Sentyabrın 25-də AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda 27 Sentyabr – Anım Günü ilə bağlı tədbir keçirilib.
Bu barədə "Tehsil.biz"ə institutdan məlumat verilib.
Bildirilib ki, tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
AMEA-nın vitse-prezidenti vəzifəsini icra edən, Şərqşünaslıq İnstitutunun baş direktoru akademik Gövhər Baxşəliyeva 2020-ci il sentyabrın 27-də Ermənistan tərəfindən genişmiqyaslı hərbi təxribatın qarşılığında düşmənin həmlələrini dəf etmək və təcavüzünə son qoymaq məqsədilə Silahlı Qüvvələrin Ali Baş Komandanı, Prezident İlham Əliyevin dərhal bütün cəbhəboyu əks-hücuma keçmək əmri ilə qəhrəman hərbçilərimizin Ermənistan silahlı qüvvələrini darmadağın etdiyini, nüfuzlu beynəlxalq təşkilatların, qüdrətli dövlətlərin nizamlaya bilmədikləri problemi cəmi 44 günə həll etdiyini deyib.
G.Baxşəliyeva Prezident İlham Əliyevin titanik fəaliyyəti nəticəsində əldə edilən siyasi, diplomatik uğurların bu Qələbəyə zəmin yaratdığını söyləyib, xalqımızın həmrəylik nümayiş etdirərək Azərbaycan Ordusunun əks-hücumları qarşısında aciz qalan Ermənistanın 30 illik işğalçılıq siyasətinə son qoyulduğunu, ölkənin ərazi bütövlüyünün, tarixi ədalətin, beynəlxalq hüququn bərpa edildiyini, bu Zəfərin Azərbaycan tarixinə qızıl hərflərlə yazıldığını bildirib.
O, Vətən müharibəsinin bizim şanlı tariximiz, şəhidlərin qürur mənbəyimiz olduğunu söyləyib. Ölkə rəhbərinin müvafiq Sərəncamına əsasən təsis edilən Anım Gününün Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, ölkəmizin ərazi bütövlüyü yolunda canlarından keçmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizə dərin ehtiramın ifadəsi olduğunu, torpaqlarımızı öz qanı-canı bahasına azad edən qəhrəman şəhidlərimizin xatirəsinin həmişə ehtiramla yad ediləcəyini deyib.
Akademik G.Baxşəliyeva bu il sentyabrın 19-da həyata keçirilən lokal antiterror tədbirlərindən də söz açıb, 24 saatdan az vaxtda başa çatdırılan bu tədbirlər nəticəsində erməni silahlı qüvvələrinin Qarabağda tam təslim olduqlarını qeyd edib.
Tədbirdə Şərqşünaslıq İnstitutunun Şərq-Qərb şöbəsinin müdiri Məmmədəli Babaşlı, institutun aparıcı elmi işçisi Vüqar Məmmədov və digər çıxış edənlər Vətən müharibəsində Azərbaycan xalqının birlik nümayiş etdirərək böyük Zəfər qazandığı, bu Qələbədə hərbçilərimizin, o cümlədən gənclərin göstərdiyi şücaətin əsl vətənpərvərlik nümunəsi olduğunu deyib, şəhidlərin xatirəsinin həmişə uca tutulacağını bildiriblər.