edirəm, çıx otaqdan. Bir də bu “bağışlama” söhbətiylə kimsə yanıma gəlməsin!..
– Adam cinayəti törətdikdən sonra polisə könüllü təslim olub, peşiman olduğunu bildirib və səndən üzr istəməyə hazırdı. Arvadı da ona itin sözünü dedi.
– Adam yox, əsl ayıdır o! O arvadın əri elə o cür vəhşi olmalıdır. Arvad deyil, qulağını həkimə göstərməyən Ərəbzəngidir... – zibil qabına atdığı kağız parçası gözünün qarşısında dil açdı, - “Məni tanımadın”... Rəngi qəfil ayazıdı.
– Çox acıdil adamsınız.
– O qadının soyadı, atasının adı nədir?.. Ayının arvadını deyirəm...
– Dindirmə protokolunda olmalıdır, qoy baxım... – qovluqdakı kağız-kuğuzu könülsüz eşələdi, – Aha.., Nuranə.
– Atasının adı...
– Məmmədova Nuranə Yaqub qızı. Nədi, tanış gəlir?
– Belə çıxır ki, hər yoldan ötən qoluzorba yelbeyin bıçağı saplasın böyrümə, sonra da gəlsin ki, peşimanam, mən də bağışlayım? Bu nə çürük məntiqdir! Çıxın otaqdan!.. Ordan həkimi də çağırın bura!...

Polis narazı halda, başını bulaya-bulaya qapını örtüb çıxandan sonra gözləri bərəldi, nəfəsi boğazında düyünləndi. Həyacanla pıçıldadı: – Yoxsa bu sən idin!? Məmmədova Nuranə Yaqub qızı... Nuranəm, mənim mələk Nuranəm... Hə, vallah, o idi! İlahi, insan nə qədər dəyişərmiş... Doyunca sevişmədiyim, hansısa “vurağan öküz”ə ərə gedəcəyini deyib birdəfəlik qeybə çəkilən gülərüz Nuranəm!... Arxa sıra partada hər belini qucanda, “Sən heç düzəlməyəcəksən!” - deyən, gözəl sevgilim. Mən nə qalınqabıq adamam, ilahi! Mənə bu da azdır!.. Sənin qulağın ağrımırdı, sən məni görməyə gəlmişdin, zavallı mələyim. Bəlkə də köməyimə ehtiyacın varmış. Amma nigaran qalma, ömrünü qara əskiyə bükən o vurağan öküzdən səni mütləq xilas edəcəyəm! O heyvərəni bağışlamayacağam!..

Tibb bacısı içəri girdi: – Doktor, məni çağırmısınız?
– Hə, zəhmət olmazsa, təzyiqimi ölçün, bir də sakitləşdirici verin mənə...

20 sentyabr 2023

Xəbər lenti