25-26 sentyabr 2023-cü il tarixlərində “Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək” texniki yardım layihəsi çərçivəsində “Emosional zəka” mövzusunda təlim keçirilib. Təlimdə Dövlət İmtahan Mərkəzinin (DİM) 18 əməkdaşı iştirak edib.
DİM-dən "Tehsil.biz"ə bildirilib ki, təlimin ilk günü iştirakçılarla emosional zəkanın 5 komponenti olan özünü dərketmə, özünü tənzimləmə, empatiya, motivasiya və sosial bacarıqlar barədə təqdimatlar nümayiş olunub, dəyərlərin müəyyənləşdirilməsi, eləcə də iştirakçıların emosional zəkasının ölçülməsi üzrə tapşırıqlar edilib.
Təlimin ikinci günü tranzaksional analiz, emosiyalar və reaksiyalar, onların idarə edilməsi, ünsiyyət modeli, ünsiyyət tərzi, konstruktiv rəy barədə müzakirələr aparılıb, həmçinin fərdi və qrup tapşırıqları kimi interaktiv metodlardan istifadə edilib.
Təlimin sonunda iştirakçılara layihənin eksperti Gülzar Quliyeva tərəfindən sertifikatlar təqdim edilib.
Xatırladaq ki, Avropa İttifaqı tərəfindən maliyyələşdirilən "Azərbaycanda dövlət qulluğu sistemində islahatlara dəstək" 2022-2023 texniki yardım layihəsi “Azərbaycan Respublikasında dövlət qulluğunun inkişafına dair 2019-2025-ci illər üçün Strategiya”nın həyata keçirilməsinə töhfə vermək məqsədi daşıyır.